26 Fev

 

Dos. t.ü.f.d. İradə Məmmədova,

AMEA Tarix İnstitutu,

“Ümumi tarix” şöbəsinin aparıcı elmi işçisi,

Azərbaycan Tarix Qurumu sədr müavini,

e-mail: irade.mammadli@gmail.com

«İndi hamı Suriyada olanları danışır. Ancaq 26 il bundan

əvvəl ilk dəfə Xocalıda başlar kəsildi, insanları yandırdılar, hamilə

qadınlar öldürüldü, uşaqlar ilk dəfə Xocalıda güllələndi…

Bəzi şeyləri danışa bilmirəm, dilim gəlmir, təcavüzlər,

nələr, daha nələr…, ölmək ən yaxşısı idi, ölmək

xilas olmaqdı”.

Dürdanə Ağayeva

 

Giriş. 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri, muzdlu əsgərlər və Sovet ordusunun 366-cı moto-atıcı alayı 7 min əhalisi olan Xocalıda azərbaycanlılara qarşı dəhşətli soyqırım törətdilər. İngiltərənin “Financial Times” qəzetinin 14 mart 1992-ci il tarixli nömrəsində rus ordusunun sıralarında ermənilərin də olmasına dair bunlar yazılmışdır: “General Polyakov 366-cı moto-atıcı alayda xidmət edən 103 erməni əsgərinin Dağlıq Qarabağda qaldığını bildirmişdir.” Belə ki, keçmiş Sovetlər İttifaqının ordusundakı 366-cı moto-atıcı alayının Xankəndinə göndərilməsi zamanı 25 tank, 87 zirehli maşın, 28 hərbi avtomobil, 45 top qurğusunun hamısı qeyri qanuni yollarla ermənilərə verilmişdi. “Pravda” qəzetinin müxbiri Zaur Qədimbəyov, 366-cı moto-atıcı alayın əsgərlərindən aldığı 7 mart 1992-ci il tarixli müsahibəsində bu alayda ermənilərin çoxluq təşkil etdiyini və alayın Xocalıya hücümünda fəal iştirak etdiyini bildirirdi. Rəsmi məlumata görə, Xocalı soyqırımı zamanı 106-sı qadın, 63-ü azyaşlı uşaq, 70-i qoca olmaqla 613 nəfər Azərbaycan vətəndaşı qətlə yetirilib, 76-sı bir yaşından kiçik uşaq olmaqla 487 nəfər ağır yaralanmışdır. Ermənilər 26-sı uşaq olmaqla 1275 nəfər mülkü əhalini əsir almış, bunlardan 150-nin taleyi indi də məlum deyildir. 8 ailə tamamilə məhv edilmiş, 56 nəfər xüsusi amansızlıqla və işgəncələrlə qətlə yetirilmiş, 27 ailədən sadəcə bir nəfər sağ qalmış, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini, 230 ailə isə ailə başçısını itirmişdir. Xocalıya hücüm edən erməni hərbi birləşmələri burada soyqırım törədərkən 111 nəfəri kəndin içində qətlə yetirmiş, sonra isə mühasirəni yararaq qaçmağa müvəffəq olan mülkü əhalidən 16-sını Kətik meşəsində, 130-nu Naxçıvanik yolunda, 23-nü Qaraqaya ətrafında, 23-nü Dəhraz kəndi yaxınında, 8-ni Şelli ətrafında, 6-nı Əsgəran yolunun 86 kilometrliyində qətlə yetirmişlərdir. Əsir alınanlardan 18-ni Əsgəran rayon polis idarəsində işkəncə verərək öldürmüşlər. Xocalıya hücüm zamanı baş verən hadisələr tədqiqi edildiyində qətlə yetirilənlərin bir çoxunun diri diri yandırıldığı, gözlərinin ovulduğu, baş dərilərinin soyulduğu, fərqli orqanlarının kəsildiyi, hamilə qadınların qarınlarına süngü sancıldığı, yəni amansız işgəncələrlə qətlə yetirildikləri ortaya çıxmışdır. Bunlar sadəcə rəsmi məlumatlardır. O gecə Xocalıda baş verənləri ifadə etmək üçün nə dil, nə də qələm yetərli deyildir. O dəhşətli gecənin iştirakçısı və şahidi olmayanlar, baş verənləri tam gerçəkliyi ilə hiss edə və ya görə bilməzlər. Çox təəssüf ki, bu günə qədər Xocalı soyqırımı dünya ictimaiyyətində haqq etdiyi yeri və hüquqi qiymətini ala bilməmişdir. Xocalı soyqırımının dünyada düzgün şəkildə tanıdılması üçün Xocalıda baş verən faciənin dəhşətləri, bu soyqırıma səbəb olan hadisələrin əsil mahiyyətinin araşdırılması çox vacibdir. Belə ki, Xocalı soyqırımına səbəb olan hadisələrin kökü daha dərinlərə, əvvəlki dövrlərə getməkdədir. Qafqazda, eyni zamanda Anadoluda gəlmə xalq olan və heç bir zaman dövlətləri olmayan ermənilər əsrlər boyunca “Böyük Ermənistan” qurmaq xəyalı ilə yaşamışlar. Ermənilər bu xəyallarını həyata keçirmək üçün müxtəlif üsullara əl atmışlar. Çar höküməti, hələ XVIII əsrin əvvəllərində I Pyotrun vermiş olduğu vəsiyyəti, yəni erməniləri İran və Osmanlı dövlətlərinin ərazilərindən Şimali Azərbaycan torpaqlarına köçürmək siyasətini həyata keçirməyə başladılar. Ermənilər çar Rusiyasının İran və Osmanlı dövlətləri ilə bağlamış olduğu 1828-ci il Türkmənçay və 1829-cu il Ədirnə müqavilələrinin şərtlərindən istifadə edərək qədim Azərbaycan torpaqlarında yerləşdikdən sonra, yenə də rusların və qərb dövlətlərinin yardımı ilə türk-müsəlman xalqa qarşı terror və soyqırım tətbiq edərək 1918-ci ildə tarixdə ilk dəfə olaraq Qafqazda, keçmiş İrəvan xanlığının torpaqlarında dövlər qurmağı bacardılar. Bunun nəticəsidir ki, hal-hazırda Azərbaycan torpaqlarının 20% işğal altındadır. Məhz ermənilərin həyata keçirdikləri özgə torpaqlarında özlərinə “Böyük Ermənistan” qurmaq xəyalı uğrunda soyqırım siyasəti bir çox problemlərə, eyni zamanda Xocalı soyqırımının baş verməsinə gətirib çıxarmışdır.

Xocalı soyqırımının dəhşətləri xarici ölkələrin mətbuat səhifələrində də öz əksini tapmışdır. Fransanın “Le Monde” qəzetinin 14 Mart 1992 tarixli sayında: “Ağdama səfər edən xarici mətbuat nümayəndələri “Xocalıda qətlə yetirilən qadınlar və uşaqlar arasında baş dərisi soyulan, dırnaqları çıxardılan üç cəsəd görmüşlərdir. Bu azərbaycanlıların bir təbliğatı deyildir, gerçəyin özüdür”, şəklində yazmışdır.

Reuters’in fotoqrafı Fredirik Lengenya, iki yük maşınının azərbaycanlıların cəsədləriylə dolu olduğunu gördüyünü bildirir: “Birinci yük maşınında 35 cəsəd saydım və ikincisində də eyni sayda cəsəd vardı. Bəzi cəsədlərin başı üzülmüşdü, çoxu da yandırılmışdı. Hamısı kişi idi, təkcə bir-ikisinin əynində xaki rəngində uniforma vardı”.

Martın 5-də Agdamda, bir gün sonra isə Bakıda olan Francis Clines Xocalının acı bir mənzərəsini oxuyuculara çatdırmışdır: “Ağdam məscidində işləyən Haqqverdi Hacıyev güllələnmiş uşaqların, tanınmaz hala salınmış qocaların cəsədlərini yuyur… O, başı  kəsilmiş bir kişinin cəsədini dəhşət içində kəfənə bükərək deyirdi: “26 fevraldan bəri 200 cəsəd yumuşam, onların bir qismi parçalanmış olsa belə, toprağa basdırılmalıdır”.

“İzvestiya” qəzetinin 13 mart 1992 tarixli nömrəsində Xocalıdakı soyqırımının şahidi olmuş mayor Leonid Kravetsin gördükləri yer almışdır: “26 fevral tarixində Əskəran qapılarından dönərkən, yerdə qırmızı ləkələr diqqətimi çəkdi. Sürəti azaltdım, bu zaman uçus texniki, “Yerdə uşaqlar və qadınlar var” deyə bağırdı. Mən də 200-ə qədər cəsədi öz gözlərimlə gördüm… Cəsədlərin arasında əlləri silahlı adamlar dolaşırdı. Daha sonra cəsədləri almaq üçün helikopterlə eyni yerə endik. Əslən Xocalıdan olan polis kapitanı da bizimlə idi, cəsədlərin arasında dörd yaşındakı oğlunu başı əzilmiş olaraq görüncə ağlı başından çıxdı. Başqa bir uşağın başını kəsmişdilər. Qadın, uşaq və qocaların cəsədləri hər tərəfə səpələnmişdi”

İngiltərənin “Fant men news” kanalının faciə yerində olmuş müxbiri R. Patrik “Xocalıdakı vəhşiliyə dünya ictimaiyyəti heç bir şəkildə haqq qazandıramaz!” demişdi.

Bolqarıstanın “Nie” qəzeti bir nömrəsini tamamilə Xocalı soyqırımına həsr etmiş, Violetta Parvanova fikirlərini “Xocalı insanlığın faciəsidir” şəklində ifadə etmişdir.

“Qolos Ukrainı”, yəni Ukraynanın səsi qəzetində V. Skaçko Xocalı soyqırımını bu şəkildə təsvir etmişdi: “Müharibənin sifəti olmur. Yalnız məkrli maska, qanlı göz yaşları, ölüm, bədbəxtlik, dağıntılar… Xocalıda körpələri nə üçün qətlə yetirdilər? Bəs analarını? Allah insanı cəzalandırmaq istəyəndə onun ağlını alır” şəklində yazmışdır. Bəli, o gecə ermənilərin təkcə ağlını almamışdı, həm də ürəklərini daşa döndərmişdi.

 Xocalı soyqırımı və səbəbləri Dürdanə Ağayevanın ifadəsində. Niyə Xocalı? Bu suala cavab tapılmasında Xocalıda törədilən soyqırımın şahidi olmuş və ermənilərə əsir düşmüş Xocalı sakinlərinin çoxlu ifadələri önəmli rol oynaya bilər. Xocalı faciəsinə siyasət və dövlət adamlarının gözü ilə deyil, məhz bu müsibətləri yaşamış Xocalı sakinlərinin gözü ilə, daha doğrusu Xocalı soyqırımı dəhşətlərinin acısını dadmış, qardası Elşad ilə birlikdə 20 yaşında erməni vəhşiləri tərəfindən əsir alınmış  Dürdanə Ağayevanın ifadəsində araşdırmağa calışılmışdır. Çünki sözlü tarih metodu Xocalı soyqırımının görə bilmədiyimiz tərəfləri haqqında məlumat almaq ilmkanı verir.

Dürdanə Ağayeva ilə müsahibəyə keçmədən əvvəl onun haqqında məlumat verək. Dürdanə Ağayeva 12 yanvar 1972-ci ildə Xocalı’da doğulmuşdur. 1985-ci ildə atasını itirdikdən sonra anasına kömək etmək üçün universitete girmək arzusundan daşınan Dürdanə, 1988-ci ildə məktəbi bitirdikdə sonra tekstil fabrikasında çalışmışdır. Qısa zamandan sonra imtahanları uğurla verərək ATS-də rabitəçi kimi işləməyə başlamışdır. 1988-ci ildə Dağlıq Qarabağın erməni əhalisinin Ermənistana birləşmək istəyi ortaya atıldıqdan sonra Xocalının qara günləri başlayanda Dürdanə Ağayeva digər məsləkdaşları kimi rabitəçi olaraq Xocalının xarici dünya ilə əlaqəsini qururdu. Hətta Xocalı mühasirədə olanda Dürdanə xanım oranı tərk etmədi. Anasının Ağdamda yaşayan nənəsinin yanına getmək təklifi ilə razılaşmadı və “mən buradan lazımam” dedi. Xocalı soyqırımı zamanı ayağından yaralandı və əsir düşdü. Əsirlikdə ermənilər tərəfindən hər gün döyüldü, ağlagəlməz işkəncələrə məruz qaldı, əsirlikdən qayıtdıqdan sonra (onun anası ilə görüşməsini rəhmətlik hərbi operator Seyidağa Möhsümlü çəkmişdir) başına gələnləri uzun müddət heç kimə danışmamışdır. Ailə həyatı qurduqdan sonra başına gələnləri təkcə həyat yoldaşına danışmışdı. Həyat yoldaşına, başına gələnləri danışmaq istədiyini bildirdikdə, onun da dəstəyi ilə əsirlikdəki həyatını danışmağa başladı. Dürdanə Ağayeva mətbuat nümayəndələrinə coxlu müsahibə vermiş, Xocalı soyqırımı ilə bağlı konfrans və simpoziumlarda iştirak etmiş, televiziya proqramlarında başına gələnləri danışmış, haqqında sənədli film çəkilmişdir. Əsirlikdə olduğu 8 gün (əslində 10 gün olmuşdur, sadəcə bunun iki gününü özündə olmadından xatırlamadığı üçün baş verənləri 8 gün olaraq nəşr etdirmişdir) yaşadığı qorxunc və işkəncə dolu günləri müxtəlif dillərdə “Erməni zindanında səkkiz gün” adlı kitabında yer almışdır.

İtaliyalı senat Maria Rizzotti (“İrəli, İtaliya” partiyası) Xocalı soyqırımının 25 ildönümü ilə bağlı senatın ümumi toplantısında Dürdanə Ağayeva haqqında bunu demişdir: “Romanın səssiz mühitində yaşayaraq, Xocalı qurbanlarına qarşı törədilən dəhşətləri və onların aldığı mənəvi zərbələri anlamaq çətindir. Bu gün Xocalı soyqırımının canlı şahidlərinin acı xatirələri vardır. Mənim 20 yaşında bir qurbanın soyqırım əsnasında, ermənilərin şəhərə basqını zamanı və sonra başına gələnləri əks etdirən kədərli xatirələrini oxumaq imkanım oldu. Soyuq havada meşəyə doğru qaçaraq xilas olmağa çalışdı; ancaq ələ keçdi, işkəncəyə məruz qaldı, uşaqların, yaşlıların, hamilə qadınların qətlə yetirilməsinin şahidi oldu. Əsirlikdən xilas edildikdən sonra Dürdanə Ağayevanın reabilitasiyası və cəmiyyətə yenidən inteqrasiyasında 20 il keçdi. Həyatının 20 ilini itirdi. Bu adamın acılarını, dünyanın buna susması və heç kimin məsuliyyətə cəlb edilməməsi qarşısında keçirdiklərimi hiss etmək üçün bir qadın kimi özümü onun yerinə qoyuram və hamınızı bunu etməyə çağırıram”. Onu da qeyd etmək lazımdır ki, Dürdanə Agayevanın “Xocalı qətliamı: bir qadının həyatta qalması və yenidən doğuşu” başlıqlı məqaləsi italyan dilində “Daily Cases” və “Caratteri Liberi” xəbər saytında yayınlanmışdır.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki başçısı Arye Qut italiyalı jurnalist Rock Reynoldsa müsahibəsində Dürdanə Ağayeva haqqında demişdi: “Atam Xocalıda müxtəlif səbəblərdən rejissor kimi çalışırdı və o zaman rabitəçi kimi çalışan Dürdanə Ağayeva ile müsahibələr aparmışdı. Sonralar atamla Bakıya səfərlərimizin birində, erməni əsirliyində olan xocalılarla görüş zamanı atam Xocalıdan olan Dürdanəni, o qorxunc gecənin şahidini tanıdı. Romanımızdakı, xüsusilə də ən ağrılı və unudulmaz hissələrdən biri Dürdanəni anladan bölümdür. Bir bir oxuyun. Bu bir fantaziya və qurama deyil, gerçək bir hadisədir; Dürdanənin səkkiz gün qorxunc əsirliyinin faciəsidir. Düşünün ki; erməni birləşmələri Xocalıdakı müasir insanlıq tarihinin ən qorxunc qətliamlarından birini törətdiyində, onun vur tut 20 yaşı vardı. İki yaşındakı azərbaycanlı uşağın valideynlərinin gözü qarşısında necə vurulduğunu, hamilə qadınların və qocaların bir qundağın zərbəsi ilə necə qətlə yetirildiklərini gördü. Ermənilərin ona verdiyi işkəncəni cəmiyyət qarşısında açıqlaya bilməyəcək qədər acıya məruz qaldı. Ancaq, Dürdanə Ağayeva bizə təkcə hekayəsini paylaşaraq rahatlıq tapa biləcəyini dedi”.

Sözlü tarih olarak Dürdanə Ağayeva (Çox yorğun olmasına baxmayaraq mənimlə müsahibəyə razılıq verdiyi üçün Dürdanə xanıma çox təşəkkür edirəm) ilə müsahibədə məqsədimiz Xocalı soyqırımına gətirən səbəbləri araşdırmaq, bir Xocalının düşüncəsində niyə Xocalı sualına cavab tapmaqdı. Sözlü olaraq söylədiklərini görüntülü və səsli olaraq qeydə aldığımız Dürdanə Ağayeva ilə müsahibəni bəzi hissələri qısaldılmış şəkildə təqdim edirik (Dürdanə Ağayeva ilə müsahibə 9 fevral 2018-ci ildə, Bakının Buzovna qəsəbəsində onun yaşadığı mənzildə aparılmışdır):

İradə Məmmədova: Uşaqlığınız necə keçib?

Dürdanə Ağayeva: Həə uşaqlığım… Mən olduqca səmimi insanam. Bir sözü yalan deməkdənsə susaram. Danışdımsa düz danışaram. Yəni səmimiliyi çox sevirəm. Uşaqlığım deyim ki, Sovetlər dövründə, yəni o vaxtı belə heç nə dəbdəbəli deyildi, hamı eyni səviyyədə yaşayan insanlar idik. Gözəl, sakit, sadə saf həyat sürmüşük.

İradə Məmmədova: Siz uşaq olanda Xocalıda ermənilər yaşayırdımı? O vaxt ermənilərlə probleminiz var idimi? Ermənilərin azərbaycanlılara və türklərə münasibətini bilirdinizmi?

Dürdanə Ağayeva: Yox,  yəni 10 yaşından mı deyim, 12-13 yaşından sonramı deyim, ağlım kəsəndən bəri, bilmişik ki, erməni müsəlman var, millətçiliyinə görə deyirəm. Yəni bizim Xocalıda erməni olmayıb.

İradə Məmmədova: Ermənistandakı, İrəvanda olan problemlər burada yox idi.

Dürdanə Ağayeva: Xeyir. Onu bilirəm ki, bizdə, burada erməni yaşamayıb. Xocalı sırf Azərbaycan kəndi olub, 1991-ci ildə rayon statusu verilib. Amma dünyaya göz açdığımızdan bəri, görmüşük ki, ermənilər uşağını belə tərbiyə edib “Baxın Tork (Türk) düşmənimizdir”, ama bizim tərbiyəmizdə erməni bir millətdir. Bizdə nifrət hissi yoxdur, ermənilər isə əksinə çox kinlidirlər. Onlar balaca uşağını tərbiyə edəndə, dil açan kimi, bax bunlar Torkdur (əsirlikdə olarkən ermənilərin azərbaycanlıları Tork, yəni türk adlandırdıqlarını, “Türkün kökünü qazıyacayıq” deyərək təhdit etdiklərini eşitmişdim), bizim düşmənimiz olub şəklində başa salaraq, keçmişə və tarixə qayıdırlar. Ama bizim heç ağlımıza belə gəlməzdi ki, 1988-ci il fevral ayının 13-dən ermənilər belə bir bicliyə, iyrəncliyə, xəyanətə əl atarlar. Həqiqətən bu heç kimin ağlına gəlməzdi ki, Ermənistanda oturan erməni Qarabağı düşünsün və Qarabağdakı erməni Qarabağ Ermənistana aid olduğunu iddia edərək Qarabağa sahib çıxmaq istəsin. Və zaman zaman da Qarabağı işğal edib torpağı əlimizdən alsın. Bu heç yuxumuza belə girməzdi. Ermənilər ilk dəfə 1988-ci ilin fevral ayının 13-də Qarabağ sözünü ortaya atdı, yəni müharibə deyil, hələ sözü ortaya atıldı. Həmin 1988-ci ili 18 sentyabrında ermənilər ilk olaraq hava limanı istiqamətində Xankəndi tərəfdən Xocalıya hücüm etdilər. O vaxtı bizdən bir iki nəfər yaralandı, ermənilərdən isə çox yaralandı, onlar geri qayıtdılar. O vaxt bilirsiniz niyə geri qayıtdılar, çünki o vaxt onların əlində rusun texnikası, rusun qüvvəsi yox idi.

İradə Məmmədova: Ermənilər özləri hücüm etmişdi, yəni havadarları yox idi.

Dürdanə Ağayeva: Bəli, özləri hücüm etmişdi, heç bir dəstək yox idi. 2-3 dənə, 5-10 dənə dılğır erməni hücum edib ki, Xocalını alacağıq, hava limanı bizim olacaq, bununla da hər şey qurtaracaqdı. Amma o zaman ermənilər Xocalıya hücüm edəndə bizdə də silah yoxdu, Xocalıda da texnika yox idi, axı müharibə deyildi o vaxtları, 18 sentyabr 1988-ci ildə münaqişənin təzə təzə cücərən vaxtlarıydı. Bəli zaman gəldi, zaman ötdü, biz başladıq yavaş-yavaş düşmənimizi tanımağa. Bildik ki, ağacı qurd içindən yeyər. Qarabağda olan ermənilər artıq “Qarabağ Azərbaycanın deyil, Ermənistanındır” şüarları ilə Xankəndində mitinqlərə başladılar. Həmişə mən intervyü verəndə və ya bir jurnalistlə danışanda, kimliyindən asılı olmayaraq, bu mövzuda danışanda çox istəyirəm ki, Xocalı faciəsindən əvvəl, bu münaqişə başlayanda, nə olmuşdu onu danışam. Mən tarixçi deyiləm, mən 13-cü, 18, 15-ci illəri danışmıram ki, mən gördüyümü və eşitdiyimi danışıram.

İradə Məmmədova:  Xocalıya qədər orada vəziyyət necə idi? Hansı hadisələr Xocalı soyqırıma gətirib çıxardı?

Dürdanə Ağayeva: Bax əsas budur. O faciəni bilirsiniz danışanda uşaqlar da danışır, nə bilim böyüklər də danışır. Yəni 1988-ci ildə bu münaqişə belə deyək də ermənilərin dilinə düşəndən, onların beyninə yeriyəndən ki, Qarabağı işğal etməliyik, o zamandan,1988-ci ilən başladılar Xankəndinə, Sovetlər dönəmində Stepan Şaumyan adı verilmiş bizim Xankəndinə basqın etməyə. Ay Allah baxıram geriyə deyirəm görəsən biz niyə belə kinsiz millətik. Gül kimi Xankəndimizin adı olub, onu çevirib eləmişdilər Stepan Şaumyanın şərəfinə Stepanakert şəhəri. Baxın Xankəndinə Sepan Şaumyanın adı veriləndən sonra hava limanı da quruldu, dəmir yolu da çəkildi Qarabağda. Ermənilər tarixdə olmayan bir soyqırımı, bizə soyqırıma məruz qoydular deyə  yayırlar, halbuki belə bir soyqırım olmamışdır, olmayan bir şeyi uşaqların beyninə yeridirlər.

İradə Məmmədova: Mən Türkiyə arxivlərdə bu məsələləri araşdırmışam, belə bir şey yoxdur.

 Dürdanə Ağayeva: Bəli, ama yalancı soyqırımlarını bütün dünyaya yayıblar. Amma bizim kinimiz yoxdur. Biz uşaqlarımızı tərbiyə edəndə onların beyinlərinə yeritmirik. İndi Xocalı faciəsindən 26 il keçib (2018-ci ildə), gəlin Xocalı faciəsininin həsr olunmuş tədbirlər keçirdirik. Türkiyədə olanda mənə uşaqlar özləri yaxınlaşırdlar, Qarabağ hardadır? Xocalıda nələr oldu? soruşurdular.

İradə Məmmədova: Xocalıdaakı hadisələr baş verməzdən əvvəl ermənilər bir –bir Xocalıya yaxın kəndləri alırdılar. Azərbaycanda yuxarı dairələrə bəlli idi ki, kəndlər yandırılır, ruslar onalara kömək edir, orada rusların silah və texnikası var, oradakı alayın çoxunu ermənilər təşkil edir və onlar həmin silahları ələ keçirə bilərlər. Yəni bildiyimə görə Xocalının icra hakimi Hocalıda soyqırım baş verməmişdən 3-4 gün əvvəl Ayaz Mütəllibova teleqram vurub və teleqramda ermənilərin yaxınlaşdığı, Xocalıda vəziyyətin kritik olduğunu, yardıma ehtiyac olduğunu, kömək gəlməzsə, buranın ən strateji bir nöqtə, Xankəndi ilə Əsgəran arasında strateji bir mövqe olduğunu bildirib. Ermənilərin Xocalını seçmələrinin səbəbi də bu idi. Niyə teleqram və danışıqlara baxmayaraq kömək gəlmədi?

Dürdanə Ağayeva: Mən sizin sualınıza belə cavab verim, mən rabitəçi olmuşam. Mən siyasətə girməyi xoşlamıram.

İradə Məmmədova: Mən sualı sizə siyasi baxımdan vermədim. Siz bir vətəndaş, bir sadə Xocalı sakini kimi bu barədə nə düşünürsünüz?

Dürdanə Ağayeva: Mən Hocalıda şəhərlərarası əlaqə yaradırdım, yəni rabitəçi idim. Kim kiminlə nə danışırdı, bizim ovcumuzun içində idi. Yəni o vaxtı bizim icra başçısı Elman Məmmədov çox əziyyət çəkib. Elman müəllim o qədər torpağına bağlı biri, qeyrətli kişi idi. Onun Ayaz Mütəllibov ilə, eyni zamanda o vaxtı Naxçıvanda olan Heydər Əliyev ilə telefon danışıqları oldu. Biz bağladıq, Bakı üzərindən onunla əlaqə yaratdıq. Onunla danışdı. Telegrammlar vururdu. Hər gün Elman müəllim müxtəlif ünvanlara  və məsul şəxslərə bəlkə də 7-10 teleqramma göndərirdi. Xocalı faciəsinə qədər Meşəli kəndini yandırdılar. Meşəlidə elə oldu ki, bir ailədən 7-8 nəfər evin içində yandı.

İradə Məmmədova: Deməli Xocalı əhalisi ermənilərin mülki əhaliyə qarşı bunu eliyə biləcəyini artıq bilirdi.

Dürdanə Ağayeva: Bu yaxınlarda bir kitab oxuyub bitirdim. Adı “Yarım qalmış ömürlər”dir. Yəni Meşəli kəndindən mənim xəbərim yox idi. Bilirdim ee.. belə yandırıblar filan, amma orada elə taleler yazılıb ki, onlara mən heç dözə bilmədim. 13 yaşlı bir uşağın polislərə qoşulub, götürüb məcbur olub silah atır ki, atəş açır ki, mənim anam, bacım evdədir, onlara dəyməsinlər. Bir düşünün 13 yaşlı bir uşaq! Yəni elə taleler var ki, görün necə bir çətin duruma düşüb ki, buna məcbur olub. Yəni o vaxt Meşəli hadisəsi, Xocalıdan əvvəl işğal olunan Malıbəyli kəndi, bizim gözümüzü biz az da olsun açmadı. Ancaq biz ermənilərin Xocalıya  gəlib çıxacaqlarına inanmırdıq.

İradə Məmmədova: Necə ola bilər ki, artıq ev yandırırlar, mülki əhalini qətlə yetirirlər, Xocalıda isə inanmırlar ki, onlara qarşı bu hərəkəti edə bilərlər?

Dürdanə Ağayeva: Bir söz deyim. 1991-ci ildən Xocalıya rayon statusu verildi. Rayon statusu veriləndən sonra ermənilər 1 noyabr 1991-ci ildə, hələ o vaxtı Xocalı blokadada deyildi, bizim bir dənə UAZ markalı maşın Əsgərandan keçəndə, ermənilərə onu atəşə tutdular, bir nəfər öldü, 2 nəfər yaralandı. Həmin günü icra başçımız Elman Məmmədov getdi, maşınla bərabər o yaralıları, o cəsədi Əsgərandan çıxartdı. Ondan sonra biz düşdük mühasirəyə. Ona qədər isə, xocalılarla ermənilər arasında daş davası gedirdi, Şüşadan gələn avtobusları Xankəndində daşlayırdılar, biz də buna cavab olaraq onlarınkını daşlamağa başladıq. Siz bizə atırsınızsa, biz də atırıq. Daş müharibəsi gedirdi. Sonra bu daş müharibəsi keçdi, silah müharibəsinə. Artıq biz blokadaya düşdük, yollar bağlandı, Xocalı qaldı üzük qaşı kimi ortada, dörd bir yandan erməni müharisəsində, hər axşam da atışma. Ondan da sonra Xocalı ac qaldı, susuz qaldı.

İradə Məmmədova: Kömək yox idi?

Dürdanə Ağayeva: Yoxdu. Bircə dəfə Elman müəlim hərbi helikopterlə un gətirdi.

İradə Məmmədova: Vaxtında silahlı kömək olsaydı, yəqin ki, blokadaya düşməzdiniz.

Dürdanə Ağayeva: Əlbəttə ki. Elman müəllim unu gətirirdi verirdi çörək sexinə, xəmiri eləyirdilər, orada bir ailədə 5 nəfərdi, 200 qram  norma olmaqla ailələrə xəmir verirdilər.

İradə Məmmədova: Deməli, Xocalının blokadada qalmasının günahı bizim müdafiə qüvvələrində vahid koordinasiya sisteminin, yuxarıdan vahid bir koordinasiyanın olmamasındadır.  

Dürdanə Ağayeva: Misal üçün mən rabitəçiyəm. Otururdum kommunatorun arxasında, cavab verirdim. Ağdamdan bir zəng gələndə ümudlə götürürdüm onu ki, bu dəqiqə deyəcəklər bizimkilər hazırdır, kömək gəlir, Əsgəranı ermənilərdən alacağıq və bununla Xocalının Ağdama yolu açılacaq.

İradə Məmmədova: Ən azından 2-3 tankınız, heç olmasa silahlarınız çox olsa idi, Xocalını qoruya bilərdinizmi?

Dürdanə Ağayeva: Biz heç nə tank, nə də silah istəyirdik. Sadəcə parton versəydilər bəs idi.

İradə Məmmədova: Siz müsahibənizin birində demisiniz ki, meşədə partonları çantanıza yığırdınız. O qaçhaqaçda siz partonları çantaya yığırdınız? Mən bunu oxuyanda çox təsirlənmişdim. Hətta əsirlikdə, sizi ona görə çox incitmişdilər.

Dürdanə Ağayeva: Bəli mən partonları çantaya yığmışam. Təkcə ona görə deyil, rabitəçi olduğuma görə, yəni hərbi rabitəçi. Elman müəllim bir dəfə, ya iki dəfə Gəncədən parton gətirdi, avtomat gətirdi. O da necə, helikpoterin enməsi üçün imkan olmurdu, ona görə yuxarıdan atırdı və gedirdi. Çünki helikopterləri vururdular axı. Un gətirirdilər. Çörəyi inanın helikopterdən səpiblər yerə, camaat yerdən yığıb, 10 metr-15 metr məsafədən enə bilməyib helikopter.

İradə Məmmədova: Nəinki silahsız idiniz, həm də ac idiniz.

Dürdanə Ağayeva: Bəli ac. İnanın Allaha, mən həmin günləri yadıma salanda, deyirəm ki, biz gör nə qədər dözümlü millət olmuşuq. Noyabr, dekabr, yanvar, fevral, artıq 4 ay blokadada ac qalmışıq. Heç bir ərzaq yox, mağazalar bom boş, indi makarondu, vermişeldi, düyüdü, un məmulatları, heç biri yoxdur. Un yox, çörək yox, ümimiyyətlə heç nə yoxdur. Kimin toyuq cücəsi var, mal qarası var, kəsir, ümumiyyətlə Xocalı həmin vaxtlar bir ailə idi. Bax bu çörəkdi, bu çörəyi dilimlərə bölüb, qonşum ac qalmasın, onun körpə uşaqları var deyə, ona da verib. Biz belə Xocalılar olmuşuq. Dəyanətli, güclü, iradəli, O güc, iradə olmasaydı, biz satılardıq.

İradə Məmmədova: O güc iradə olmasaydı. Qadınları kişilər çoxdan ordan çıxarmışdılar. Qadınlar, uşaqlar belə kişiləri tərk etmədilər. 

Dürdanə Ağayeva: Bu gün mən bir şeyə sevinirəm ki, yaxşı ki 7 min Xocalı sakinindən 4 mini heç olmasa ordan çıxmışdı. Helikopter çox gəldi, o yollar bağlanana qədər kim çıxmış idisə, çıxmışdı. Şükürlər olsun da ki, çıxmışdılar. Helikopterlər gələndən sonra da bir partiya da getdilər. Mülkü də, hərbi də helikopterlər gəlirdi, əhali də çıxırdı, ama son dəfə 13 fevralda helikopter gəldi, bundan sonra Xocalıya artıq avtomobil yolu da, hava yolu da bağlandı. Helikopterləri ermənilər vurduğundan, daha gələ bilmədilər. Şuşadan Ağdama gələn helikopteri vurmuşdular (28 yanvar 1992 tarixində Ağdamdan Şuşaya uçan “Mİ 8” helikopteri şəhərə çatmadan, Xəlıfəli kəndi üzərindən uçarkən Xankəndi istiqamətindən bir raketlə vurulmuş, 3 heyət üzvü və 41 sərnişin ölmüşdü – İ.M.). Nə qədər adam öldü. Ondan əvvəl də bir neçə helikopteri Şuşada, Cıdır düzünün üzərində vurmuşdular. Şərəfsizlər çox vururdu. O günkü mənzərə heç vaxt yadımdan çıxmır. Xocalı alınan günü şəhər səhər mən iş növbəsindən çıxıram. Baxdım səhər səhər çox soyuq idi. O vaxtlar elə bil dünyanın soyuğu yığılmışdı bizə. Fevral ayı, özü də dağ yeri, şaxtalı buzlu, səhər suyu tökürsən bir qaba ya bir nəlbəkiyə, görürdün ki, beş dəqiqəyə buz bağlayıb. Görün nə dərəcədə şaxta idi. Mən işdən çıxıb evə gəlirdim. İnanın bizi yaradan Allaha, göyə baxırdım, elə bil ki, o qara buludlar, bu gecə sizə nə isə olacaq deyə, bizə siqnal verirdi. Hissiyat. Elə bil gündüz günorta qaranlıq düşürdü. Elə bil qara bulud, artıq yavaş yavaş gəlirdi başımızın üstünə. Belə çox qəribə hava var idi. Həmin günü günorta bunlar artıq texnikalarını yavaş-yavaş Horadut deyilən kənd vardı idi, Əsgəran istiqamətində, yerləşdirirmişlər. Bir də erməniləri qıcıqlandıran nə oldu. Bəlkə də Xocalıya hücüm bir il də uzanardı. Erməniləri qorxudan o oldu ki, Xocalı günü-gündən böyüyürdü. 9 mərtəbəli binalar, beş mərtəbəli binalar, xəstəxanası, məktəbi tikilirdi, hər şey o vaxtın dəbinə uyğun yeni formada, panel binalar, qabağı naxışlı tikilmişdi. Ermənilər düşünürdü ki, Xocalı böyüyücək, bütün qüvvəni tökəcəklər Xocalıya, sonra onlara gücümüz çatmayacaq. Fikir verin. Malıbəylini tutdular, Meşəlini yandırdılar, Xocalını işğal etdilər, sonra Qarabağ əldən getdi. Bunlardan ən böyük qüvvə Xocalıda idi. Niyə?

İradə Məmmədova: Demək ki, nəyin bahasına olursa olsun, Xocalını əldə saxlamaq lazım idi. Təbii ki, rusların ermənilərə kömək etməsi Xocalının işğal olunmasında əsas rol oynadı, ancaq əgər Xocalıya lazımı qüvvələri cəlb edə bolsəydik, Xocalını əldən verməzdik.

Dürdanə Ağayeva: Xocalı çox böyük qüvvə idi. Xankəndi ilə Əsgəranın yolunu bağlamışdılar, Xankəndi ilə Xocalı arasında hava limanı, dəmir yolu vağzalı vardı. Xocalı alındı, bütün Ermənistan elə bil yığıldı Qarabağa. Hava limanı da keçdi bunlara, yollar da açıldı, yavaş yavaş bəzi rayonlarımız da işğal olundu.

İradə Məmmədova: Deməli Xocalı sonrakı faciələrin əsasını qoydu və sonrakı soyqırımlara yol açdı. Xocalıda ermənilərin demək olar ki, yaşamadığını dediniz. Ancaq yəqin ki, kiminsə həyat yoldaşı, kiminsə sadəcə saxladığı erməni qadınlar var idi. Onların Xocalıda bir xəyanəti var idi mi? Yerinizi, mövqeləri xəbər verə bilərdilər.

Dürdanə Ağayeva: Orada erməni “gəlinlər”imiz var idi. Ama mən inanmıram ki, onlar orada bizə bir şey eləsin, əlaqəsi olsun, amma əsirlikdə olanda erməni qadın məni satdı. Xankəndindən Xocalıya gəlib yaşayan iki erməni qadın məni öz ermənisinə satmışdı. Onlar çox adamı satmışdılar. Siyahı oxunanda mənim adımın qabağına hərbi rabitəçi yazılmışdı. Ona görə döyüldüm də, işkəncələrə də məruz qaldım, min bir əziyyət çəkdim. Guya ki, mən hərbçi idim. Kaş ki, hərbidə olaydım. Kaş ki, avtomat versəydilər vuruşardım. Yəni mən bu gün də deyirəm, bir balam var da mənim. Bax, indinin özündə belə mən öz balamı evdə tək qoyub gedərəm. Bu gün desələr ki, Qarabağda vuruşma var, qadınlardan da da dəstə yığılacaq, əgər mən bu gün silah götürüb getməsəm, onda Qarabağın haramzada qızı olaram. Mən bu addımı ataram. Özü də hamıdan qabaqda gedərəm. Mən o torpaqda nə qədər qan görmüşəm, o qədər əzab çəkmişəm, ən azından öz intiqamımı almaq üçün gedərəm. Bu gün Azərbaycanın 90% deməyək, 50 % məni tanıyır, mənə elə mesajlar gəlir, sağ olsunlar. Mənə qəhrəman qadın deyəndə bilirsiniz mən necə qururlanıram.

İradə Məmmədova: Siz qəhrəmansınız. Siz yazmısınız ki, əsirlikdən azad olandan sonra 20 il reabilitasiya keçmisiniz. Uzun müddət danışa bilməmisiniz. İndi daha rahat danışa bilirsiniz, çünki içinizdə olan şeyləri artıq danışıb paylaşmısınız. Niyə uzun illər susmusunuz? Xalqın qınağından mı qorxurdunuz?

Dürdanə Ağayeva: Bilirsiniz uzun illər danışmamışam. Loru dildə desəm tutaq ki, qonşuların, qız gəlinin yanında bir şey dedin, sən çəkilib evinə gedəndə sənin arxanca deyəcəklər ki, əsir düşən qız. O sözlərə görə mən uzun zaman susmuşam. Əvvəllər belə şeylərə yaxşı baxmırdılar. İndi deyəsən bizim xalqımız da oyanıb. Amma əvvəllər düşünürdülər ki, görəsən onun başına orada nə oyun gəlib, o qız uşağı olub. Filan bəsməkan. Bunlar ürəyimə toxunurdu mənim. Mənim elə bil yaramın hər dəfə qaysağını qopardırdı. Yarama duz səpirdilər. Yanırdım. Özümə qapandım ki, nə danışmayım, nə də eşitməyim. Amma sonra mən ailə həyatı qurdum. Qızım dünyaya gələndən sonra yoldaşıma bir gün dedim ki, elə danışmaq istəyərəm, elə tədbirlərə getmək istəyərəm. Mənim yoldaşımdan heç bir gizlinim olmayıb. Hamısını danışmışam. Onunla dərdləşmişəm, paylaşmışam. O bir gün mənə dedi ki, bəlkə bunu içində saxlamyasan, danışasan. Ondan sonra yavaş yavaş tədbirlərə getdim, sonra xaricə tədbirlərə dəvət aldım. Hər zaman doğru olanı danışdım. Heç bir qadın özünə böhtam atmaz. Mən əsirlikdə olmuşam, işkəncə də gördüm, o qədər təhqirlərə də dözdüm.

İradə Məmmədova: Bəs niyə kitabınızda 8 gün əsirlikdə olduğunuzu yazdınız. Axı 10 gün olmusunuz.

Dürdanə Ağayeva: Hə doğrudur 10 gün olmuşam. Bax Seyidağa müəllimin o sözü mənə dəydi ki, axı mən səni 10 gün çəkmişəm, niyə səkkiz gün? Bilmirəm orada nə saatımız vardı, nə günümüz, nə saniyəmiz vardı. Biz bura gələndə mən soruşmadım, neçə gün oradaydım. Heç mənə düz məlumat verən oldu ki. Ayın 6-sı çıxmışdık biz. Mənə elə gəlir.

İradə Məmmədova:Sizi erməni ilə dəyişdirdilər, yoxsa benzin ilə?

Dürdanə Ağayeva: Benzin, yanacaq, siqaret və çörəklə.

İradə Məmmədova: Siz qardaşınızla əsir düşmüşdünüz. Sizi azad edəndə şəklinizi çəkdilər mi?

Dürdanə Ağayeva: Youtubeda çəkiliş var.  Seyidağa Möhsümlü çəkib. Yəni mən ordan çıxanda yeriyə bilmirdim. Ayağımda güllə yarası vardı. Oradan çıxanda həkim nə iləsə yalandan bağlamışdı. Yeriyə bilmirdim. Aclıqdan, döyülməkdən, yara bir yandan, qan bir yandan, yeriyə bilmirdim. Amma mən elə bir qürürla çıxdım. Heç kəsin qoluna girmədim. Dedim ölsəm də qürurla gedəcəm. O zaman Ağdamda olanların, ağdamlıların deyil, Ağdamda yığılan rəhbərlikdə olanların və hərbçilərin əlindən o qədər yığmışdım. Bir də Xocalı faciəsi gecəsi Şuşa bir dənə də güllə atmadı. Təsəvvür edin. Şuşa dağın başındadır. Yüksəklikdə, Xankəndi ondan aşağıdadır, Xocalı da ondan aşağıda. Xocalı alışıb, yanır. Şuşa da bunu gözəl görür. Yəni yenə deyirəm. Şuşalıları nəzərdə tutmuram, ora yığılan qüvvəni deyirəm, yəni Rəhim Qazıyev və qüvvlərini deyirəm.

İradə Məmmədova:Uzun müddət meşədə gəzmisiniz, yol axtarmısınız, yaralanmısınız. Həmin vaxtı yenə də sizləri xilas edə bilərdilər, yoxsa bu mümkün deyildi.

Dürdanə Ağayeva: Bilirsiniz necə idi orada. O əsir düşmək, ölmək, ya sağ salamat çıxmaq. Bunların heç biri qoçaqlıq deyildi. Yəni hər kəsin bir alın yazısı var. Mən orada əsir düşməliydim. Mən orada yaralanmalıydım. Alın yazısına çox inanıram. Mənim ana nənəm, yaşlı qadın ayaq üstə gəlmişdi, ayağı şaxtaya da düşmədi, güllə də dəymədi, sağ salamat gəlib çıxdı. Hamıdan da qabaqda. Deməli alın yazısında yaşamaq var idi. Ama mənim anam güllə, qardaşım güllə, mən güllə yarası aldıq. Orada nə acizlik var idi, nə qoçaqlıq vardı, nə də mənəm mənəm demək vardı. Heç nə yox idi. Məgər mən istəyərdim ki, düşmən əlinə keçim. Mənim gözəl vaxtlarım idi. 20 yaşım vardı. Gözəl çağım idi. Mənim sevən sevilən vaxtım idi. Mən beynimdə fikirlər tutmuşdum, gələcəkdə arzularım var idi. Mən deyirdim ki, texnikuma girəcəm. Mənim atam deyirdi ki, sən tibb bacısı olmalısan. Sonra mən rabitəçi oldum. Dedim yox fikrimi dəyişdim, dedim mən tibb bacısı deyil, mütləq rabitə texnikomuna girməliyəm. Həmin ili bizi göndərmişdilər. Ama sonra əsirlik, işkəncə, ağlın başdan çıxmağı, el qınağı, keçəndən sonra, psixoloji zərbələr, bilirsiz yara sağalır, ama psixoloji zərbələr, psixoloji sağala bilmirəm. Bu günə qədər də mən onun altını çəkirəm. Hələ bax indi danışıram sizinlə. Deyirəm ki, tonunu aşağı sal, bir az sakitləş. Yani danışdıqca insanın özündən asılı deyil, onu yaşayır. Mənə bir dəfə Türkiyədə dedilər ki, danışdıqca sən əsəbiləşirsən, özündən çıxırsan. Dedim Vallahi, mənim yerimə siz də olsaydınız əsəbiləşərdiniz. Erməni adı gələndə dəli olur insan, dünən bir tanış var, rayonların birinə qonaq gedib, yanımda erməni oturanda, dərhal mən gözünün qabağına gəlmişəm, onu mənə görə, mənim çəkdiyim işkəncələrə görə öldürmək istəyib. Mənim indi 46 yaşım var, mən dözümlü qadınam ki, bütün baş verənlərdən sonra müsahibə də verirəm, verilişlərə də gedirəm.

İradə Məmmədova:XX əsrin əvvəllərində istər Cənubi Anadolu, istərsə də Azərbaycan ərazisi olsun, ermənilər türk-müsəlman əhaliyə qarşı soyqırım törədəndə, xüsusi metodlarla uşaqları, yaşlıları və qadınları öldürdükləri, onlara işkəncə verdikləri arxiv sənədləri ilə sübut olunmuşdur. Mən bu arxiv sənədlərindən birində oxumuşdum ki, qadınları xüsusi metodlarla qətlə yetirir, ağlagəlməz işkəncələr verirlə., Məsələn, övladının ətini bişirərək anasını onun ətini yeməyə məcbur etmək, yaxud balasını asıb anasını onun axan qanının altından keçməyə məcbur etmək və s. kimi. Bəs burada hansı metodlardan istifadə edirdilər?

Dürdanə Ağayeva: Biz səhər əsir düşdük, bizi Əsgəranın KPZ-sinə apardılar. KPZ də bilirsiniz nədi, türmədi də, polisin zirzəmisi. Orada mənim gözümün qarşısında heç kimi öldürmədilər. Yan otaqda güllələyib öldürürdülər, gözümün qabağından apardılar, sonra deyirdilər filankəsi aparıb başını kəsdilər. Sonra o dərəcədə döyürdülər ki, əsirləri, döyülməkdən ölürdülər. Mən orada ölümü bu şəkildə gördüm, müharibə gedən yerdə, şumluqda güllələnib qətlə yetirilənləri. Əsirlikdə ölüm görmədim, çünki içəridə idim. Mən hər şeyi başa düşürəm, düşmən cavana, qocaya baxmır. Ancaq hamilə qadına sən silah atırsan. Görürsən ki, bu hamilədir, gəzə bilmir, gücnən qaçır, özü bir tərəfə qalsın, bətnindəki balasını qorumaq istəyir, sən buna necə güllə atırsan? Ay erməni sənin gözün kordur ki, o şumluqda qaçan 3-5 yaşlı, 8-10 yaşlı uşaqlardır, sən onlara necə güllə atırsan? Bu barmaq tətiyə necə gəlir? Mən bir ana-bala gördüm, ana uşağını alıb qucağına qaçır, uşağını qorumaq üçün kürəyini verib gülləyə. Ananın başından güllə dəydi, tap yıxıldı. Ana yıxılanda indi uşaq ana deyə deyə qışqırır. Uşağı da vurdu gözümün qabağında, mən çalada idim. Ana və uşağın qanı qarışdı bir-birinə. Allah bunlara lənət etsin. İndi biz televizorda baxırıq Suriya hadisələrinə. Mən Türkiyədə dedim ki, ilk başlar Xocalıda kəsildi. İlk uşaq da Xocalıda öldürüldü. İndi deyirlər Suriyada uşaq qalmayıb hamısı qətlə yetirilib. Mənim onlara da ürəyim ağrıyır. Ama mən dedim ki, sizin indi bunlara ürəyiniz ağrıyır. Ama 26 il əvvəl başlar ilk dəfə Hocalıda kəsildi, insanlar yandırıldı, hamilə qadınlar öldürüldü, nə bilim eee.. bəzi şeyləri danışa bilmirəm, dilim gəlmir, təcavüzlər, daha nələr, nələr.. ölmək ən yaxşısı idi. Mən 8 gün qaldım orada, dedim Ya Rəbbim, Ya Rəsulallah öldür məni. Mən o işkəncədən, o iyrənclikdən qurtarmaq istədim. İnsan bir gündə nə qədər iskəncəyə məruz qalar. Karo mənə deyirdi ki, səni aparacağıq Ermənistana orda ürəyini çıxardacağıq, bizə donor üçün ürək lazımdır. Ya deyirdilər ki, böyrək lazımdır, ya deyirdilər ki, qol lazımdır, ay Allah nələr deyirdilər.

İradə Məmmədova: Yəni psixoloji zərbədə saxlayırdılar.

Dürdanə Ağayeva: Bəli. siz bilirsiniz o Monte Melkonyan nə qədər iyrənc adamdır. Ermənilər onu milli qəhrəman elədilər. Yerevanda ona heykəl qoydular, ucaltdılar onu, bir cinayətkarı qəhrəman elədilər. Şükür Allaha  biz də şəhidlərimizə dəyər veririk. Sağ olsun dövlət başçımız. Dövlət başçımız şəhidə baş əyirsə, biz də əyirik. Yəni biz də qiymət, dəyər veririk. Mənim dövlət başçım, prezidentim bu gün Xocalı abidəsinə baş əyir, onun başı var olsun. Mənə də dəyər verməsələr ruhdan düşərəm. Xocalı soyqırımının 25 ildönümündə ayaqla yürüş etdi prezidentimiz. Gör biz nə qədər qürürlandıq ki, prezident millətimə dəyər verir. Millətim olmasa, mənə dəyər verən olmaz. Vallah gün olacaq ki, prezidentlə də görüşəcəm. Bilirsiniz mən Xocalıda şəhid olanların sayını, 613 rəqəmini görəndə çox düşünürəm. 2007-ci ildə qətlə yetirilənlərin siyahısı tutuldu, 613 rəqəm olaraq bunun gerbi vuruldu. Sonra araşdırmalar və axtarışlar aparıldı. Məsələn, 2007-ci ildə heç mən müsahibə verməmişdim. Əsirlikdə olanda məni Əsgərandan Xankəndinə aparanda yolda arxın qırağı meyitlərlə dolu idi. İndi oradıkılar da şəhid olmuşdu, amma naməlumdur. Allah Çingiz Mustafayevə rəhmət eləsin o olmasaydı, biz Xocalını sübut edə biməzdik.

İradə Məmmədova: Bir uşaq sağ çıxmışdı oradan, sonradan donu açılmışdı, valideynləi də adını dəyişdirib Çingiz qoymuşdular.

Dürdanə Ağayeva: Hə yuyanda donu açılmışdı. Yəni Çingiz Mustafayevin o kadrları, o şəkilləri olmasaydı, bü gün Xocalı bu qədər bilinməzdi. Bu gün o günün sübutu mənəm, qardaşımdı və digər xocalılardır.

İradə Məmmədova: Ermənilərin təbliğatı güclüdür, hər yerdə də kök salıblar və xristian təəssübkeşliyi var, arxalarında xüsusi olaraq güç dövlətləri dayanır, rus faktorunun da rolu vardır.

Dürdanə Ağayeva: Mən orada 8 gün qaldım, düzdür on gündür, ancaq 10 gün deməyək 8 gün deyək. Xocalıda olan rus, gəlib qapımızı döyüb bizdən çörək istəyən rus əsgəri, mən əsirlikdə olanda orada KPZ-ləri süpürürdü. Rus ingilis bayrağı kimi gah o tərəfə yıxılırdı, gah da bu tərəfə. Bilmirsən ki, hansı məzhəbə qulluq edir. Mən loru dilində deyirəm bunu, mən tarixçi deyiləm, mən siyasətçi deyiləm. Ancaq o vaxtı rus olmasaydı, erməni heç nə eləyə biməzdi. 366-cı moto-atıcı alayın texnikası olmasa idi, heç nə eləyə bilməzdi. Rus idi Xocalıda qıran, erməninin nəyi vardı, misal üçün 1988-ci sentyabrın 18-də nə ilə gəlmişdilər. Ov tüfəngi ilə. Hələ yaralandılar da, geri qayıtdılar. Mən  əsirlikdə olan müddətdə orada farsda gördüm, ingilis də, fransız da, İrəvandan və Türkiyədən gələn erməniləri də, Sumqayıtdan olan erməniləri də, zənciləri də, müsəlman ölkələrindən olan muzdlu əsgərləri də gördüm. O vaxtı da o muzdluların Qarabağa gətirilməsində baş rolda olanların biri də Monte Melkonyan idi.

İradə Məmmədova: Qardaşınızın əsirlikdə başına nə gətirilmişdi?

Dürdanə Ağayeva: Qardaşım da yaralı idi. O da bir tarixdir, canlı şahiddir. Yəni mən gördüklərimi qardaşım görməyib, qardaşım görənləri mən görməmişəm. Birincisi qardaşım kişilərin yanında olub, mənə elə şeylər danışıb ki, demişəm ay Allah, orada belə vəhşilik olub. Mən ona danışanda deyir ki, sən də bunları bilirsən. Biz bacı-qardaş bir araya gələndə artıq bizim mövzumuz Xocalıdır. Xocalı faciəsindən qabaq olanları da danışırıq. Bulaqlardan danışırıq, adamın ürəyi istəyirdi də, bu çayı içirsən, bu çayın dadı yoxdur, deyir ay Allah bir dənə filan bulaq olsaydı, çox demirəm bir stəkan olaydı, onun suyundan içəydim, ürəyimə sərinlik gətirərdi. Bu gündən sonra mən 40 il də yaşasam burada yaşasam, Azərbaycan mənim vətənimdir, ama mən yenə də oranı, Xocalını istəyirəm. Ora yenə mənimdir ee. İtirilmiş vətənimdi. Xocalıdan gələn bütün ahıllarımız dünyasını dəyişib. Vallah qalmayıb.

İradə Məmmədova: Siz bəlkə Xocalıda gördüklərinizdən, suyundan, təbiətindən, nə bitirdi, nə əkilirdi, bir kitab yazasınız, maraqlı olardı.

Dürdanə Ağayeva: İnşallah. Heç nə istəmirəm, bilirsiniz İradə xanım, ürəyimdən nə keçir. Bir dənə  qızım Ləman universitete qəbul olunsun, ali təhsil alsın. Bax o Ləmana görə yaşamaq istəyirəm. Onun varlığı, onun gələcəyi üçün yaşamaq istəyirəm. Yoxsa simada varam, içim çürüyüb. Ermənilərin bizə verdiyi o zülmün, o işkəncənin altını mən bu gün də çəkirəm. Mən niyə xəstə olmalıyam, heç 50 yaşım yoxdur, mən 10 metr yolu piyada gedə bilmirəm. Yoruluram, o saat bir maşın axtarıram, oturmaq, dincəlmək istəyirəm. Axı mənim o yaşım deyil. Nənəm deyərdi ki, 70 yaşından sonra insan qocalır, mən artıq qocalmışam, daxilən qocalmışam.

İradə Məmmədova: Elə bir sual var ki sizə verməyiblər, istəyərdiniz ki versinlər.

Dürdanə Ağayeva: Hə istəyərəm ki, bax mənim işim haqqında sual versinlər ki, o kommunutatorun arxasında nə olurdu?

İradə Məmmədova: Siz rabitəçi işləyəndə iş yerində nə baş verirdi?

Dürdanə Ağayeva: Mən rabitəçi olanda o kommutatotun arxasında o qədər maraqlı işlər olurdu. Ancaq blokadaya düşdükdən sonra, gecələr işıqlar sönürdü, Xocalıda ondan sonra, çətin işlər oldu. Bütün Xocalının ümidi, bütün diqqət yönəldi rabitəyə. Yəni o rabitə ocağında mən məsələn, növbədən çıxıb evə gedirdim. Evə getmək üçün bir 20 dəqiqə ayaq ilə getməliyəm. Gəlirdim çıxırdım yola, yol qırağı gəlirdim, sonra öz küçəmizə gəlirdim. O qədər insanlar vardı, ahıllarımız, ağsaqqallarımız. O deyirdi, ay qızım bu axşam nə eşitmisən, bu biri deyirdi, ay bala bu axşam nə olub. Misal üçün otururdum kommunatorun arxasında, qulaqcığı taxırdım, deyirdim ay filankəs haradasan, vəziyyət necədir? Qışqırırdım. Nə bilim ona zəng edirdim, buna zəng edirdim, deyirdim ki, qırırlar bizi. Ağdamdan, Şuşadan, bəzi yerlərdən, bölgələrdən zəng edirdilər, deyirdilər Xocalının qəhrəman qızları. Hara zəng vururuq, kişilər cavab verir, amma yeganə Xocalıda qızlardır. O atışmanın, müharibənin içində qadınlar cavab verirdi. Özümüz ilə fəxr edurdik ki, biz qorxmazıq. Başa düşürsünüz. Biz necə deyim, biz ürəkliyik, biz torpağımızı sevirik. Məni ora nə idi bağlayan. Məsələn, mənim anam dedi ki, çıx get, mənim ata tərəfdən nənəm Ağdamda yaşayırdı. Çıx get, qalma kənddə, mən torpağımı sevirəm ee. İkinci də ki, mən niyə gedim Ağdamda qalım. Mən öz evimdə qalıram. Bir də əsas odur ki, mənim anam, qardaşlarım, məndən əskik idi bəyəm, mən onları qoyum qaçım? Bir də bizdə ratsiyalar vardı. Kommunutatorun üstündə 4 dənə ratsiya vardı. Onlarda hər dəfə nömrələrimiz vardı da, çağırırdılar, götürürdük, deyirdim, eşidirəm mən. Onlar bizə bir fəxrnən xanım deyirdilər. Var olun deyirdilər. Fəxr eləyirdilər bizimlə. Milli qəhrəman Əlif Hacıyev deyirdi ki ”mən səninlə fəxr edirəm a qara qız, yaxşı ki, oturmusan bu kommutatorun qarşısında”.  Deyirdi ki, mən ölməmişəm ee, siz qorxursunuz. Siz nədən qorxursunuz? Ermənilər Əlifdən bilirsiniz necə qorxurdular. Əlif adı gələndə Erməni çəkinirdi. Çox cəsur, igid, zəhmli və qorxusuz idi. Xalq arasında deyirlər ee, ilan ürəyi yeyib, bax elə bir cəsurdu. Mən də Əlif kimi, Tofiq kimi, ondan sonra Aqil kimi komandirləri görəndə ürəklənirdim. Deyirdim ki, kimdi bu erməni qələt eləyir, bunlar olan yerdə. Ancaq bilmədik ki, rus, 366-cı alay bir gün gəlib dolacaq Xankəndinə və ermənilərə dəstək olub Xocalını alacaq. Erməni heç kim idi. Rusun gücünə, rusun pulunun və texnikasının gücünə, o vaxtı onlar xaricdən muzdlular da gətirdilər, döyüşçü də gətirdilər, silah da aldılar. Mən orada, hələ indiyəcən heç azərbaycanlılarda da görməmişəm, lüləsi deşik-deşik, qundağından tutan yeri balaca olan İzrail silahları gördüm. İzraildən olan ermənilər gətirmişdi. Mən əsir olanda işkəncə vermək üçün dəfələrlə Xankəndinə, Əsgərana aparırdılar gətirdilər. Bütün muzdluları mən görmüşəm, hətta ərəbləri göstərdilər mənə. Baxın, öz müsəlmanınızdır, gəlib sizə güllə atmağa. Bilirsiniz çətin anlar idi. Həmin gecə çox çətin oldu. Həmişə soyqırımdan danışanda, faciədən əvvəl və sonra olanlara baxıram. Xocalıya gətirən səbəblərə. Mən tarixçi deyiləm, ama tarixi çox sevirəm. Yəni düzünü, düzgünlüyü, yəni niyə mən uşağıma o qədər danışıram ki, Ləman bunu məndən yaxşı bilir, tarixi ilə, dəqiqliyi ilə. İcazə vermirəm, ona kitabımı oxusun. Deyirəm olmaz, hələ balacasan. 18 yaşına çatanda oxuyarsan. O məndən yaxşı bilir, çünki vaxtı ikən ona nənələri də danışıb, dayısından da eşidib. Ləman Xocalıdan danışanda gözündən yaş gəlir, ağlayır.

İradə Məmmədova: Xocalı ilə bağlı tarixçilərdən nə gözləyirsiniz?

Dürdanə Ağayeva: Tarixçilərdən biz  şahidlər ilə maraqlanmalarını istərdim.

Mən düşünürəm ki, bizim Xocalının əhalisinin hamısı fədakardır. O gecə, orada fədakarlıq elədilər, yəni rus olmasaydı, ermənilər bir şey eliyə bilməzdilər.

İradə Məmmədova: Orada sizdən başqa xanımlar var idi?

Dürdanə Ağayeva: Bəli var idi, ancaq onlar 1 gün qaldı. Heç 1 gün də qalmadılar, onları tez buraxdılar. Xocalının bütün xalqı fədakardır. Şəhidlərimizin hamısı, mənim gözümdə Xocalıda uşaqdan böyüyə hamısı qəhrəmandır. Bizim fədakar qadınlarımız çoxdur. Elə qadınlarımız var ərini, oğlunu orada qoyub çıxmadı. Çıxanda əri ilə bərabər öldü. Elə oldu ki, əri şəhid oldu, özü çıxdı. İndi taledir də, qismət, alın yazısı. Mən istəyirəm ki, 3-cü kitabımı fədakar qadınlara həsr eləyəm. Mənim uşaqlığımı xatırladan bir dənə də olsun şəklim yoxdur, hamısını ermənilər yandırdılar. Mənim uşaqlığım sadəcə xatirələrimdə qalıb. İşğal altında olan torpaqlarımızın azad olunmasını istəyirəm. Nə qədər ki, erməninin arxasında rus var, bu mümkün olmayacaq. Ancaq deyirəm ki, biz xöşbəxt millətik. Azərbaycan xalqı xoşbəxt millətdir. Niyə? Çünki Azərbaycan və Türkiyənin prezidentlərinin birləşərək Qarabağı alacağı fikrindəyəm. Ümidimiz bu gün Türkiyəyədir. Başqa yolumuz yoxdur.  Bu gün bizim arxamışda duran Türkiyədir, türk xalqıdır. Bax bu gün türk qardaşlarımız məni dəvət edirlər, yol xərclərimi, otelimi, yeməyimi ödəyir, Dürdanə xanım təki gəl danış deyirlər. Gəl Xocalıdan danış, gəl özündən danış, nə gördün onu danış, erməni kimdir onu başa sal, erməni vəhşiliyini anlat bizə deyirlər. Görün bunlar nə qədər insanlara dəyər verməyi bacarırlar. Mənim və digər şahidlər haqqında sənədli film çəkirlər, mənə sən Azərbaycanın qəhrəman qadınısan deyirlər. Gəlin heç olmasa bir-birimizə dəyər verməyi öyrənək. Qədrimiz bilin ee, alın yazın. Bu gün mən sağamsa, gəlin, məndən istifadə edin.

İradə Məmmədova: Çox təşəkkür edirəm, Dürdanə xanım.

Nəticə. Hər il Xocalıda baş verənləri anlatmaqda məqsədimiz ağlamaq və sızlamaq deyildir. Bizim əsas məqsədimiz: nə etməli ki, Xocalı da daxil bütün soyqırım və qətliamlara son qoyulsun. Nə etməli ki, Dürdanə Ağayeva kimi qızların həyatı cəhənnəmə dönməsin, arzuları puç olmasın, həyatları məhv olmasın. Nə etməli ki, bütün dünya Xocalı və digər soyqırımların hüquqi qiymətini versin.  Nə etməli ki, işğalcı Ermənistan qüvvələrini Qarabağdan çıxartsın. Nə etməli ki,  gələcəkdə heç bir uşağın başı qisas alınmaq adı ilə kəsilməsin, uşaqlar işkəncəyə məruz qalmasınlar. Nə etməli ki, dinindən, irqindən, millətindən asılı olmayaraq heç kim, soyqırıma, dəhşətə və qətliama məruz qalmasın. Günümüzdə böyük dövlətlərin ikili standartları, xristian amili, bütün dünyada İslama və müsəlmanlara münasibətdə düşmənçilik siyasəti yeridildiyi, bütün pisliklərin müsəlmanlara şamil edilməsi fonunda bu məqsədə çatmaq çətindir. Ermənisan faktiki olaraq bir müstəqil dövlətin torpaqlarını işğal etmiş, ancaq hələ də bu məsələ sülhlə həllini tapmalıdır deyilir. Halbuki Ermənistan heç bir şərt olmadan işğal etdiyi əraziləri tərk etməlidir. İkili standartlar fonunda türk və müsəlman dövlətləri iqtisadi cəhətdən güclü olmaq məcburiyyətindədir ki, gələcəkdə siyasi meydanda söz demək imkanı əldə edə bilsinlər, sağlam düşüncəyə sahib dövlətlər və şəxsiyyətlərlə birləşərək Qarabağ da daxil olmaqla ağrılı problemləri həll edə bilsinlər. Güclü olmadıqca, nə Xocalıya ədalət tələb edə, nə Ermənistan və onların havadarlarının qoşunlarını Qarabağdan çıxara, nə də dünyda öz iradəmizi qəbul etdirə bilərik.

Şərh yaz