25 Fev

 

       Bəşirova Aynur Əlövsət qızı

siyasət elmləri üzrə fəlsəfə doktoru

AMEA Tarix İnstitutunun

“Ümumi tarix” şöbəsinin

“Amerikaşünaslıq” bölməsinin rəhbəri

 

Açar sözlər: Azərbaycan-ABŞ münasibətləri, Xocalı faciəsi, elit qəzet, Nyu York Tayms, media-siyasət münasibətləri, xəbər jurnalistikası, rəy jurnalistikası

Key words: Azerbaijan-USA realtions, elit newspaper, New York Times, Khojaly massacre, news journalism, opinion journalism

Summary

         In the beginning of the last decade of the XX century the role of print media, particularly such elite newspapers as the New York Times and the Washington Post, in formulation of foreign countries’ images, public opinion has been tremendously high. Since February 1988, when the conflict over Nagorno Karabakh started, covering of Azerbaijan has become a priority in the news policy of the NYT. By 1992 the preliminary framing of county has been almost finished. While examining news journalism and opinion journalism approaches in covering Khojaly massacre the author discovers that opinion journalism could really prevail over the facts and news journalism.

   Beynəlxalq münasibətlərin tədqiqində medianın siyasi kommunikasiya prosesinə təsirinin öyrənilməsi tədqiqatın vacib aspektlərindən biri sayılmalıdır. Bu mənada müstəqilliyin ilk illərində Azərbaycan-ABŞ münasibətlərini araşdırarkən bir məsələni kəsinliklə nəzərdən qaçırmaq olmaz – 90-ci illərin əvvəllərində ənənəvi media hələ də hakim media idi. Bu isə o demək idi ki, ABŞ mediasında xüsusi çəkisi olan, elit qəzetlər sayılan “Nyu York Tayms” və “Vaşinqton Post” hadisələrin işıqlandırılmasında, xarici ölkələrin imiclərinin və ictimai rəyin formalaşdırılmasında, qərar qəbul etmə prosesində nüfuzlu söz sahibləri idilər.

        1988-ci ildən başlayaraq “Nyu York Tayms”ın post-sovet respublikası olan Azərbaycana marağını şərtləndirən ən vacib hadisə Dağlıq Qarabağ münaqişəsi idi. Fikrimcə, münaqişənin başlandığı 1988-cu ilin fevralından atəşkəsin əldə olunduğu 1994-cü ilin mayına qədər olan dövrdə “Nyu York Tayms”ın bir qəzet kimi siyasətini öyrənmək üçün ən maraqlı hadisə XX əsrin ən böyük faciələrdən biri olan Xocalı faciəsinin qəzetdə işıqlandırılması ola bilər. Xocalı faciəsinin örnək olay kimi öyrənilməsi ilk növbədə, qəzetinin xəbər və rəy səhifələri arasında balansın, media-siyasət münasibətlərinin araşdırılması baxımından aktualdır.

       “Nyu York Tayms”da Xocalı soyqırımı barədə 11 material 1992-ci ilin 27 fevral – 17 mart tarixləri arasında dərc edilib. Bu materialların arasında, əsasən, isti xəbərlər, reportajlar geniş yer alsa da, rəy jurnalistikasına aid edilə biləcək 2 məqalə və bir oxucu məktubu vardır.

        “Reuters” agentliyinə istinadən yayılmış 27 fevral tarixli “Ermənilər       azərbaycanlılarla yeni döyüşü udurlar” adlanan birinci xəbərdə deyilir: “Azərbaycan Xalq Cəbhəsinə əsasən, “İnterfaks” bildirir ki, Xocalı şəhəri külə döndərilib, evlər yandırılıb, mülki əhali qətlə yetirilib. Müstəqil xəbər agentlikləri məlumat verirlər ki, erməni döyüşçüləri Azərbaycanın nəzarəti altında olan əsas aeroportu ələ keçirib. Ermənistanın paytaxtı Yerevandan erməni parlamentinin spikeri hadisəni qiymətləndirərək deyib ki, bu, ermənilərin böyük qələbəsidir” [2].

       “Reuters”, “Frans Press”, “Azərinform” agentliklərinə əsasən verilmiş 2 mart tarixli ikinci xəbər fotoqraf Fredirik Lengenyanın hadisə yerindən fotoları ilə müşayiət olunur. Ağdamdan verilən bu xəbərdə hadisənin ermənilər tərəfindən azərbaycanlılara qarşı qətl olduğu, meyitlərin kəllə sümüklərinin çıxarılması bildirilir. “Reuters”in fotoqrafı Fredirik Lengenya azərbaycanlıların cəsədləri ilə dolu iki maşın qoşqusu gördüyünü söyləyir: “Birinci maşında mən 35 cəsəd saydım, ikincidə də bir o qədər olardı. Bəzi  cəsədlərin başı kəsilmişdi, çoxu yandırılmışdı. Onların hamısı kişi idi, yalnız bir-ikisinin əynində xaki rəngli uniforma vardı” [3].

         Martın 8-də işıq üzü görən “Qafqazdakı etnik müharibə qırğının yeni qatlarını açır” adlı məqalənin müəllifi artıq “Nyu York Tayms”ın müxbiridır. Francis X. Clines martın 5-də Ağdamda, bir gün sonra isə Bakıda olur. Müxbiri Azərbaycana gətirən faciənin özü deyil, onun siyasi nəticələri – Azərbaycan Prezidenti A. Mütəllibovun istefası olsa da, o, belə bir siyasi dönüşə səbəb olan hadisənin acı mənzərəsini oxucuya çatdıra bilir: “Ağdam məscidinin işçisi Haqverdi Hacıyev bu günlər ərzində güllələnmiş uşaqların, eybəcər hala salınmış yaşlıların cəsədlərini yuyur….O, başı kəsilmiş növbəti kişi meyitini dəhşətə gələ-gələ kəfənə bükərək deyir: “Fevralın 26-dan 200 meyit yumuşam, onların bir qismi parça-parça olsalar da, dəfn edilməlidirlər” [5].

          Qeyd olunan material təkcə Xocalı faciəsinin portretini yaratmaq baxımından deyil, həm də digər iki məqamına görə önəmlidir. Bunlardan birincisi, Dağlıq Qarabağ münaqişəsinin çərçivələnməsi, digəri isə Buş administrasiyasının münaqişəyə münasibətinin bir daha açıqlanmasıdır.

       Müəllif münaqişənin çərçivələnməsində 1988-ci ildən bəri istifadə olunan dini amilə üstünlük verərək hər iki yazıda hadisənin xristian-islam qarşıdurması kimi dəfələrlə təqdim edir: “Ötən həftələrdə Dağlıq Qarabağda qalan müsəlman azərbaycanlıların azlığı, on minlərlə adam, xristian ermənilərlə münaqişədə anklavı tərk edib xilas olmaq üçün geri çəkilməli oldu” [6].

          Qeyd edək ki, dini çərçivələmənin bu qədər uzunömürlü olmasının, 1992-ci il boyu davam etməsinin səbəblərindən biri də məsələyə fərqli bir yanaşma tərzinin çox nadir hallarda təqdim olunmasıdır. Bu da qeyd edilməlidir ki, Türkiyənin “məsələnin xristian-müsəlman müharibəsinə çevrilməməsi” [9], ona “xristian- müsəlman qarşıdurması çaları verilməməsi” [5] üçün göstərdiyi səylər daha güclü siyasi institutun – administrasiyanın dəstəyini tapdığı təqdirdə əməli ola bilərdi. Lakin 1992-ci ildə Buş administrasiyasının Qafqaz siyasəti kifayət qədər ehtiyatlı olaraq belə bir ehtimalın gerçəkləşməsini istisna edirdi: “Buş administrasiyası Qafqazda və Mərkəzi Asiyadakı siyasi proseslərə çox böyük ehtiyatla müdaxilə etməkdədir. Dövlət katibi C. Beyker regiona alovlu və ambisioz səfəri zamanı vurğulamışdır ki, Ağ ev Dağlıq Qarabağ münaqişəsinin Livansayağı dilemmasına və onun qarışıq siyasətinə qarışmaq niyyətində deyil” [1].

          Buş administrasiyasının məsələyə ehtiyatlı münasibəti mətbu orqanda əks-təsir yaradaraq siyasət-media münasibətlərində təzahür edir. Bu münasibətlərin xarakteri 1992-ci ilin fevralında baş vermiş Xocalı faciəsi zamanı, martdan etibarən ermənilərin Dağlıq Qarabağ və Naxçıvanda döyüş əməliyyatlarını genişləndirərək əraziyə nəzarət etdikləri aylarda daha qabarıq şəkildə üzə çıxırdı.

          Xocalı faciəsi barədə qəzetin həm informasiya agentliklərinin, həm də öz müxbirlərinin materiallarına əsasən verdiyi xəbərlərdə hadisənin vandalizm aktı olduğu şübhə doğurmur. Lakin yuxarıda təhlil olunan materiallar – xəbərlər həmin günlər hadisəyə həsr edilmiş yazıların yalnız bir qismidir.

          Xocalı hadisəsi və Dağlıq Qarabağ münaqişəsi barədə ən çox material martın səkkizində işıq üzü görür. Həmin gün Ağdamdan reportajla yanaşı, Denis Heveysinin “Ermənistan – Azərbaycan mübarizəsi: imperiya irsi” və Serj Şeymenin “Qan qisası dərinləşməkdədir” məqalələri dərc edilir. Bunlar atrıq xəbər deyil, rəy jurnalistikasıdır.

          Denis Heveysi Kvin Kollecin siyasi elmlər professoru Hratç Zodiyana müraciət edərək oxucuları bir daha münaqişənin tarixi xronologiyası ilə tanış edir. Bu xronologiya çar rejiminin azərbaycanlıları erməni talanlarına təhrik etdiyi 1903-1905-ci illərdən başlayaraq Sumqayıt hadisələrini, 1990-ci ilin yanvarındakı Bakı talanını əks etdirir və qəribə də olsa da, məqalənin qələmə alındığı 1992-ci ilin son hadisəsi – Xocalı hadisəsi ilə deyil, 1991-ci ilin aprelində Azərbaycan qoşunlarının Dağlıq Qarabağın erməni kəndlərinə hücum etməsi ilə bitir [8].

        “Qan qisası dərinləşməkdədir” [9] adlı digər məqalə ötən həftə Xocalıda baş verən dəhşətli faciə barədə faktlara əsaslanan abzasla başlasa da, müəllif daha sonra fikrini davam etdirərək Denis Heveysinin məqaləsində olduğu kimi, hadisələrin tarixinə qayıdır. O, ilk qanın 1988-ci ilin fevralında Dağlıq Qarabağ parlamentinin muxtar vilayətin Azərbaycandan ayrılaraq Ermənistana verilməsi barədə müraciət qəbul etdiyi zaman töküldüyünü yazsa da, bu qurbanların hansı tərəfdən olduğunu qeyd etmir. Azərbaycanlıların müsəlman, ermənilərin isə xristian olmasının münaqişəni mürəkkəbləşdirən cəhətlərdən biri olması faktını vurğulayan müəllif Avqust qiyamına qədər Sovetlərin azərbaycanlıları və vilayətin status-kvosunu dəstəklədiklərini, bu məqsədlə ermənilərə qarşı kampaniya apardıqlarını, Sovet rejimi çökdükdən sonra ermənilərin azərbaycanlıları Dağlıq Qarabağdan çıxarmağa başladıqlarını yazır. Baş məqalənin maraq doğuran cəhəti sonuncu abzasdır. Müəllif indiyədək münaqişə zamanı 2000 adamın həlak olduğunu qeyd edərək fikrini belə yekunlaşdırır: “Lakin əzablar ölümdən də çoxdur: Dağlıq Qarabağ erməniləri faktiki olaraq təcrid edilmişlər, onlar yalnız vertolyot vasitəsilə təchiz olunurlar. Ermənistan da bütün qış boyu yanacaqsız əziyyət çəkmişdir, belə ki, Azərbaycan neft təchizatını dayandırmışdır. Bu arada isə həm sülh danışıqları, həm də qətllər davam edir” [9].

          Hər iki məqaləni birləşdirən ümumi cəhət onların təkcə faktlara qərəzli münasibəti deyil, həm də bu məqalələrin oxucuya ünvanladıqları oxşar mesajlar və məqsəddir. Mesaj isə birdir: ermənilər blokadadırlar, onların əziyyətləri davam edir. Məqalələrin məqsədi oxucunu Xocalı faciəsinin təsirindən uzaqlaşdırmaq, hadisələr başlanandan bəri onun beynində yaradılmış obrazı bir daha qoruyub saxlamaqdır. Bu zaman 1988-ci ildə sınaqdan çıxarılmış siyasi texnologiyalar bir daha tətbiq olunur. Xocalı hadisəsinin hadisəyə çevrilməməsinə çalışmaq, ermənilərin blokadada olmasını isə hadisə kimi çərçivələmək. Təsadüfi deyil ki, müəllifin müraciət etdiyi informasiya mənbəyi Amerika ermənisidir. Hər iki yazının üslubu, hadisəyə yanaşma tərzi Amerika ermənisi, Erməni İnsan Hüquqları Müdafiəçilərinin İcraçı İdarə heyətinin sədri Ara Arazın martın 4-də “Nyu York Tayms”a ünvanladığı martın 17-də dərc olunan məktubu ilə səsləşir. Məktub müəllifi yazır: “Əsasən ermənilərdən ibarət Dağlıq Qarabağdakı vəziyyəti izləyən, 1988-ci ildə Sumqayıtda ermənilərin qətlə yetirilməsindən, 1990-ci ildə Bakıda erməni talanlarından xəbərdar olan bir təşkilat kimi, biz martın 3-də dərc edilmiş “Ermənilərin qətllər törətdikləri xəbər verilir” yazısını çaşqınlıq və inamsızlıqla oxuduq… Sizin qəzetiniz heç də həmişə davam etməkdə olan faciəyə bu qədər böyük diqqət vermir…Siz bir dəfə də olsun qeyd etmirsiniz ki, bu cür vəhşiliklər Azəri omonçuları tərəfindən Dağlıq Qarabağın mülki vətəndaşlarına qarşı törədilmişdir. Ötən ilin mayında Andrey Saxarovun Xatirə Konqresi 5 obyektiv fakt-axtarış missiyası həyata keçirərək azəri təcavüzkarları tərəfindən erməni kişilərinin, qadınlarının və uşaqların dəfələrlə qətl, zorlama və dilə gətiriləsi mümkün olmayan cinayətlərə məruz qaldıqlarını aşkara çıxarmışdır…Keçən ilin oktyabrında və ötən ay etibarlı insan hüquqları təşkilatlarının Konqresə verdikləri ifadələr bu cinayətləri təsdiq edir. Fevralın 14-də dərc edilmiş “Bakıdakı təcavüzə göz yumarkən” sərlövhəli baş məqalədə azərbaycanlıların ermənilərin insan haqlarını necə pozmaları bir daha vurğulanır…” [10].

          Müəllif “Reuters” agentliyinin xəbərinin “Nyu York Tayms”da verilməsindən narazı olsa da,  “Nyu York Tayms”ın mövqeyini dəstəkləyir, qəzetin “Bakıdakı təcavüzə göz yumarkən” sərlövhəli baş məqaləsini təqdir edir.

          Xocalı facisənin örnək olay kimi “Nyu York Tayms”da işıqlandırılmasının tədqiqi mətbu orqanın xəbər jurnalistikasında faktlı olduğu təqdirdə belə rəy jurnalistikasının, eləcə də oxucu rəyinin ictimai fikrin formalaşdırılmasında, subyektiv mesajların ötürülməsində bundan da az rol oynamadığını bir daha sübüt edir.

Mənbələr

  1. Turk Cautions Bush on Toppling of Hussein; ‘We are not happy with Saddam. But he is there.’ Barbara Crossettes. Special to The New York Times. New York Times (1857-Current file). New York, N.Y.: Feb 13, 1992. p. A16 (1 page)
  2. Armenians Gain in New Battle With Azerbaijanis
    New York Times (1857-Current file). New York, N.Y.: Feb 27, 1992. p. A5 (1 page)
  3. Massacre by Armenians Being Reported
    New York Times (1857-Current file). New York, N.Y.: Mar 3, 1992. p. A1 (2 pages)
  4. Angry Azerbaijanis Impel Chief to Quit. Francis X. Clines. Special to The New York Times. New York Times (1857-Current file). New York, N.Y.: Mar 7, 1992. p. 3 (1 page)
  5. Republics’ Clash Is Too Close for Turkey’s Comfort; Fighting in Azerbaijan threatens visions of dominance. Alan Cowell. Special to The New York Times. New York Times (1857-Current file). New York, N.Y.: Mar 7, 1992. p. 3 (1 page)
  6. Ethnic War in the Caucasus Finds New Depths of Carnage; Caucasus War Carnage Plunges to New Depths . Francis X. Clines. Special to The New York Times. New York Times (1857-Current file). New York, N.Y.: Mar 8, 1992. p. 1 (2 pages)
  7. A Blood Feud Only Worsens. Serge Schmemann. New York Times (1857-Current file). New York, N.Y.: Mar 8, 1992. p. E3 (1 page)
  8. Armenia-Azerbaijan Strife: Empires’ Legacy. Dennis Hevesi. New York Times (1857-Current file). New York, N.Y.: Mar 8, 1992. p. 21 (1 page)
  9. Turk Warns of a Religious War in Azerbaijan. Alan Cowell. Special to The New York Times. New York Times (1857-Current file). New York, N.Y.: Mar 12, 1992. p. A11 (1 page)
  10. Armenians Have Also Known Massacres. Ara Araz. New York Times (1857-Current file). New York, N.Y.: Mar 17, 1992. p. A24 (1 page)
  11. Winking at Aggression in Baku. New York Times (1857-Current file). New York, N.Y.: Feb 14, 1992. p. A28 (1 page)