10 Fev

Cığırlardan danışmaq istəyirəm. Yoxa çıxan cığırlardan yox.  Yola çıxan cığırlardan danışmaq istəyirəm…

Cığırlar hekayələrdir. Yol Tarix…

Bu yazı cığırlar və Yol, hekayələr və Tarix barədədir…

 

Mənim hekayəmin tarixi 90-ci illərin sonuna gedib çıxır. Əslən azərbaycanlı, Strasburqda yaşayan məşhur türkoloq İren xanım Məlikofun Bakıya gəldiyi günlərə. İren xanım tarix fakültəsində mühazirələr deyəcəkdi. Jurnalistika fakültəsinin 2-ci kursunda oxuyurdum, “Bilik” Maarifçilik Cəmiyyətinin “Dalğa” qəzeti təzəcə açılmışdı və mən İren xanımdan yazı yazmağı qərara almışdım. O zaman Yaqub müəllim tarix fakültəsinin dekanı idi. İren xanımın mühazirələrinə qatılmaq üçün onun yanına getdim…

… Bir-iki həftə sonra dərc olunan “İren xanım gündəliyi” adlı bir səhifəlik yazım bu sözlərlə bitirdi: “İren xanım gündəliyi”nə nöqtə qoymuram. Vaxt gələcək mən Fransada İren xanımla görüşəcəyəm”. Vaxt gəldi. İren xanımla 11 il sonra Azərbaycan Avropa Şurasına qəbul olunanda Strasburqda Avropa sarayında görüşdük…

İndi 2019-cu ilin bu günəşli və soyuq fevral günündə 90-cı ilin bundan da soyuq qışına aradan keçən 29 ilin laylarından baxanda tarix fakültəsinin dekanının otağını çox aydın görürəm. Yaqub müəllimin səsini üstündən zaman ötməyibmiş kimi aydın eşidirəm: “Mənim qızımın da adı Aynurdur”. Yaqub müəllim məni ayaq üstə qarşıladı, ayaq üstə qulaq asdı və yola saldı. Onun otağının qapısı açıq qaldı. Və bu qapı heç zaman örtülmədi…

Bu yerdə qapılardan danışmaq istəyirəm. Vaqif Səmədoğlunun qapı barədə bir şeiri var. “Açıl, Qapım, açıl” – dediyi, min bir sözlə əzizlədiyi, açılmağını gözlədiyi qapıya yazdığı şeir. Mənim həyatımda açıq qapıların sayı bağlılardan həmişə çox olub. Bəlkə, elə bu görə də Vaqif Səmədoğlunun açılacağını gözlədiyi qapı və Yaqub müəllimin otağının açıq qalan qapısı haqqında bu gün 30 ildən sonra düşünürəm. Gənc olanda adama elə gəlir ki, qapı onun üzünə elə açıq olmalıdır. O açıq qapının sahibi də elə sənə yol açmalıdır. Və sən bunu o qədər təbii qəbul edirsən ki, inamı məsuliyyəti, cəsarəti soyuq məntiqi qat-qat üstələyən cümlələr yazırsan – “Vaxt gələcək mən Fransada İren xanımla görüşəcəyəm” kimi…

İllər keçir, çox-çox açıq qapıların sahiblərinin ürəyi kimi necə bağlandığını görəndə onda Vaqif Səmədoğlunun şeirini anlayırsan, qapısını və ürəyini açıq saxlaya bilən insanlar haqqında düşünürsən… Və acı həqiqəti qəbul edirsən: onlar çox deyil…

Bax, bu yerdə ikinci hekayəmə keçirəm. 1990-cı ildən 1998-ci ilə kimi Yaqub müəllimlə yollarımız kəsişmədi. Bir də 1998-ci ilin oktyabrında Azərbaycan müəlimlərinin qurultayında tərtibçisi olduğum “Prezident. Xronika. 1993-1997” kitabının təqdimatı zamanı görüşdük. Əslində, buna görüş demək olmazdı.

Beş min nüsxəsindən iki mini müəllimlər qurultayında paylanan bu kitab Ulu Öndər Heydər Əliyevin xeyir-duası ilə çıxsa da, onun yolunu əngəlləyənlər də vardı. Sonuncu cəhd, buna təxribat da demək olar, təqdimatdan əvvəl baş verdi. Təsəvvür edin ki, kitabın təqdimatına bir neçə dəqiqə qalır, onun zəhmətini çəkən bütöv bir komanda isə iqnor olunur. Biz öz bayramımıza uzaqdan baxmaq zorundaydıq. O mürəkkəb anda köməyimə iki İnsan çatdı. Biri yol açdı, haqq etdiyim yeri qaytardı, o biri arxamda durdu. Arxamda duran Yaqub müəllim idi. Professor Yaqub Mahmudov “Prezident. Xronika.1993-1997” kitabının tarixi əhəmiyyətindən danışdı. Amma məni də unutmadı…

Biz səkkiz ildən sonra yenə ayaq üstə idik. Bura dekan otağı deyildi. Bura Respublika sarayı idi. Bu, İren xanım gündəliyi deyildi. Bu, Azərbaycan Prezidenti Heydər Əliyevin fəaliyyət xronikası idi… O, mənə qarşı yönələn son cəhdin şahidi idi. O, öz Sözünü dedi…

Mən gündəlikdən xronikaya qədər yol gəlmişdim. Jurnalistikanın sərhədlərini keçmişdim. Sərhədin o tayı Tarix idi. Amma o zaman, düzü, belə fikirləşmirdim. Təqdimatdan sonra mənən elə yorulmuşdum ki, Yaqub müəllimə sağ ol belə demədim. O getdi. Yollarımız yenə ayrıldı. Amma arada Yaqub müəllimin xronikaya verdiyi qiymət qaldı, daha doğrusu, iki qiymət. Yaqub müəllimin verdiyi iki qiymət arasında fərqi sonralar anlayacaqdım. Bunlardan birincisi, xronikanın siyasi əhəmiyyəti, ikincisi tarixşünaslıq üçün önəmi idi.

Bunu anlamaq üçünsə biz ayaq üstə yox, oturub söhbət etməli olduq. Bu yerdə üçüncü hekayə başlayır.

1995-ci ildən dissertant olsam da, iş elə gətirmişdi ki, dissertanturaya qəbuldan iki ay sonra “Günay” qəzetinin Prezident Aparatı üzrə müxbiri təyin olundum və 2002-ci ilin yanvarında ABŞ-a elmi ezamiyyətə gedənə kimi Prezident Heydər Əliyevin jurnalist pulunda oldum. Tale mənə canlı tarixi yaşamağı və yazmağı qismət etmişdi, dissertasiya barədə ciddi düşünmürdüm. Universitetdə müəllimlik, hətta tutduğum vəzifələr belə müstəqil jurnalist kimi prezidenti müşayiət etməyin zövqünü vermirdi. Qazanılmış təcrübəni qiymətləndirmək üçün yeni bir platformaya ehtiyac vardı. 2001-ci ildə Bakı Dövlət Universitetində açılan Amerikaşünaslıq Mərkəzi belə bir platforma oldu. Bu mərkəz tarix fakültəsinin bətnindən çıxmışdı. Jurnalistika fakültəsindən fərqli olaraq, tarix daha proqressiv və yeniliklərə açıq fakültə idi. Həmin illərdə yenidən tarix fakültəsinin başında duran Yaqub müəllimin təşəbbüsü ilə bir çox ilklərə imza atılmışdı. Yalnız bir fakt – Yaqub müəllimin dəstəyi ilə bu fakültədə yaradılan ingilis dilli qruplarda tələbələr diplom işlərini ingiliscə müdafiə edirdilər. Elə buna görə də Amerikaşünaslıq Mərkəzindən İndiana Universitetinə araşdırma üçün təqdiqatçılar seçiləndə onların əksəriyyəti tarıxçilər idi. Amma bu digər ixtisasların da proqrama baş vurmalarına mane ola bilməzdi. Amerikaşünaslıq jurnalistika, tarix və siyasətin kəsişdiyi ideal bir qovşaq kimi mənim üçün çox cəlbedici idi. Tədqiqat üçün mövzu seçməli idim. Yaqub müəllimin açıq Qapısı və Sözü bu dəfə də həlledici oldu – “Azərbaycan-ABŞ münasibətləri Amerika mətbuatında” mövzusu belə seçildi. Və bu yerdə mən birinci dəfə Yaqub müəllimə “Sağ olun”, – deyib, Amerikaya yola düşdüm. Yaqub müəllim birinci dəfə məni yola saldı və axtarmadı…

Bu yerdə dördüncü hekayə başlayır. Buna rusca “svobodnoye plavaniye” deyirlər, Azərbaycanca “azad üçüş” desək, daha dəqiq olar. Mövzunu müəyyənləşdirdiyimiz gündən dissertasiyanı Yaqub müəllimin stolunun üstünə qoyduğum günə kimi 3 ildən çox vaxt keçdi. Bu 3 ildə iki dəfə İndiana Universitetində oldum. O illəri xatırlayanda gözümün önünə bu yaxınlarda videosunu gördüyüm bir səhnə düşür – qarlı dağın başında ağ ayı balası ilə ilə gəzişir. Birdən ana ayı balasını itələyir. Bala büdrəyir, yamac aşağı sürüşür. Ana ayı onun sürüşməsinə sakit-sakit baxır, nə vaxt dayanacağını gözləyir. Bala sürüşüb-sürüşüb, nəhayət, özünə gəlir. Yamac yuxarı dırmaşır. Anasının yanına çatır. Bu dəfə də ayı onu itələyir. Bala yenə sürüşür. Bu məşq bala ayaqları üstə inamla durana kimi davam edir…

Yaqub müəllim elmi rəhbər kimi alimi bu cür yetişdirir. Sıxmır, düşüncə azadlığı verir və yamac boyu yıxılıb-durmağı, ayağa qalxmağı öyrənənə kimi məşq etməyə meydan verir. Amma gözdən qoymur… Hərdən adama elə gəlir ki, hətta səni unudur, yadından çıxarır belə. Amma sən unuda bilərsən. O unutmur. Sən axtarmaya bilərsən. O axtarır. Gözləmədiyin bir anda…

Bu isə beşinci hekayədir. 2016-cı ilin martı idi. Mətbəxdə iş görürdüm. Mobil telefon zəng çaldı, dəstəyin o başından Yaqub müəllimin səsi eşidildi: “Əziz dost, haradasan?” Mən onda Slavyan Universitetində kafedra müdiri əvəzi idim. Universitetdə ixtisarlar gedirdi, iki kafedra birləşdirilmişdi. May ayında seçki idi, bir sözlə, həyat düzənindən çıxmışdı. Yaqub müəllim gözləmədiyim halda məni axtarırdı və Tarix İnstitutuna, Amerikaşünaslıq bölməsinə rəhbərlik etməyə dəvət edirdi. “Gəl, işini davam etdir”,- deyirdi. Gələcəyimə söz verdim, amma dedim ki, əvvəlcə universitetdəki işləri qaydaya salmalıyam. Mayda seçkilər oldu, 5 illiyə jurnalistika kafedrasına yenidən müdir seçildim. Amma bu, mənim Yaqub müəllimə verdiyim sözün qarşısını kəsə bilmədi. O, mənə gözləmədiyim anda, ən çətin vaxtda zəng vurmuşdu. O, məni axtarmışdı. O unutmamışdı… O, böyüklük etmişdi…

Bu yerdə mənim növbəti hekayəm başlayır. Günü bu gün də davam edən hekayə. Ağlıma gəlməzdi ki, hacansa, akademiyada, özü də Tarix İnstitutunda ayaq saxlayacağam. Jurnalistlik taleyim fasiləsiz bir yola bənzəyirsə, akademiya, doğrudan da, dayanacaqdır,– nəfəs dərdiyin, olanları yenidən qiymətləndirdiyin, ömrün yetkin cağlarında dünyaya və insanlara fərqli nəzərlərlə baxdığın, köhnə tanışları yenidən tanıdığın bir məkan… Və bu məkanda Yaqub müəllimin portretinin yeni cizgiləri göründü. Bu yazını o cizgiləri sadalamadan bitirə bilməyəcəyəm…

O nə özü darıxır, nə də başqalarını darıxmağa qoyur.

            O, orkestr insandır. Hamını işlədə, özü isə hamıdan çox işləyə bilir. Amma hər şeyə vaxt tapır…

Onun qapısı hər zaman açıqdır. O, həmişə dinləməyə hazırdır. Heç zaman sözü kəsmir. Diqqətlə qulaq asır.

O istənilən problemə çözüm tapır. Heç vaxt çözümü pröblemə çevirmir.

O, insanları yola verə bilir, tükü-tükdən seçir. Kimin kim olduğunu bilir, amma heç zaman üzə vurmur.

O, müəllimi olduğu bütün tələbələrinin xasiyyətinə bələddir, bəzən onların inadkarlığına, uşaq kimi incimələrinə, hətta küsmələrinə və nadinclik etmələrinə belə səbrlə tamaşa edir və bilir ki, tələbələrin müəllimdən başqa, üstünə gedəsi kimsələri yoxdur…

O, tələbələrini və yetişdirmələrini çox sevir. Bilir ki, bu dünyada insandan qiymətli heç nə yoxdur.  Bilir ki, dünyanın hər yerindən zərrə-zərrə toplanıb gətirilən arxiv sənədləri nə qədər qiymətli olsa da, onları Kimin və necə oxuyacağı daha önəmlidir. O, bilir ki, ənənələri yaşadan insanlardır. İnsan və milləti yaşadan isə dəyərlərdir.

O, sahiblik etməyi bacarır və sevir. Çünki o bölüşməyi bacarır. Heç kimin haqqına girmir.

O, səxavətlidir. Onun səxavətinin ən böyük göstəricisi vaxtını və enerjisini xeyirxah işlər üçün bölüşməyidir. O, xoş sözə qıyımlıdır. Tərifə zərrə qədər də xəsislik etmir.

O, təmannasızdır. Nəfsi toxdur. Heç vaxt heç nə ummur. Umduğu bircə şey – elmi iş, tədqiqat və dissertasiyadır.

Onun yadından heç nə çıxmır. Gözündən heç nə qaçmır. Xırdalıqları seçir, amma xırdaçı deyil. İnsaflıdır, incitməyi sevmir.

Acılara gülməyi bacarır. İncə yumor hissi var…

Onu insanın haradan gəldiyi yox, onunla tanış olandan sonra seçəcəyi yol maraqlandırır.

O, kökünə bağlıdır, ona yol açan insanları daim xatırlayır…

O, tarixçi olsa da, hər şeyi dünənə yox, sabaha ünvanlayır…

Onu gördüklərindən çox, görəcəyi işlər maraqlandırır.

O, gəncləri sevir. Onları ruhuna yaşıd bilir…

Bu, Yaqub müəllimdir – cığırların yola çıxdığı, özü YOLa çevrilən insan…

 

dos., s.e.ü.f.d. Aynur Bəşirli,

AMEA Tarix İnstitutu

 “Umimi Tarix” şöbəsinin müdiri

 

 

 

Şərh yaz