19 Apr

Azərbaycan Tarix Qurumunun alimləri, t.ü.f.d. İradə Məmmədova, t.ü.f.d. Yeganə Çağlayan, t.ü.f.d. Elvira Lətifova, Ümid Niayeş 10-13 aprel 2017-ci il tarixində Türk Tarih Qurumu və Qazi Universitetinin əməkdaşlığı ilə Türkiyə Cümhuriyyətinin Ankara şəhərində keçirilmiş “Tarix və Tarixçilik” mövzusunda beynəlxalq simpoziumda iştirak ediblər. Türk dünyasının görkəmli alimi Xəlil İnalcığa həsr olunmuş simpoziumda Azərbaycan Tarix Qurumunun sədr müavini t.ü.f.d. İradə Məmmədova “Azərbaycanda xanlıqlar dövrünün əhalisinin araşdırma metodları və mənbələr” mövzusunda məruzə ilə çıxış edib, onun məruzəsi maraqla qarşılanıb, eyni zamanda simpoziumun bağlanış mərasimində dəyərləndirmə bölməsinə dəvət edilib və Azərbaycanı təmsil edən alimlərin məqalələrini dəyərləndirib. ATQ-nin digər üzvləri t.ü.f.d. Yeganə Çağlayan “İqtisadi tarixin Kaliforniya məktəbi,” t.ü.f.d. Elvira Lətifova “Ortaq türk tarixinin yazılmasında Qafqazdan Anadoluya qədər uzanan türk adlarına dair müqayisəli çalışmaların önəmi” və Ümid Niayeşin “İranda Türk tarixçiliyi; rəsmi tarixdə türklər və türklərin öz tarixini yazma səyləri (1925-2016)” mövzusunda məqalələri də maraqla qarşılanmışdır.

Bu simpoziumda Azərbaycanın digər alimləri də müxtəlif mövzularda məruzə ilə çıxış etmişlər: fil.ü.f.d. Cavidə Məmmədova “Ədəbiyyatın tarixi araşdırılmalarda önəmi”, t.ü.f.d. Cavid Qasımov “Məhşur tarixçi Ziya Bünyadovun sovet dönəmi və sonrası Azərbaycanda Osmanlı tarixi çalışmalarına qatqısı”, prof., t.e.d. Musa Qasımlı “Azərbaycan Cümhuriyyətində tarix araşdırmalarının bəzi metodoloji problemlərinə dair”, prof., t.e.d. Nərgiz Əliyeva “İslam tarixçiliyində elmi bioqrafik əsərlər”, t.ü.f.d. Könül Əsədli “Azərbaycanda etnoqrafik materyalların və müzeylərin tarix tədrisində rolu”, fil.ü.f.d. Fidan Qasımova “Tarix və folklor əlaqələri”, t.ü.f.d. Zivər Hüseynli “XVI əsrdə Səfəvi qaynaqlarında Türk mənliyinə dair bir araşdırma”, t.ü.f.d.  Elnurə Əzizova “Milli tarixin yazılmasında dəyişkənlik və daimilik; Sovet və post-sovet Azərbaycan tarixçiliyində Türkiyə, İran və Rusiya örnəyinin qarşılıqlı analizi (tarix dərs kitabları çərçivəsində)”, t.ü.f.d. Sevinc Qasımova “Azərbaycan tarixçiliyinin inkişafı, perspektivləri; sovet və post-sovet dövrü tarixçiliyində fərqli yanaşmalar və baxışlar (müqayisəli analiz)”, t.ü.f.d. Ziyad Əmrahovun “Tarixi araşdırma növləri və quruluşu”, t.ü.f.d. Səbinə Nemətzadə və t.ü.f.d. Tahirə Nurəliyevanın həmmüəllif olduqları “Türk-İslam tarixçiliyində sfragistika (Bakı əlyazma kolleksiyalarındakı möhürlər əsasında)”,  Ruhəngiz Kərimlinin “Azərbaycan Demokratik Respublikasının tarixi 1920-30-cu illər Sovet tarixşünaslığında”.

Qeyd edək ki, bu simpoziumda Azərbaycan ilə yanaşı, Türkiyə, Rusiya, Litva, Ukrayna, Qazaxıstan, Rumıniya, Albaniya, Qırğızıstan, İran, İraq və Əlcəzairdən olan tarixçi-alim və tədqiqatçılar da iştirak ediblər.