20 Yan

 

 

 20 yanvar sadəcə “Qara yanvar”, hüzür günü, faciə günü, xalqımızın qaranlıq gecədə baş verən dəhşətlərdən sarsıldığı gün deyildir. Bu gün xalqımızın azadlıq ruhunun haykıraraq üzə çıxdığı gündür. 20 yanvar xalqımızın bu dəhşətli faciə qarşısında bütün təbəqələrinin, sosyal vəziyyətindən və yaşından asılı olmayaraq birləşdiyi, bu faciəyə mərdliklə sinə gərərək, qürürla dayanmağı, azadlıq uğrunda heç nədən qorxmayaraq mücadilə etdiyi gündür. Bu gün azadlığımıza gedən yoldur.

Vətən – uğrunda ölən varsa Vətəndir!

Şəhidlərimiz də 20 yanvarda bu torpağı qanları ilə suvardılar. Onlar şəhid oldu ki, biz azadlığa qovuşaq. Onlar şəhid oldu ki, ölkəmiz yadların boyunduruğunda qalmasın. Onlar şəhid oldu ki, biz bu gün azad Azərbaycan Respublikasında yaşaya bilək.

Həmin gecə və sonra baş verənlərin canlı şahidi olmadan, o gün nə baş verdiyini, insanların nələr hiss etdiyini, bu dəhşətli hadisələrə necə reaksiya verdiklərini bilmədən, kədərlərini başa düşmək mümkün deyildir. Bu hadisələri yaşamaq çox ağrılı bir hiss olsa da, eyni zamanda bu azadlıq mücadiləsində az da olsa payı olmaq, imperiyaya qarşı mübarizədə iştirak etmək, tankların üzərinə heç bir qorxu hiss etmədən getmək bir tərəfdən də qürurvericidir. Mən 20 yanvarda xalqımızın ağır gündə neçə birləşdiyini, bir-birilərinə necə dəstək olduqlarını, azadlıq mübarizəsində necə həmrəy olduqlarını gördüm. Eyni zamanda da baş verən dəhşətli hadisələrə da şahid oldum. O gün səhərə qədər susmaq bilməyən atəş səsləri, göydə işıq saçan “trassiruyuşiye puli” adlandırılan güllələrin çıxardığı səslər, tankların gurultusu hələ də qulaqlarımdadır. Mən bu səslərə nifrət edirdim…

Qardaşlarımın və yaxın qohumlarımın harada olduqlarını, sağ qalıb qalmadıqlarını bilmirdim. Onları axtarmaq üçün yollandığımda bir polis maşını məni dayandırıb geri qaytarmışdı. Sən demə düz tankların üzərinə gedirəmmiş.

20 yanvarda imtahanım vardı. Qardaşım və bibim oğlunun müşayiəti ilə piyada (o zaman nəqliyyat vasitələri işləmirdi) İnstituta gedərkən maksimum olaraq çalışırdılar ki, gecənin fəsadlarını özündə daha az daşıyan  küçələrlə məni aparsınlar. Ama yenə də gördüklərim kifayət qədər sarsıdıcı idi. İnstitutun yanında post qurmuş əsgərlər çantamın işinə qədər yoxladılar, ama yenə də buraxmaq istəmirdilər. Sonunda imtahanım olduğu üçün məcbur buraxmalı oldular. İmtahana 5-6 tələbə ancaq gələ bilmişdi. Qorbaçovun qanlı əməllərinə etirazı əks etdirən plakat, şüar və vərəqlərin hazırlanması və yayılmasında, yaralılara qan verilməsi və s. məsələlərdə də M.F.Axundov adına Rus Dili və Ədəbiyyatı İnstitunun tələbə və müəllimlərinin də az rolu olmamışdı. Onu da qeyd edim ki, İnstitumuzun tələbələri 20 yanvara qədər olan azadlıq uğrundakı mitinqlərin də fəal iştirakçısı idi.

O zaman şəhərdə hərbiçilərin qurduğu postlar çox idi. Gecə silahsız insanlara atəş açaraq acımasızca öldürən Sovet ordusunun alfa qrup adlandırılan saqqallıları (bunların əksəriyyətinin erməni əsilli olduğu bildirilirdi və Bakıda qırğınların törədilməsində ermənilərin əli olması aşikardır) səhər tərkibində daha çox tatarların və digər türk xalqlarının nümayəndəsi olan və orduya təzə çağırılmış əsgərlərlə əvəz olunmuşdu. Təzə gələnlərin çoxu nə baş verdiyini bilmədiyindən, insanların onlara qarşı aqressiyasını da başa düşə bilnirdilər. Hərbçilərin içində bir sözü bəhanə edib insanları öldürməyə hazır olanlar da vardı. Rəfiqəm İnstituta gələn yolun digər tərəfində qurulan postda yaşlı bir kişinin əsgərlərə qışqıraraq “Siz qatilsiniz” deməyi ilə əsgərin əlindəki silahı ona tuşlararaq atəş açmasını, əgər əsgərin yanındakı zabit tez onun silahının ağzını göyə tərəf tuşlamasaydı, rəfiqəm də qarışıq orada olanların heç birinin sağ qalmayacağını bizə danışmışdı. Yanındakı zabit özbaşınalığı üçün ona çox əsəbiləşmişdi. Elə bu səbəbdən idi ki, şəhidlər torpağa tapşırılan gün biz Hökümət evinin qabağında olarkən, Əfqanıstanda xidmət edən azərbaycanlılar oraya yığılan mülkü əhali ilə əsgərlər arasında qoruyucu sədd yaratmışdılar. Əsəblərinə hakim olmayaraq əsgərlərə hucum edən qadın, yaşlıları saxlayaraq onlara təxribata uymamağı xahiş edirdilər. Onların bu hərəkətlərinin burada yığılan böyük insan kütləsinin qırğına vermək üçün bir bəhanə ola biləcəyini deyirdilər və bu barədə çox haqlı idilər. Bunu şəhidlərin canəzələri meydan gətirilən zaman orada hərbi helikopterlərlə edilən, eyni zamanda insanlara yerdən edilən təxribatlar da deməyə imkan verirdi. Bir tərəftən meydandakı insan kütləsinin üzərində ora bura şığıyan helikopterlərin uğultusu, digər tərəfdən dənizdən gəmilərin verdiği siqnal səsi ümimi bir vahimə yaradırdı. Sanki dünyanın sonu idi….

Ancaq bütün bunlar insanların dəyanətini və azadlıq ruhunu qıra bilmədi. Meydanda olan hər kəsin gülləbaran ediləcəyi haqqında yayılan xəbərlərə də heç kim reaksiya vermədi, hamı daş heykəl kimi olduğu yerdə durmuşdu və buranı tərk etmək fikri yox idi. Cənazələr gətirildiyi zaman heç bir zaman ağladığını görmədyim, Əfqanıstanda xidmət etmiş bibim oğlunun, eləcə də ərtafda dayanan bəzi kişilərin hönkürərək ağladığını gördüm… Burada olan insanların bir qrupu sonra cənazələrin ardında onların dəfn edilməsi üçün Şəhidlər xiyabanına yola düşdülər. Oraya getdiyimiz yolda da insanları qırğına vermək üçün bəhanələr tapmağa çalışırdılar. Onun üçün da əsgərlərin olduğu yerlərdə maksimum diqqətli olmağa çalışırdıq…

O zaman insanların arasında belə bir xəbər yayılmışdı ki, ölənlərin sayını az göstərmək üçün meyidləri sovet hərbçiləri iki gəmi vasitəsilə ilə Xəzər dənizi ilə aradan çıxarmağa çalışmışlar. Lakin bundan xəbər tutan Azərbaycan gəmisinin azərbaycanlı kapitanı gəmilərlə onları əhatə almış, şəhidlərin cənazəsini aparılmasının qarşısını almışdı.

Sonrakı günlər də şəhərdə arasıra atışmaların davam etdiyi, gecələr rast gəldikləri insanları öldürərək naməlum istiqamətə aparıldıqları haqqında da xəbərlər dolaşırdı.

Qardaşım mənə tapşırmışdı ki, hərbçilər maşını hər hansı bir səbəbdən üzərimizə sürdükdə qaçmaq fikrinə düşmə, çünki bu insanları gülləmək üçün bir bahanə ola bilər. Doğrudan da yanvarın 25-də mən qardaşımla axşam küçə ilə gedərkən bizə qarşı belə bir hərəkət etdilər. Ama sakitcə getməyə davam etdiyimizə görə maşını necə sürətlə üzərimizə sürmüşdülərsə, eləcə də geri döndərdilər.

“Niyə mən şəhid olmadım” deyə bir fikir vardı beynimdə. Mən şəhid olmadım, ama o günü və o gündən sonra baş verənləri, yaddaşımda həkk etdim. Orada baş verənləri yazmaq çox çətindir. Çünki baş verən faciəni, olanları yazıya çevirdiyində, sözlər bu dəhşəti ifadə etməkdə acizlik çəkir. Çünki bunlar sadəcə sözlərdir. İnsanın hisslərini bu sözlərlə olduğu kimi ifadə etmək mümkün deyildir. Düzdür faciəni əks etdirən fotoşəkillər vardır. Bu fotoşəkillər belə o gün hiss etdiklərimizi tam olaraq ifadə etmir….

Həmin gecə olanları bəlkə də sadəcə insanın beyninə xüsusi videkamera yerləşdirməklə göstərmək mümkündür.

Ən paradoksal vəziyyət odur ki, Bakıdakı və digər yerlərdəki insan qırğınlarına səbəb olan, bizim düşüncəmizdə qatil adı ilə həkk olunmuş Mixail Qorbaçov Nobel sülh mükafatına layiq götürülüb.

Ulu öndər Heydər Əliyev  20 yanvara belə qiymət vermişdi: “1990-cı ilin 20 yanvarı Azərbaycan xalqının tarixinin ən faciəli, qara səhifəsi, həm də qəhrəmanlıq, rəşadət səhifəsidir. Biz o günlərdən nə qədər çox uzaqlaşsaq, həmin günlərin Azərbaycan xalqının tarixində necə mühüm yer tutduğunu bir o qədər dərk edəcəyik və bəlkə də gələcək nəsillər buna daha doğru, daha düzgün qiymət verəcəklər. Ancaq bir şey həqiqətdir ki, 1990-cı ilin 20 yanvarı Azərbaycan xalqının həyatında dönüş mərhələsi, dönüş nöqtəsi olmuşdur”.

Sonda Azərbaycan Tarix Qurumu adından Azərbaycan xalqına 20 yanvarla bağlı dərin hüznlə başsağlığı verir, şəhidlərimizə Allahdan rəhmət diləyirəm!!!

 

Dos. t.ü.f.d. İradə Məmmədova

Azərbaycan Tarix Qurumu sədr müavini

 

Şərh yaz