18 Yan

Tofiq Mustafazadə

 Əməkdar elm xadimi,

Tarix üzrə elmlər doktoru,

professor,

Şahin Fazil

Tarix üzrə elmlər doktoru,

professor.

                  

       İlyas Atabala oğlu Babayev. Görkəmli arxeoloqlardan biri. AMEA-nin müxbir üzvü, tarix elmləri doktoru, professor İlyas Babayev.

Azərbaycanımızın Quba rayonunun Xanagah kəndində dünyaya göz açmış (1935), 7 illik Xanagah kənd məktəbinin şagirdi olmuş (1941-1948), rayonun Rustov kənd orta məktəbində təhsilimi başa çatdırmış (1949-1952), S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsinə  daxil olmuş (1953), bu ali məktəbi fərqlənmə diplomu ilə bitirmiş (1958), AMEA Tarix İnsitutunun Arxeologiya şöbəsinin kiçik elmi işçi vəzifəsinə işə götrülmüş (1958), qədim Qəbələ şəhər yerində arxeoloji qazıntılara başlamış (1959), Qəbələ arxeoloji ekspediyasının təşkilatçılarından və iştirakçılarından biri olmuş (1959-1990), SSRİ  EA Arxeologiya İnsitutunun Leninqrad bölməsində aspirantura təhsili almış (1961-1964), Azərbaycanın AMEA Tarix İnsitutunun Arxeologiya şöbəsinin kiçik elmi işçisi olmuş (1965-1970), “Azərbaycanın antik  və ilk orta əsrlər dövrü qliptika abidələri” mövzusunda tarix elmləri namizədi alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiə etmiş (1965),   Azərbaycan EA Tarix İnsitutunun baş elmi işçisi sifətilə çalışmış (1970-1987), Moskva şəhərində SSRİ  EA Arxeologiya İnsitutunun Elmi Şurasında tarix elmləri doktoru alimlik dərəcəsi almaq üçün “Qafqaz Albaniyasının şəhərləri e.ə. IV-III əsrlərdə” mövzusunda dissertasiya müdafiə etmiş (1983), Azərbaycan  EA Tarix İnsitutunun Antik dövr arxeologiyası şöbəsinə müdir seçilmiş (1987), Özəl Azərbaycan Universitetinin “Tarix və İctimai fənlər” kafedrasına rəhbərlik etmiş (1992-2001), AMEA Arxeologiya və Etnoqrafiya İnsitutunun “Antik dövr arxeologiyasının müdiri vəzifəsində çalışmışdır (2002-2017).

       AMEA-nın  müxbir üzvü seçilmiş (2007) İ.A.Babayev  Macarıstanın Budapeşt şəhərində keçrilən Beynəlxalq elmi konfransda Azərbaycanın qədim tarixi və arxeoloji abidələri haqqında məruzələr etmiş (2007-2009),  Belçikada yerləşən İNTAS Beynəlxalq təşkilatının tədqiqatlara qrantlar verilməsi üzrə qiymətləndirmə eskperti olmuş (2008-2009), Koreya Respublikasına elmi-işgüzar səfərə yollanmış (2010), İtaliyada  (Milan, Piza, Florensiya) elmi  məruzələrlə çıxışlar etmişdir (2013).

       Bunlardan başqa Bakı Dövlət Universitetinin nəşr etdiyi “Tarix və onun problemləri” jurnalının Redaksiya Şurasının üzvü (1997-ci ildən), Özəl Azərbaycan Universitetinin professoru (2001-2002), Azərbaycan Respublikası Prezidenti yanında Ali  Attestasiya Komissiyasında  Ekspert Şurasının üzvü və bir müddət sədri (2001-2010), “Azərbaycan  arxeologiyası” jurnalının Redaksiya Şurasının üzvü (2006-2007), “Azərbaycan Ensiklopediyası”nın Redaksiya Heyətinin üzvü (2008-ci ildən) bir neçə müdafiə şuralarının üzvü (2013-cü ildən), Respublika Elmi tədqiqatlarının təşkili və əlaqələndirilməsi Şurasının üzvü (2014-cü  ildən), AMEA İctimai Elmlər Bölməsinin büro üzvü (2015), Rusiya AMEA Arxeologiya İnsitutunun nəşr etdiyi “Tarix, Filologiya, Mədəniyyətin problemləri”nin  Redaksiya  Şurasının üzvü olmuşdur  (2015). İ.A.Babayev Azərbaycan Arxeologiya elminin ən nüfuzlu araşdırmaçıları arasında həmişə diqqəti cəlb edən alim kimi tanınmışdır.

         İ.A.Babayev tərəfindən son illərdə Şəmkir rayonun Qaracəmirli kəndinin Əhəməni dövrünə aid (e.ə. IV əsrlər) saray kompleksində 30-dan çox daş sütün altlıqları aşkar edilmişdir ki, bu onun ən qiymətli tapıntılarındandır.

         İ.A.Babayev olduqca xeyirxah insan idi, onunla həmişə fəxr edirdik. 2017-ci ilin sonunda itirdik onu. Olduqca böyük itki!

         Biz bu yığcan məqaləmizi “Babayev soylu bir İlyas vardı…” adlandırdıq. İlyas müəllim kimi dəyərli alimlər haqqında felin keçmiş zamanında danışılmamalıdır zəmindəyik və “Babayev soylu bir İlyas var!” desək qətiyyən səhv etmərik!

         İndi isə İlyas Atababa oğlu Babayevin 80 illik yubileyi münasibətilə Şahin Fazilin qələmə aldığı bir şeiri təqdim edirik:

 

    

  Qazıntılar

 

Görkəmli arxeoloq-tarixçi İlyas Babayevin 80

yaşı münasibətilə

 

İlyas  Babayevin uğurlarıdır

İlyas Babayevin qazıntıları.

Uğur sərvətdir, uğur varıdır

İlyas Babyevin qazıntıları.

 

Allah  Yer düzəldib, İlyas yer qazır,

Axıdıb çay kimi yerə tər, qazır…

Qoy yazsın, adını “bəxtəvər” yazır

İlyas Babayevin qazıntılarıdır.

 

Canında şövq var ki, məharət vardır!…

Kaşanə çıxardır, qala çıxardır,

Torpağın bətnindən bala çıxardır

İlyas Babayevin qazıntıları.

 

Elə işləyir ki, külüng çat verir,

İlyas müəllimə hesabat verir…

Antik dövrlərdən məlumat verir

İlyas Babayevin qazıntıları.

 

Bel tapılmayanda dırnaqla qazır,

Biləklə sovurur, barmaqla qazır…

İlyasın adını tarixə yazır

İlyas Babayevin qazıntıları.

 

İrandan, Turandan gəlir sorağı,

Tez-tez qələm olur əsas yarağı…

Gözünün qarası, gözünün ağı-

İlyas Babayevin qazıntıları.

 

Daş- dürdanəsidir, kərpic-varıdır,

Tapdığı hər sümük-iftixarıdır…

Gələcək illərin kitablarıdır

İlyas Babayevin qazıntıları.

 

Onu səsələyən səs elmin səsidir,

Bəzən düşünürəm daha bəsidir,

Yox, cürət, cəsarət nümünəsidir

İlyas Babayevin qazıntıları.

 

Açır… Bir qəbirdən bir sırğa çıxır,

Açır…ikincidən qabırğa çıxır…

Ağrı-acısını içinə yığır

İlyas Babayevin qazıntıları.

 

Üstə həqiqət də, yalan da çıxır…

Bəzən qəbirlərdən ilan da çıxır…

Üzünə, gözünə heyrətlə baxır

İlyas Babayevin qazıntıları.

 

Kəllə söhbət edir, baş səsi gəlir…

Bir gözəl ağlayır, yaş səsi gəlir…

Ölü qulaq asır… sükutu dəlir

İlyas Babayevin qazıntıları.

 

Ehmal ilə didir yerin altını,

Ələk-fələk edir yerin altını,

Üstünə çevirir yerin altını

İlyas Babayevin qazıntıları.

 

Onu bu xeyirxah əməl ucaldır…

Özünə bünövrə¸ təməl ucaldır…

Ona Şahdağ boyda heykəl ucaldır

İlyas Babayevin qazıntıları.

 

Yeri lay-lay qazır, hey pay çıxarır,

Qəti fərqi yoxdur, qış-yay çıxarır,

Torpağın altından saray çıxarır

İlyas Babayevin qazıntıları.

 

Yüzlərlə sərdabə, minlərlə qəbir…

Əliylə açılır neçə-neçə sirr…

Neçin gümüş vemir, qızıl gətirmir

İlyas Babayevin qazıntıları.

 

Ulu əcdadının dalınca gedir,

Canında qüvvəsi qalınca gedir,

Qədim kənd-şəhəri müəyyən edir

İlyas Babayevin qazıntıları.

 

Səhra Məcnunundur haçandan bəri,

Dolanır düzləri, gəzir çölləri…

Güzgütək əks edir ötən illəri

İlyas Babayevin qazıntıları.

 

Susma! Danışmayın, qəbir eşidir,

Hövsələ eşidir, səbir eşidir,

Qazıntı adınca qazıntı gedir-

İlyas Babayevin qazıntıları.

 

Bu işi aparmaq kişi işidir!

Qulağım taqqıltı səsi eşidir,

Sükut! Səs salmayın! Qazıntı gedir-

İlyas Babayevin qazıntıları.

 

Şahin Fazil

16.04.2015

Şərh yaz