10 Fev

 “Bütün türk dünyasını qafalarda birləşdirmək lazımdır

Akademik Yagub Mahmudov

 

Sadəcə Azərbaycanın deyil, bütün türk dünyası tarixçilərinin çəfakeş ağsaqqalı, görkəmli tarixçi, akademik Yagub Mahmudovla tanışlığım 2004-cü ildə onun AMEA Tarix İnstitutuna direktor təyin olunması ilə başladı. Təbii ki akademikin əsərləri ilə hələ orta məktəb illərindən tanış idim, şəxsi kitabxanamda digər tarixçilər kimi onun da kitabı var idi. Amma bir insan olaraq Yagub müəllimi 2004-cü ildən tanımağa başladım. 2004-cü ildə mən namizədlik dissertasiyası mudafiə etdim və bu zaman Yagub müəllim Bakıda yox idi. Ancaq Bakıya qayıdan kimi məni yanına çağırdı, təbrik etdi, eşitmişəm gözəl müdafiə etmisən dedi. Haqqımda hər şeyi bilirdi, iki institut bitirdiyimi belə. Bu o demək idi ki, Yagub müəllimin hər bir institut əməkdaşı haqqında məlumatlı idi, yəni bir institut direktoru kimi işçilərinə qiymət verməyi, onları lazımı istiqamətə yönləndirməyi yaxşı bacarırdı. Məni Koordinasiya Şurasının işinə, sonra da “İrəvan xanlığı. Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarının köçürülməsi” kitabının yazılması prosesinə cəlb etdi. Kitabın yazılma prosesində əlavə etdiyimiz hər bir material, tərtib etdiyimiz hər bir cədvəl, şəkil vəya xəritə ilə diqqətlə tanış olur, qiymətli məsləhət və tapşırıqlarını verirdi. Eyni zamanda məni konfransların təşkilinə cəlb etdi, Rusiya və Türkiyə arxivlərindən Azərbaycan tarixi, xüsusulə də soyqırımlar ilə bağlı arxiv sənədlərinin gətirilməsi üçün yaradılan qrupun tərkibinə daxil etdi və xarici ölkə alimləri ilə əlaqələrin qurulmasını mənə həvalə etdi. Beləliklə, xarici ölkələrlə əlaqələrdə daha çox türk ölkələri ilə əlaqələrin qurulmasına önəm verdiyindən bu yöndə, eyni zamanda arxiv sənədlərinin nəşr edilməsində, elmi əməkdaşlıq protokollarının imzalanmasında, kitabların yazılmasında  Yagub müəllimin yorulmaz fəaliyyətinin birbaşa şahidi oldum. Yagub müəllimdən tarixi hadisələrə, tarixi şəxsiyyətlərə, digər ölkələrin alimləri ilə ünsiyyətdə, ümumilikdə hadisələrə, insanlara və tarix elminə münasibətdə dəyərli metod və yanaşmalar öyrəndim. Beləcə, AMEA Tarix İnstitutunun Yagub müəllimin başçılığı ilə türk dünyasının alimləri ilə əlaqələrin yaradılması, əməkdaşlıq protokollarının imzalanması və ən vacibi isə türk dünyasındakı dövlətlərin və şəxsiyyətlərin araşdırılması və tarixinin yazılması prosesi başlandı. Və bu proses orta məktəb dərsliklərində də öz əksini tapmaqla davam etdirildi və etməkdədir.

Təsadüfi deyildir ki, Yagub müəllim bu prosesin türk dünyasındakı ölkələrin orta məktəb dərsliklərində də əks olunmasını bu şəkildə dilə gətirmişdi: “Türk dünyası ölkələrindəki orta məktəblərdə ortaq türk tarixi fənni keçirilməlidir və ölkələr tərəfindən belə bir təklif də irəli sürülüb. Hər halda biz Azərbaycanda və Türkiyədə bunu edəcəyik”.

Türk dünyası ölkələrindən daha sıx əlaqədə olduğumuz Türkiyənin elmi qurumları, eləcə də digər türk ölkələri ilə əməkdaşlıq gözəl nəticələr verməyə başladı.

Yagub müəllimin bu sahədə fəaliyyətini bu şəkildə qruplaşdırmaq olar:

  • Yagub müəllimin başçılığı ilə Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutu 2004-cü ildən başlayaraq Türkiyənin və digər ölkələrin elmi qurumları və universitetləri ilə əlaqələr qurmuş, əməkdaşlıq etmişdir və etməkdədir.

  • Əvvəllər alimlərin sadəcə türk dünyasındakı  toplantı, konfranslarda iştirakı və jurnallarda məqalələrin çap edilməsi ilə başlanan elmi əməkdaşlıq 2007-ci ildə yeni mərhələsinə qədəm qoymuş oldu. Bu ildən başlayaraq Yagub müəllimin “Azərbaycan tarixi ilk mənbələrdə” lahiyəsi həyata keçirilməyə başlandı və bu lahiyə əsasında 2008-ci ildən AMEA Tarix İnstitutunun əməkdaşları Türkiyədə Başbakanlıq Osmanlı arxivindən, 2009-cu ildən dünyanın müxtəlif ölkələrindən, 2013-cü ildən Türkiyənin ATASE, Başbakanlıq Dövlət Arxivləri Baş İdarəsi Cümhiriyyət arxivi, Milli Savunma Bakanlığının arxivi, eyni zamanda kitabxanalarından Azərbaycan tarixi ilə bağlı sənədlərin gətirilməsi və tərtib edilərək nəşr edilməsinə başlandı.  Və bu proses davam edir. Bu lahiyə çərçivəsində onlarla toplu nəşr edilmişdir.
  • Ermənistanın Azərbaycan torpaqlarının 20% işğal etməsi, Xocalıda Azərbaycan xalqına qarşı soyqırım həyat keçirilməsi, ermənilərin Türkiyə dövlətinə münasinətdə apardığı əsassız soyqırım iddialarının təkzib edilməsi və onların Türk və Müsəlman xalqlarına qarşı həyata keçirdikləri soyqırımın dünyaya tanıdılması istiqamətində Yagub müəllimin başçılıq etdiyi AMEA Tarix İnstitutu çoxsaxəli fəalliyyət göstərmişdir. Türkiyə də daxil digər türk ölkələri və digər ölkələrdə, eyni zamanda Azərbaycanda kitablar, jurnallar nəşr edilmiş, arxiv sənədləri tərtib edilərək nəşr edilmiş, elmi toplantılar, sənədli filmlər və verilişlər və s. hazırlanmışdır. Yagub müəllimin Ermənilərin Qafqazda yerli xalq olub olmaması məsələsinə cavabı bu şəkildə olmuşdur: Bütün məsuliyyətimlə bəyan edirəm ki, ermənilər nəinki Cənubi Qafqaza, ümumiyyətlə, Asiya qitəsinə köçüb gəlmə əhalidir. Ermənilərin gəlmə olduğunu mənbələr və “tarixin atası” Herodot təsdiq edir”. Hörmətli akademik Xocalı hadisələri haqqında bunu söyləmişdir: “Düşünürəm ki, tarixdən, tarixi hadisələrdən, o cümlədən Xocalı soyqırımından ibrət dərsi almaq lazımdır. BMT-nin qəbul etdiyi 4 qətnamə yerinə yetirilmir. Beynəlxalq hüquq yoxdur, beynəlxalq güc var. Gəlin, tariximizə sahib çıxaq, birləşək və güclənək.
  • Yagub müəllimin başçılığı ilə AMEA Tarix İnstitutu hər il mart ayının sonu və yaxud aprel ayı ərzində Türk-Müsəlman xalqlara qarşı törədilən soyqırımları mövzusunda beynəlxalq elmi konfrans təşkil edərək Azərbaycanın bu soyqırımlara məruz qalmış şəhərlərindən birində türk dünyasının alimlərini də cəlb etməklə keçirməkdədir (indiyədək beş beynəlxalq konfrans Bakı, Quba, Şamaxı, Lənkəran və Gusar şəhərlərində keçirilmişdir)

Yagub müəllimin başçılığı ilə Türk-Müsəlman xalqlarına qarşı törədilən soyqırımlar və sürgünlər mövzusunda kitablar yazılmış, jurnal, qəzetlərdə məqalələr çap edilmiş, arxiv sənədlərinin yer aldığı toplular tərtib edilmiş, elmi toplantılar, magistr, fəlsəfə doktoru adı almaq və tarix elməri doktoru adı almaq üçün dissertasiyalar yazılmış, sənədli filmlər və televiziya verilişləri hazırlanmışdır.

  • Yagub müəllimin başçılığı ilə hazırlanmış məktəb dərslikləri və programlarında türk dünyasını əhatə edən mövzular, şəxslər və dövlətlər yer almışdır. Türk dünyasının problemlərinə həsr olunmuş müxtəlif mövzularda türk ölkələrinin elmi qurumları ilə ortaq konfrans, simpozium, qurultay və seminarlar təşkil edilmişdir.
  • Yagub müəllimin başılığı ilə Ortaq türk tarixi lahiyəsinə 24-25 may 2012-ci ildə Ankara, Kızılcahamamda keçirilənTürkiyə-Azərbaycan münasibətləri və gələcək perspektifləri” seminarında başlanmışdır.

5 aprel 2013-cü ildə Bakı şəhərində AMEA Tarix İnstitutu ilə Türkiyə Cümhuriyyəti Atatürk Araşdırma Mərkəzi arasında 18 bənddən ibarət Elmi Əməkdaşlıq protokolu imzalanmışdır.

1-2 oktyabr 2013 tarihlerinde Yagub müəllim dəvəti ilə Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Dağıstandan olan körkəmli alimlər Şəki şəhərinə AMEA tarix İnstitutunun təşkil etdiyi “Ortaq türk tarixinin araşdırılması məsələləri” mövzusundakı beynəlxalq elmi konfransa toplanmışlar. Konfransın başlıca məqsədi ortaq türk tarixinin öyrənilmısi, ortaq kitabların yazılması və ortaq araşdırmaların aparılması olmuşdur. Bu konfransda Yagub müəllimin təklifi ilə Türk Dünyası tarixçilərinin Ortaq Əlaqələndirmə Şurası yaradılmışdır. Yagub müəllim bu konfranda aparılan müzakirələri qiymətləndirərkən türk dünyası tarixçilərinin aralarında olan mübahisələri öz aralarında həll etməli olduqlarını, ortaq türk tarixinin yazılması üçün bir komissiya təşkil edilməsinin vacibliyini bu şəkildə vurğulamışdı: “Tarixi hadisələrə obyektiv baxaraq ən qısa zamanda ortaq tariximizi qələmə almalıyız”.

22-23 iyun 2014-cü ildə yenə də Azərbaycanın Şəki şəhərində Yagub müəllimin başçılığı, Türkiyə və digər ölkə alimlərinin də iştirakı ilə  “Ortaq türk tarixi” lahiyəsinin Təşkilat komitəsi yaradılmış, yazılacaq “Türk  dövlətləri” və “Türk məşhurları” kitabının müzakirəsi  keçirilmişdir. Yazılacaq kitabların redaksiya heyəti yaradılmışdır. Redaksiya heyətinin ikinci toplantısı 21.01.2016 tarixində  Kocaelində həyata keçirilmişdir. Bu lahiyə çərçivəsində ortaq konfranslar keçirilmiş, kitabların nəşri və s. həyata keçirilmişdir. Yagub müəllim ortaq türk şəxsiyyətlərinə baxışını bu şəkildə ortaya qoymuşdur: “Tarix obyektiv və bitərəf yazılmalıdır, Sultan Yavuz da Türk millətinin oğludur, Şah İsmayıl da, Əmir Teymur da, Sultan Bəyazid də”. Yagub müəllim bu şəxsiyyətlərin hər birinə eyni hörmətlə yaxınlaşmağı tövsiyə edir.

  • Yagub müəlimin başçılığı ilə türk dünyasının elmi qurumları ilə əməkdaşlıq protokolları (Türkiyə, Qazağıstan, Özbəkistan, Tatarıstan və s.) imzalanmışdır.
  • Türk ölkələrinin tarixçiləri AMEA tarix institunun dissertant ve doktorantı olmuşlar.
  • Türkiyə Cümhuriyyətinin görkəmli alimlərindən Yusuf Halacoğlu, Mehmet Saray, İlber Ortaylı, Seyit Sertçelik, Halil İnalcık, Mehmet Ali Beyhan, Derya Örs, Özbəkistandan Şöhrət Barlas, İrandan Məhəmməd Salmasizadə və başqaları AMEA Tarix İnstitunun fəxri doktorları sırasındadırlar.
  • Elmi Əməkdaşlıq protokolunun 5-ci bəndinə əsasən dörd ildən bir təşkil edilən VIII. Atatürk qurultayı 13-15 oktyabr 2015 tarixində Azərbaycan və Türkiyə prezidentlərinin himayəsi ilə Gəncə şəhərində keçirilmişdir. 13 ölkədən 130 tarixçinin iştirak etdiyi bu qurultaya Azərbaycan prezidenti İlham Əliyev təbrik məktubu göndərmişdir. Bu qurultayda Yagub müəllim demişdir: “Azərbaycanın prezidenti İlham Əliyevin söylədiyi kimi: “Azərbaycan-Türkiyə münasibətlərinin dünyada bənzəri yoxdur”.
  • Azərbaycan həqiqətlərini dünyaya çatdıran alimlər öz vətənlərində təzyiq və təhdidlərlə qarşılardıqları zaman Yagub müəllim İnstitutun əməkdaşları ilə birlikdə onların müdafiəsinə qalxmış, ədalətin bərpa olunmasına çalışmışdır (Məsələn, Özbəkistandan Şöhrət Salamovun (Barlas) “Türkistan və Cənubi Qafqaz  XIX-XX əsrlərdə. Daşnaklar: Fərqanədən Qarabağa” (2015) və “Qarabağ: Fikirlər savaşı” (2016) kitablarına görə)
  • Azərbaycanda yaşayan müxtəlif azsaylı xalqların tarixi də Yagub müəllimin diqqət mərkəzindədir və onların tarixinin araşdırılmasında fəaliyyəti böyükdür.

Yagub müəllim getdiyi xarici ölkələrdə Azərbaycanın haqq səsini heç bir təzyiq və təhdiddən çəkinməyərək yaymağa çalışmışdır. Keçən ilin fevral ayında Ankarada təşkil edilmiş Xocalı soyqırımı mövzusundakı konfransda Yagub müəllim bu sözləri söyləmişdi: “Qərbin bəzi dairələri bizi eşitmək, görmək və dediklərimizi qanmaq istəmirlər. Bu gün Azərbaycanı və Türkiyəni içəridən qarışdırmaq üçün planlar var. Tarixinə sahib çıxan xalq məğlubedilməzdir. Tarixinə sahib çıxmayan xalq isə gec-tez başqalarına yem olur. Bütün türk dünyasını qafalarda birləşdirmək lazımdır”. Məhz bu yolda bütün maneə və sədlərə baxmayaraq yorulmaz fəaliyyətinin nəticəsidir ki, bu gün  Yagub müəllimi Türk dünyası tarixçilərinin ağsaqqalı olaraq qəbul edilir.

Yagub müəllim instutut əməkdaşlarından diqqət və qayğısını heç zaman əsirgəmir, onların uğurlarına hər zaman sevinir.

Azərbaycan Tarix Qurumu İctimai birliyinin fəaliyyəti də daim Yagub müəllimin nəzəri və diqqətindədir. Məhz bu diqqətin nəticəsidir ki, AMEA Tarix İnstitutu Azərbaycan Tarix Qurumu ilə birlikdə konfranslar təşkil edir, bu Qurumun fəaliyətində Yagub müəllim yaxından iştirak edir.

Təsadüfi deyil ki, Azərbaycan prezidenti daim Yagub müəllimin fəaliyyətini diqqətdə saxlayır, onun Azərbaycan tarixinin araşdırılması və təbliğ edilməsi istiqamətindəki, eyni zamanda millət vəkili kimi yorulmaz fəaliyyətinə layiqli qiymətini verir.

Yagub müəllimi ölkə prezidenti tərəfindən birinci dərəcəli Əmək ordeninə layiq görülməsi və Yubileyi münasibətilə ilə ürəkdən təbrik edir, Azərbaycanın, eləcə də Türk dünyasının problemlərinin araşdırılması istiqamətində uğurlar, uzun ömür və ən əsası isə can sağlığı arzulayıram.

Cəfakeş akademik yubileyin mübarək!

 

Dosent, t.ü.f.d. İradə Məmmədova,

AMEA Tarix İnstitutunun aparıcı elmi işçisi,

Azərbaycan Tarix Qurumu İctimai Birliyinin sədr müavini

 

Şərh yaz