28 May

Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 99 ili tamam olur. Bu müsəlman Şərqində ilk demokratik respublikanın və Azərbaycan dövlətçiliyinin bərpa edildiyi gündür. Azərbaycanın İstiqlal Bəyannaməsi Azərbaycan Milli Şurası tərəfindən ərəb əlifbası ilə Azərbaycan dilində 1918-ci il 27 mayda tərtib edilmiş və Həsən bəy Ağayev, Fətəli xan Xoyski, Nəsib bəy Yusifbəyli, Camo bəy Hacınski, Şəfi bəy Rüstəmbəyli, Nəriman bəy Nərimanbəyov, Cavad Məlik-Yeqanov, Mustafa Mahmudov tərəfindən imzalanmış, 28 may tarixində Tiflis şəhərində, keçmiş Qafqaz canişinin iqamətgahında keçirilən iclasda (iclasa Həsən bəy Ağayev sədrlik etmişdir) qəbul edilmişdir. Altı bənddən ibarət olan Bəyannamə (Əqdnamə və ya Misaqi-milli) Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyini rəsmən elan edən sənəddir. İstiqlal Bəyannaməsinin orijinal əlyazması Azərbaycan Respublikası Dövlət Arxivində, azərbaycan və fransız dillərində orijinal nüsxələr isə Azərbaycan Milli Elmlər Akademiyası Azərbaycan Tarix Muzeyində saxlanılır. Azərbaycan öz dövlət müstəqilliyini bərpa edəndən (1991) sonra Azərbaycan Respublikasının prezidentinin fərmanı ilə (1992) 28 may – Respublika günü elan edilərək, hər il dövlət və ümumxalq bayramı kimi təntənəli şəkildə qeyd olunur.

Azərbaycan Tarix Qurumu İctimai Birliyi 28 may Respublika günü münasibəti ilə Azərbaycan xalqını təbrik edir.

Müstəqilliyimiz daimi və əbədi olsun!!!

Azərbaycan Tarix Qurumu

Əqdnamə

Əqdnamə

Azərbaycanın İstiqlal Bəyannaməsinin orijinal əlyazması. Azərbaycan Respublikası Dövlət Arxivi