25 Fev

 

XX əsrin ən dəhşətli faciələrindən biri Xocalı soyqırımı təsadüfmüdür? Yox! Azərbaycan xalqı 200 il ərzində erməni millətçi şovinistlərinin davamlı olaraq etnik təmizləmə, soyqırım siyasətinə məruz qalmışdır.

Bəs səbəb nədir ki, ermənilər azərbaycanlılara qarşı belə siyasət yeridirlər. Məsələ burasındadır ki, ermənilər gəlmə xalq olduqlarından və öz əraziləri olmadığından digərlərinin ərazilərinə göz dikmişlər.

Məlumdur ki, ermənilərin əcdadları friqlərlə e.ö. I minilliyin əvvəllərində Balkanlardan Anadoluya, Van gölünün cənub-qərbində gəlib məskən salmışdır. “Arminiya” adı orada əvvəl də var idi. Onun adı ilə qonşular yeni gələnləri “arminlər”, “ermenlər” adlandırırdılar.

XIX əsrin əvvələrində Cənubi Qafqazı işğal edən Rusiya çarizmi regionda özünə etnik-sosial dayaq yaratmaq məqsədi ilə İrandan və Türkiyədən erməniləri kütləvi surətdə köçürüb Şimali Azərbaycan torpaqlarında – ilk növbədə İrəvan və Qarabağ xanlıqları ərazisində yerləşdirilməyə başladı. 1918 – ci ildə ermənilər əzəli Azərbaycan torpağı olan İrəvan və onun ətrafında öz dövlətini qurmağa nail oldular. Lakin onların iştahları daha böyük idi. SSRİ-də “yenidənqurma” dövrü başlayanda baş katib Qarbaçovun ətrafında xeyli erməni olmasından istifadə edərək 1987 –ci ilin oktyabrından Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayətinin ətraf ərazisi işğal etməyə başladılar, 200 minə yaxın azərbaycanlını Ermənistandakı dədə-baba torpaqlarından qovuldular.

Təcavüzü genişləndirən erməni quldurları azərbaycanlılar arasında  vahimə yaradıb onları qovmağa məcbur  etmək üçün dəhşətli terror əməli gerçəkləşdirməyi qərara aldılar.

Niyə görə Xocalı hədəf seçildi?

7 min əhalı olan Xocalı Xankəndidən 10 km cənub-şərqdə, Qarabağ dağ silsiləsində və Ağdam-Şuşa, Əsgəran-Xankəndi yollarının üstündə yerləşirdi.

Xocalını işğal etməklə ermənilər bir tərəfdən Qarabağın dağlıq hissəsində azərbaycanlılardan ibarət olan, strateji əhəmiyyətli maneəni aradan qaldırırdılarsa, digər tərəfdən ümumiyyətlə, bu şəhəri yer üzündən birdəfəlik silmək istəyirdilər. Çünki Xocalı Azərbaycan tarixinin qədim dövrlərindən müasir dövrə qədər tarix və mədəniyyət ənənələrini özündə əks etdirən yaşayış məskəni idi. Bu xüsusi mədəniyyət tarixi Xocalı-Gədəbəy mədəniyyəti kimi düşmüşdür.[1]

Sonralar erməni tərəfi etiraf etmişdir ki, erməni silahlı dəstələrin əsas vəzifəsi Xocalı platsdarmının məhv edilməsi, bu məntəqədən keçən Əsgəran – Xankəndi yolunun boşaldılması və aeroportun ələ keçirilməsi idi.

Xocalı 1991-ci ilin oktyabırından blokadada idi. 30 oktyabırdan şəhərə aparan bütün avtomobil yolları bağlanmış, yegənə nəqliyyət vasitəsi vertalyot qalmışdı.

28 Yanvar 1992-cı ili Şuşa səmasında mülkü vertalyotun vulurması, içindəki 40 nəfər azərbaycanlının həlak olması ilə şəhərlə əlaqə kəsildi. Şəhərin müdafiəsi əsasən avtomat və ov tüfəngləri ilə silahlanmış yerli özünümüdafiə dəstəsi, yerli milis qüvvələri və Milli ordunun döyüşçülərindən təşkil olunmuşdu.

Fevralın ikinci yarısından başlayaraq Xocalı erməni silahlı dəstələri tərəfindən mühasirəyə alınmışdı və hər gün toplardan, ağır texnikadan atəşlərə, həmlələrə məruz qalırdı.

Xocalıya hücum fevralın 25 axşam 366-cı alayın hərbi texnikasının döyüş mövqelərini çıxması ilə başladı. 2 saat toplar, tanklar, “Alazan” tipli zenit toplardan atəş açıldı, sonra üç istiqamətdə hücum oldu. Əhali açıq qalan Əsgəran istiqamətində qaçmağa başladı. Bu hiylə imiş. Naxçıvanik kəndi yaxınlığında əhalinin qarşısı erməni silahlı dəstələri tərəfindən kəsildi və gülləbarana tutuldu.

Qarlı aşırımlarda meşələrdə zəifləmiş, taqətdən düşmüş insanların çoxu məhz Əsgəran-Naxçıvanik düzündə xüsusi qəddarlıqla məhv edildi.

Bir məqama da diqqət yetirək: İranın Xarici işlər naziri Ə.Vilayəti fevalın 20-də Azərbaycan rəhbərləri ilə görüşmüş, iki tərəfin razılığı ilə fevralın 27-dən martın 1-dək üç günlük atəşkəs elan olunmuşdur. Demək arxayınçılıq yaradılmışdı.

Həmin günlərdə Azərbaycan qüvvələri Xocalı sakinlərinin köməyinə çata bilmədi, hətta meyitləri götürmək mümkün olmadı.Bu zaman isə ermənilər vertalyotlarla, ağ geyimli xüsusi qruplarla meşələrdə gizlənmiş insanları axtarır, aşkar edilənləri əsir götürüb, işgəncələrə məruz qoyurdular.

Fevralın 20-də tərkibində yerli jurnalistlərin də olduğu iki vertalyot azərbaycanlıların həlak olduqları yerə çata bildi.Dəhşətli mənzərə: düzənlik cəsədlərlə dolu idi. İkinci vertalyotun havadan mühafisəsinə  baxmayaraq cəmi 4 meyit götürmək mümkün oldu. Martın 1-də yerli və xarici jurnalistlər hadisə yerində daha dəhşətli hadisə müşahidə etdilər. Meyitlərin skalplarının götürülməsi, qulaqlarının və digər orqanlarının kəsilməsi, gözlərinin çıxarılması, çoxsaylı bıçaq və güllə yaraları, ağır texnika ilə əzilmələr, yandırılma halları aşkar edilmişdir.

Xocalıda əsl soyqırım gerçəkləşdirdi. 3 min əhali qalmışdı ki, bunlar 613 nəfəri qətlə yetirildi, 1 minə yaxın güllə yarasından əlil oldu, 1275 nəfər girov götürüldü. Öldürülənlərdən 106-cı qadın, 63-ü azyaşlı uşaq, 70-i qoca idi. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 nəfər valideynlərdən birini itirdi.

Ermənilər sağ qalmış insanlar üzərində də təhqiredici hərəkətlər həyata keçirilmişdir. Onların başının dərisini soymuş, başları və bədəninin digər orqanlarını kəsmiş, uşaqların gözlərini çıxarmış, hamilə qadınların qarnını yarmışlar.

Ümummilli lider H.Əliyev Xocalı faciəsi ilə bağlı demişdir:

 “Bütovlükdə Azərbaycan xalqına yönəlmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insanı cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırım, eyni zamanda bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir”.

 Xocalı I Qarabağ müharibəsindəki ağır məğlubiyyətlərimizin biri idi. Bəs bu müharibədə biz niyə məğlub olduq? Bizim hazırlıqsız yaxalanmağımız, o zamankı respublika rəhbərliyinin və hərbi “sərkərdə” lərin səriştəsiz rəhbərliyi, Rusiyanın ermənilərə yardımı; biz informasiya müharibəsində də uduzurduq və s.

Biz I Qarabağ müharibəsində uduzmuşuq, ancaq hələ təslim olmamışıq. Biz qalib gəlmək üçün nə etməliyik?

  1. Sülh danışıqlarını davam etdirməklə yanaşı, müharibəyə, həm də çox ciddi hazırlaşmalı;
  2. İnformasiya müharibəsində artıq xeyrli uğurumuz var, bunu davam etdirməli, dünyada özümüz üçün əlverişli məqam hazırlamalı.
  3. Problemin həlli, beynəlxalq güclərdən, xüsusən də Rusiyadan çox asılıdır.
  4. Gənclərdə vətənpərvərlik tərbiyəsini aşılamaq. Biz Qarabağı müvəqqəti itirmişik. Ancaq şüurumuzda qalır. Vay o gündən ki, yaddaşdan silinsin. Onda birdəfəlik itirmiş olarıq.

Cinayət cəzasız qalmamalıdır. Azərbaycan xalqı 1948-ci il 9 dekabr “Soyqırım cinayətinin qarşısı alınması və cəzalandırılması” konvensiyasını rəhbər tutaraq ermənilərə qarşısı BMT-nin Beynəlxalq məhkəməsində iddia qaldırmaq hüququna malikdir. Ermənistanda mühüm dövlət vəzifələri tutanlar – Seyran Ohanyan, Serj Sarkisyan, eləcə də R.Köçəryan və digərləri baş vermiş soyqırımın günahkarları kimi beynəlxalq məhkəmə qarşısında cavab verməlidirlər. Xocalı soyqırımına beynəlxalq siyasi-hüquqi qiymət verilməlidir.

Dağlıq Qarabağ münaqişəsinin hüquqi baxımdan tənzimlənməsi və Xocalı soyqırımının hüquqi təhlili problemlərinin öyrənilməsi göstərir ki, beynəlxalq hüququn bir sıra ciddi problemlərinin həlli vaxtı çatmışdır. BMT-nin qəbul etdiyi bir sıra konvensiyalar müasir dövrün tələblərinə cavab vermir, köhnəlmişdir, ayrı-ayrı normalar mükəmməl hesab edilə bilməz, eyni məsələlər üzrə müxtəlif vaxtlarda qəbul edilən konvensiyalar işlək deyildir, dövlətdaxili qanunlarla beynəlxalq hüquq normaları arasında aşkar uyğunsuzluqlar vardır, onların icra mexanizmləri yoxdur.[2]

Hazırda Xocalı soyqırımının tanınması Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilmişdir. Azərbaycandan başqa, Xocalını tam səviyyədə qətliam kimi Pakistan və Sudan tanıyır. Faciəni parlament səviyyəsində qətliam kimi Meksika, Kolumbiya, Çexiya, Bosniya və Herseqovina, Peru, Honduras, Panama, İordaniya və Rumıniya tanıyır. İndiyədək ABŞ-ın 21 ştatı Xocalını qətliam kimi tanıyan sənəd qəbul edib.

Bu hadisə Azərbaycanda “Xocalı soyqırımı” kimi, digər ölkələrdə isə “Xocalı qətliamı” kimi anılır. Xocalı soyqırımının xatirəsinə 6 ölkədə 9-dan çox abidələr ucaldılıb.[3]

Azərbaycan Ombudsmanı Elmira Süleymanova bildirib ki: “Təəssüf ki, insan hüquqlarının kütləvi və kobud şəkildə pozulması ilə nəticələnmiş Xocalı soyqırımına hələ də beynəlxalq miqyasda hüquqi qiymət verilməyib, terrorçu əməllərə qarşı qəti tədbirlər görülməyib. Xocalı soyqırımını törədən erməni terrorçuları və onların havadarları tezliklə cinayət məsuliyyətinə cəlb edilməlidir. Beynəlxalq təşkilatların məlum münaqişənin həllinə yönəlmiş səyləri ikili standartlara yol vermədən, beynəlxalq hüquq norma və prinsiplərinə tam uyğun həyata keçirilməli, Ermənistan işğalçı, təcavüzkar siyasətdən, ərazi iddialarından əl çəkərək, bu münaqişə ilə bağlı qəbul edilmiş beynəlxalq sənədlərin müddəalarını yerinə yetirməli, Azərbaycanın ərazi bütövlüyü tam bərpa olunmalı, azərbaycanlı qaçqın və məcburi köçkünlərin pozulmuş hüquqları bərpa edilərək onlar öz doğma yurdlarına dönməli, əsir və girovlar azad olunmalı, Ermənistan dövlətinə qarşı səlahiyyətli beynəlxalq qurumlar tərəfindən sanksiyalar tətbiq edilməlidir”.[4] Geniş vüsət almış “Xocalıya ədalət” kampaniyası çərçivəsində gerçəkləşdirilən tədbirlərin nəticəsi olaraq dünyanın birsıra ölkələrində bu soyqırımla bağlı müvafiq qərarlar qəbul edilsə də, belə ağır hərbi cinayət beynəlxalq miqyasda hələ ki, öz hüquqi qiymətini almamışdır.[5]

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi davam etdikcə Xocalı soyqırımının beynəlxalq səviyyədə tanıdılması xüsusi önəm kəsb edir. Bu, Dağlıq Qarabağın həqiqətən də Azərbaycan torpaqları olduğu faktının, azərbaycanlıların bu münaqişədə zərər­ çəkən tərəf qismində olmasının beynəlxalq ictimaiyyət tərəfindən mütləq şəkildə qəbul olunması baxımından praktiki əhəmiyyətə malikdir. Başqa sözlə, Dağlıq Qarabağ münaqişəsi reallıqlarının dünya ictimaiyyətinə çatdırılması və Xocalı soyqırımının tanıdılması prosesi paralel aparılmalıdır.[6]

Türklərin yaratdığı qədim maddi-mədəniyyət nümunəsiydi Xocalı. Türkün tarixinin qədim zamanlarının qorunduğu, mühafizə olunduğu dünyanın ən qədim mərkəzlərindən olan bu şəhər təkcə son əsrdə bir neçə dəfə erməni terrorunun hədəfinə çevrildi. Tarixiliyi və zənginliyi paralel şəkildə özündə yaşadan “Xocalı” toponiminə fikir vermək gərəkdir. “Xoca” türkcə ağ-saqqal, “böyük” mənasını daşıyaraq hörmət əlamətini bildirir. Bəli, təkcə Azərbaycan türklərinin deyil, dünyanın “ağsaqqal” şəhəriydi Xocalı. İndi əsirlikdədir. Yüzlərlə türk övladı kimi soyulur, sökülür, dağıdılır. Dünyanın ən qədim tarix nümunələri kimi çox az axtarılıb, üzə çıxarılıb öyrənilən arxeoloji mənbələrin sayı etibarilə Xocalı yüzlərlə elmi əsərlərin, monoqrafiyaların, dissertasiyaların mövzusudur.[7]

 

T.e.d., Prof. Tofiq Mustafazadə,

Pərvanə Rüstəmova və Nərmin Qafarlı tərəfindən hazırlanmışdır.

 

[1] Xocalı – 1992.Heydər Əliyev İrsini Araşdırma Mərkəzi. Məsləhətçi: Asəf Nadirov. Baki – 2014. С.56

[2] Bəhram Zahidov. Xocalı genosidi: hüquqi baxış. “Respublika”.-2015.-15 fevral.-N 36.-S.6. Bax: Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi Prezident kitabxanası S.313

[3] Xocalı faciəsi. Vikipedia Açıq Ensiklopediya.

[4] Azərbaycan Ombudsmanının Xocalı soyqırımı ilə əlaqədar bəyanatı.  Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi Prezident kitabxanası. AzərTAc 23 fevral 2010-cu il. -http://files.preslib.az/projects/khojali/azkhojali/gl2.pdf //13.02.2017

[5] Xocalı soyqırımının iyirmi beşinci ildönümü haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

(24 yanvar 2017-ci il). Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi Prezident kitabxanası.  http://files.preslib.az/projects/khojali/azkhojali/gl2.pdf  //13.02.2017

[6] Xocalı Soyqırımı (20) il (1992-2012). Azərbaycan Respublikası Milli Məclisi Apatarının Analitik İnformasiya Şöbəsi İnformasiya-tədqiqatı sektoru., Bakı – 2012

[7] Akif Aşırlı. Türkün Xocalı soyqırımı Bakı, “Nurlan”, 2005.  S.12


Qaynaqlar:

  1. Akif Aşırlı. Türkün Xocalı soyqırımı Bakı, “Nurlan”, 2005. 12
  2. Bəhram Zahidov. Xocalı genosidi: hüquqi baxış. “Respublika”.-2015.-15 fevral.-N 36.-S.6. Bax: Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi Prezident kitabxanası S.313
  3. Xocalı – 1992.Heydər Əliyev İrsini Araşdırma Mərkəzi. Məsləhətçi: Asəf Nadirov. Baki – 2014. С.56
  4. Xocalı Soyqırımı (20) il (1992-2012). Azərbaycan Respublikası Milli Məclisi Aparatın analitik İnformasiya şöbəsi informasiya-tədqiqat sektoru, Baki -2012

İnternet resurları:

  1. Xocalı faciəsi.Vikipedia Açıq Ensiklopediya
  2. XocalısoyqırımınıniyirmibeşinciildönümühaqqındaAzərbaycanRespublikasıPrezidentininSərəncamı (24 yanvar 2017-ci il). Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi Prezident kitabxanası. [http://files.preslib.az/projects/khojali/azkhojali/gl2.pdf] //13.02.2017
  3. Azərbaycan Ombudsmanının Xocalı soyqırımı ilə əlaqədar bəyanatı. Azərbaycan  Respublikası Prezidentinin İşlər İdarəsi Prezident kitabxanası. AzərTAc 23 fevral 2010-cu il. [http://files.preslib.az/projects/khojali/azkhojali/gl2.pdf] //13.02.2017