18 Fev

 

Hamının sevimlisi, gülərüz, hər kəsə təmənnasız kömək edən Ədilə xanım Salyanda məhşur olan Ağabəylilər nəslindəndir. Əmir Teymurun (1370-1405) Cığatay tayfasına mənsub olmuş Ağabəylilər Muğanın qədim nəsillərindən biridir. XVI əsrin sonunda, XVII əsrin əvvəllərində bu nəslin nümayəndələri Şah I Abbas Səfəvinin əmirlərindən olmuş və Səfəvi imperiyasının Hindistan sərhədlərində zabit rütbəsində xidmət etmişlər. 1603-1612-ci illərdə onlar Osmanlı-Səfəvi müharibələrində iştirak etmiş və Muğanın azad olunması uğrunda vuruşmuşlar. Bu xidmətlərinə görə şahın fərmanı ilə nəslin nümayəndəsi Arslan bəyə Muğanda torpaq mülkü bəxş edilmişdir. Onun ulu nəvəsi Cığatay bəy Qacarlar dövründə (XVIII əsrin ikinci yarısı) Salyanda mülkədar olmuşdur. Bu  nəsil  öz başlanğıcını Salyan hakimi Ağa Əli xanın oğlu Cığatay bəyin yeganə oğlu Ağabəydən götürür. Salyanda ən böyük nəsillərdən biri olan Ağabəylilər nəsli Salyanın Kür Qaraqaşlı kəndinin əsasını qoymuşlar. Ağabəy nəsli Salyanın və ətraf rayonların ictimai-mədəni və  elmi həyatında  mühüm  rol  oynamışdır.  Bu nəsil Azərbaycan xalqına igid oğullar, istedadlı sənətkarlar, görkəmli elm, incəsənət xadimləri və nəhayət sadə, zəhmətkeş övladlar bəxş etmişlər. Bu nəslin layiqli övladlarını saymaqla bitməz: Mirzə İsmayıl Ağa Ağabəy oğlu, Samit,  Əsəd,  Mirzə  İsmayılın  övladları,  görkəmli şərqşünas  general  Sadıq  Bəy  Ağabəyov (Ağabəyzadə) filosof,  türkoloq  və  böyük  alim,  demokratiyanın ilk nəzəriyyəçisi Əli bəy Hüseynzadə, xalq içində, eləcə də  bütün mərtəbələrdə hörmət və nüfuz sahibi olan Əli bəy Əsəd oğlu Ağabəyli, dünya şöhrətli görkəmli alim – seleksioner, akademik Ağaxan Ələsgər oğlu Ağabəyli, Balabəy, Sənan, Özbək, Firdovsi, Binyamin, Həmid, Mehdi, Rafət, Faiq, Ələsgər,  Əli,  Mirzəli,  Fətəli,  Dilavər,  Mirzəağa,  Nofəl, Seyran, Rizvan, Urfan, Nüyuton, Əlipaşa, Bulat, Yaşar, Naseh,  Feyzi  və  onlarla  görkəmli  və  sadə  Ağabəylilər. Onu da qeyd etmək lazımdır ki, Ağabəylilər nəslinin nümayəndəsi olan Seyran Sənan oğlu Ağabəyov dahi bəstəkarımız Üzeyir bəy Hacıbəylinin ölməz “O olmasın, bu olsun”, “Arşın mal alan” musiqili komediyalarının, Səməd Vurğunun “Vaqif” dramının ingilis dilinə tərcümə edən ilk azərbaycanlıdır (Ağabəylilər nəsli haqqında məlumatlar S.S. Ağabəyov, Y.Ə. Ağabəyov. Ağabəylilər. Bakı: Nurlar, 2008, 248 s.; Sahib Sailov. Zəkanın gücü (1954-2013). Bakı, «Araz» nəşriyyatı, 2014, 416 s. kitablarına istinadən verilmişdir).  Ədilə xanımın atası Seyran Ağabəyov  gözəl cərrah və travmatoloq, anası Rəbiyyə xanım isə sayılıb seçilən göz həkimi olmuşdur. Ot kökü üstə bitər deyib atalarımız. Ədilə xanım da Ağabəylilər nəslinin layiqli davamçısıdır. Ədilə xanım Xarici Dillər Universitetini bitirib və İngilis dili üzrə ixtisaslaşıb. Hal-hazırda çalışdığı Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitunun nəşr etdiyi kitabları, məqalələri, eləcə də digər müəlliflərin bir çox əsərlərini inigilis dilinə uğurla tərcümə etmiş, bəzi kitabların redaktoru olmuşdur (Y.M.Mahmudov. Azərbaycanlılar (etnik-siyasi tarixə ümumi baxış). Bakı, «Aspoliqraf», 2008, 64 səh.; Mahmudlu, Yaqub Mikayıl oğlu. Seçilmiş əsərləri (Y.M. Mahmudlu; elmi red. Y. H. Gözəlova.  VI cild (tərt.: N.B. Məmmədova, G.Talıbova, Ə.S. Ağabəyova, Bakı, Təhsil, 2011, 872 s.; M.Ə. Nəbiyeva, C.H. Nəbiyev. Qarabağ döyüşləri xatırlanır, yaxud Fikrət terrorun qarşısını necə aldı? Bakı, «Nafta-Press», 2005, 149 səh.; Erməni terorizmi; Ön Asiya və Qafqazda erməni terrorizmi; Erməni məsələsi türkün gözü ilə; Azərbaycan Böyük Vətən müharibəsi illərində; 20 yanvar:  qırmızı və qara; Döyüşə qızlar gedir; Ümid olmasa ölərəm (Xocalı); Onlar bir daha böyüməyəcəklər; Xocalı uşaqları; Ölümdən o yandakı Xocalı; Azərbaycan və Avropa; İrəvan xanlığı (1-ci buklet); Leylatəpə mədəniyyəti, Şahdağ xalqları, Qarabağ 100 sual, 100 cavab; Sənin eşqinlə ibadətdədyəm (dini fəlsəfi) və s.). Onu da qeyd etmək lazımdır ki, Ədilə xanım AMEA Tarix İnstitutunun nəşri olan “Elmi Əsərlər” jurnalının redaksiya heyətinin üzvüdür.

Həmkarları və dostları Ədilə xanım haqqında:

Dos., t.ü.f.d. Fəridə Xanım:

Əziz Ədilə xanım! Yeni yaşınızda Sizə möhkəm can sağlığı, bolluq, bərəkət, uzun ömür və ən əsası istirahət üçün asudə vaxt arzulayıram. Yüz yaşa!

Dos. t.ü.f.d. Emiliya xanım:

Mənim sevimli Ədilə xanımım! Sizə saglam, uzun ömür arzulayıram! Arzu edirəm ki, heç kəsə ehtiyacınız olmadan xoşbəxt ömür yaşayasınız! Necə deyərlər, qapınızı, pəncərənizi özünüz açıb bağlaya biləsiniz! Yubileyiniz mübarək!

Dos. t.ü.f.d. Sahibə xanım:

Səmimi, sevimli, dəyərli dostum Ədilə xanım! Mən bu sözləri sınaqdan çıxmış bir insan haqqında deyirəm. Biz AMEA Tarix İnstitutundakı otağımızda bir-birinə ən yaxın məsafədə otururuq. Demək olar ki, can dostuyuq, sirdaşıq. Ədilə xanim, Sizi çox sevirəm! Ailəniz üçün gözəl ana, nəvələr üçün “kişi” nənə və qayğıkeş qaynanasınız. Gələcəyini gətirəcək hər yeni günün əvvəlki gündən daha gözəl, istəklərinə uyğun və səni xoşbəxt edəcək şəkildə olmasını diləyirəm. Üzündə hər zaman təbəssüm olsun, çünki sənə çox yaraşır. Neçə belə uzun və xoşbəxt illərə…..

“Tərcümə və nəşriyyat işi” şöbəsinin müdiri, riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Mehri Xanbabayeva:

Əziz Ədilə xanım! Həyatınızda unudulmayan, düşündükcə xatırlanan mənalı günlərinin sayı daha da çox olsun. Sizi həmişə sağlam, xoşbəxt və ürəyindən keçən bütün arzulara çatmış görək!

“Qarabağ tarixi” şöbəsinin müdiri, t.ü.f.d., dosent Güntəkin Nəcəfli:

Əzizim Ədilə xanım!  Orta məktəb illərində öyrəndiyim, adını xatırlamadığım bir dahinin bu fikri heç zaman yaddaşımdan silinmədi: “Xeyirxahlıqheç zaman köhnəlməyən bir libasdır.  Ən gözəl insani keyfiyyətlərdən biri olan xeyirxahlıq Sizinlə əkiz doğulmuşdur – desəm yanılmaram. Mən Sizi 15 ilə yaxın bir müddətdə hər zaman təmənnasız, heç bir əvəz ummadan başqasına yaxşılıq edən bir insan, işgüzar bir xanım, qayğıkeş bir ana kimi tanıdım.

Ulu tanrı Sizin bu libasınızı heç zaman köhnəlməyə qoymasın, bütün işlərinizdə xeyir-bərəkət, güç-qüvvət versin. Yeni yaşınızda Sizə, ailənizə can sağlığı, mənalı günlər və bol ruzi arzulayıram!

Dos., t.ü.f.d. Nərminə Əmirbəyova:

Bu gün gözəl qadın, gözəl ana, gözəl insan Ədilə xanımın doğum günüdür. Həyatda çox şeylər öyrəndiyim, Ədilə xanımı ürəkdən təbrik edirəm! Siz mənim dünyada  çox sevdiyim insanlardan birisiz! Sevginizə, səmimiyyətinizə və sonsuz xeyirxahlığınıza görə sizə minnətdaram. Tanrı sizi yer üzünə insanlara şəfqət, ümid, ədalət və sevgi bəxş etmək üçün göndərib. Siz dünyanın ən gözəl və ləyaqətli insanısınız. Allah sizə cansağlığı və bol sevgi bəxş etsin, bütün arzularınız həyata keçsin!

Dos., t.ü.f.d. Fərəh Hüseyn:

Ədilə xanım İnstitutumuzun ən dəyərli və əvəzedilməz əməkdaşlarındandır. O, zəhmətkeşliyi və xeyirxahlığı ilə hamının sevgisini və rəğbətini qazanmışdır. Ədilə xanımın biliyindən və savadından hər birimiz zaman-zaman bəhrələnmişik. Xoşbəxt olmaq üçün insana nə lazımdırsa Ədilə xanımda var – gözəl ailəsi, fəxr etdiyi övladları və nəvələri, sevdiyi işi, etibarlı dostları. Əziz Ədilə xanıma ən böyük arzum möhkəm can sağlığı və illərdir həsrətində olduğu doğma Qarabağına, Şuşasına qovuşmasıdır. Əslində bunu hər birimizə arzulayıram

Dos., t.ü.f.d. Səbinə Alməmmədova:

Hörmətli həmkarım və sevimli Ədilə xanım! Sizə can saglığı, analıq hisslərinin bol sevinclərini, nənəlik duyğularının şirinliklərini daim yaşamağı arzulayıram! Yeni yaşınızda mənəvi dünyanız qəlb rahatlığı ilə nurlansın! Nə yaxşı ki varsız və nə yaxşı ki, bu həyat yollarında birgə addımlayırıq!

Dos., t.ü.f.d. İradə Məmmədova:

Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun dəhlizində və yaxud liftin yanında gülərüz, uzünürlu bir xanımla rastlaşırdım. Ən əsəbi və qanıqara vaxtımda belə bu xanımla rastlaşanda əhvalım o saat düzəlirdi. Pozitiv əhval ruhiyyəsi, üzündəki təbəssüm insana o saat siyarət edirdi. Adını bilmədiyim bu üzü nurlu xanımla hər dəfə rastlaşanda hal-əhval tuturduq. Bir dəfə məqaləmin xülasəsini İngilis dilinə çevirmək lazım idi. Soraqlaşdım, Ədilə xanımı nişan verdilər. Onun otağına girəndə coxdandır hörmət bəslədiyim bu gülərüz xanımın Ədilə xanım olduğunu öyrəndim. Təbii ki, hamıya elədiyi kimi, mənim də xülasəmi təmannasız olaraq İngilis dilinə çevirdi. Beləcə, Ağabəylilər nəslinin layiqli davamçısı olan, bu səmimi, gülərüz, eyni zamanda çox çalışqan, yardımsevər və təvazökar xanımla dostluğumuz, yaxınlığımız, ünsiyyətimiz davam etdi. İşinə məsuliyyətli yanaşan, daima axtarışda olan, ona tapşırılan işi diqqət və tələbkarlıqla yerinə yetirən Ədilə xanımın Cığatay nəslinə mənsub Ağabəylilərdən olmasını, gözəl insan, həm də həkim olan valideynləri, ailəsi, ümumilikdə Ağabəylilər nəslinin nümayəndələri haqqında maraqlı söhbətləri onu və nəslini daha yaxından tanımağıma imkan yaratdı. Ədilə xanım qayğıkeş həyat yoldaşı, mehriban ana və səmimi iş yoldaşıdır. Bu gün bu gözəl, səmimi və təvazökar xanımın yubileyidir.

Əziz və mehriban Ədilə xanım! Bu yeni yaşınızda sizə uzun ömür, can saglığı, firavanlıq, bolluq, Allahın bir insana nəsip edə biləcəyi bütün xeyirli və gözəl diləkləri arzulayıram. Açılan hər sabah Sizə sevinc, xoşbəxtlik və ruzi bərəkət gətirsin!

Azərbaycan Tarix Qurumu İctimai Birliyi Ədilə xanımı yubileyi münasibəti ilə ürəkdən təbrik edir, can sağlığı, uzun ömür və fəaliyyətində uğurlar arzulayır!

 

 

 Mətni hazırladı İradə Məmmədova,

Azərbaycan Tarix Qurumu sədr müavini

18.02.2019

 

 

 

 

 

1 Şərh

  • Ədilə Mart 1, 2019 tarixində, saat 10:48 səhər

    Əzizlərim, dəyərlilərim. Gözəl, ürəkdən gələn sözlərinizə görə hamınıza tək-tək təşəkkür edir, hamınıza can sağlığı, bol-bol xoş günlər arzulayıram. Siz daim yanımda oldunuz,istər xoş günlərimdə, istərsə də kədərli günlərimdə… Allah sizə daim xoş günlər yaşatsın. Var olun, əzuzlərim. Nə yaxşı ki, varsınız. Hamınızı bağrıma basıb öpürəm!

    Cavabla

Şərh yaz