İRADƏLİ İRADƏ

Fevral ayının soyuq, şaxtalı bir günündə Azərbaycanın cənub bölgəsi olan Masallı şəhərində bir qız dünyaya göz açdı, valideynləri ona İradə adını seçdilər, yəqin ona görə ki, təbiətdə olduğu kimi həyatda da üzləşə biləcəyi sərtliyə, soyuğa qarşı iradəli olsun. Qız böyüyüb boya-başa çatdı və ömür boyu adına sadiq qaldı. İstənilən soyuqluğu, hətta şaxtanı xeyirxahlığından gələn isti münasibəti, qəlbinin sıcaqlığı, mehribanlığı və mülayim xasiyyətilə bir andaca əridib, səmimi bir ünsiyyətə dönüşdürmək istedadına yiyələndi. Bu xasiyyətilə və həm də sadəliyi və dürüstlüyü, hər zaman özündən daha çox ətrafındakıların qayğısına qalması, ehtiyacı olana əlindən gələn köməyi etməsi ilə İradə xanım özünə qarşı dərin hörmət və məhəbbət qazandı.

Türk şairi Can Yücelin  bir şeiri var dostlar haqqında. Deyir ki,

Dostlar ırmak gibidir

Kiminin suyu az, kiminin çok 

Kiminde elleriniz ıslanır yalnızca 

Kiminde ruhunuz yıkanır boydan boya.

İnsanlar da vardır; berrak, pırıl pırıl bir deniz.

Boşa gitmez ne kadar güvenseniz.

Dibini görürsünüz her şey meydanda. 

Korkmadan dalarsınız, sizi sarar bir anda. 

İçi dışı birdir çekinme ondan. 

Her sözü içtendir, her davranışı candan…

Məhz bu sonunculara, xeyirxahlığı və səxavəti dəniz qədər tükənməz olanlara aiddir tarixçi-alim İradə Malik qızı Məmmədli.

AMEA A.Bakıxanov adına Tarix İnstitutunun “Ümumi tarix” şöbəsinin aparıcı elmi işçisi, t.ü.f.d. İradə Məmmədlinin öz həyatını məhz tarix elminə həsr etməsinin də öz tarixçəsi var. Masallıda Əhmədli kəndinin əsasını qoyan ulu babası Əhməd Göyünün nəslindən olan hörmətli bir ailənin övladıdır İradə xanım. Həmin nəslin nümayəndələri sonralar burada məscid tikdirmək, mədrəsə açmaq, Qahirə, Nəcəf, Bağdad və Tehranda oxuyan tələbələrə maddi yardım göstərməklə xeyirxah əməlləri sayəsində Ərdəbildən Salyana qədər olan ərazidə sözü eşidilən hörmət və nüfüz sahibinə çevrilmişdilər. Babası Məhəmməd Hacı İmran oğlu Azərbaycan Cümhurriyyət ordusunun tərkibində bolşeviklərə qarşı vuruşduğu üçün hakimiyyətə gələn bolşeviklər tərəfindən həbs edilmişdir, lakin onun müdafiəsinə qalxan Əhmədli camaatının himayəsi və Lənkəran xanının qızı, bolşevik hakimiyyətində vəzifəsi olan Suğra (və ya Tuğra) xanımın vasitəçiliyi sayəsində ölüm hökmündən və sürgündən qurtara bilmişdir. Tarixi qaynaqlardan o da məlumdur ki, kökü Səlcuqlara bağlı olan Əhmədli tayfası, Rum-Səlcuq sultanlığının dağılmasından sonra Anadoluda öz əmirliklərini qurmaqla tarixə iz salmışdı. Sonrakı dövrlərdə tarixin keşməkeşləri əsnasında Anadoludakı ocaqlarını tərk edib Azərbaycanda məskən salmışdı.

IMAG0754

Nəsildən-nəsilə ötürülən, uzaq-yaxın keçmişdən xəbər verən bu tarixi hadisələrin, bəlkə də genetik yaddaşın səsləntisi ilə İradə Məmmədli meylini məhz tarix elminə salır. Bakı Slavyan Üniversitetində Rus dili və ədəbiyyatı ixtisası üzrə ilk ali təhsilini başa vurduqdan sonra Lənkəran Dövlət Universitetinin Tarix fakültəsinə daxil olur. İradə xanımın məhz bu universitetdə tarix elminə yiyələnməsi, görünür, heç də təsadüf deyilmiş, bunda da taleyin bir hökmü varmış. Ata ocağının yerləşdiyi Lənkəran bölgəsinin tarixi, xüsusilə Lənkəran xanlığının Rus işğallarına qarşı göstərdiyi mətanətli mübarizə, gələcəkdə müvəffəqiyyətlə müdafiə edəcəyi dissertasiya işinin mövzusunu təşkil etdi. Müəllif müxtəlif arxivlərdə və kitabxanalarda gərgin axtarışlar apararaq qırıq-qırıq və cuzi materialları toplayıb Lənkəran xanlığının I Rusiya-İran müharibəsi dövründəki vəziyyətini müasir oxucunun gözü qarşısında canlandıra bilmişdir. Yeri gəlmişkən Azərbaycan tarixşünaslığını yeni məlumatlarla zənginləşdirən bu tədqiqat əsəri qardaş Türkiyədə “Rusya ile İran arasında Azerbaycan (Lenkeran Hanlığı)” adıyla nəşr edilib.

Lənkəranda təhsil aldığı iilər həm də tarixçi-alim t.e.d., professor Tofiq Mustafazadə ilə tanışlığı ilə əlamətdardır. Elmə olan həvəsi və istedadı ilə müəlliminin diqqətini cəlb edən İradə xanım onun tövsiyəsilə AMEA A.Bakıxanov adına İnstitutunun aspiranturasına daxil oldu və 2005-ci ilin dekabrında “Lənkəran xanlığının qonşu xanlıqlar və dövlətlərlə münasibəətləri” mövzusunda dissertasiya işini müvəffəqiyyətlə müdafiə etdi. İstedadlı mütəxəssis kimi sonrakı dövrdə də apardığı gərgin elmi tədqiqatlarının nəticəsi olaraq ümumilikdə nəşr olunmuş 3 monoqrafiyası, 100-ə yaxın elmi məqaləsi vardır. O, həmçinin 6 kollektif monoqrafiyanın həmmüəllifi, ali məktəb tələbələri üçün dərs vəsaitinin elmi redaktoru, 7 sənəd toplusunun tərtibçilərindən olmuşdur.

İradə xanımın elmi fəaliyyətinin önəmli hissəsini, böyük əksəriyyəti beynəlxalq səviyyəli olmaqla elmi konfranslarda iştirakı təşkil edir. 60-a yaxın elmi konfransda sadəcə məruzəçi qismində deyil, eyni zamanda bir çox tədbirlərin təşkilat komitəsində təmsil olunmuş, bölmələrə sədrlik etmiş və əlaqələndiricisi olmuşdur. Bir vətənpərvər olaraq həmin konfraslarda Azərbaycanı hər zaman layiqincə təmsil edib, tarixçiliyimiz mövqeyindən çıxış edib, tarixi həqiqətlərimizi təbliğ edib. Xüsusilə, Azərbaycan ilə qardaş Türkiyə arasında tarix elmində qarşılıqlı əlaqələrin möhkəmləndirilməsində, ümumi layihələrin və müştərək konfransların həyata keçirilməsində bir təşkilatçı kimi İradə xanımın səyyi və zəhməti olduqca böyükdür. Təsadüfi deyil ki, Türk tarixçiləri arasında İradə xanımı tanıyıb sevən sadaqətli dostları az deyil, hətta Azərbaycandakından daha çoxdur desək yanılmarıq. Yaratdığı dostluq şəbəkəsi demək olar ki, Türkiyənin bütün ərazisini əhatə edir.

2009-cu ildən başlayaraq Tarix İnstitutunun direktoru AMEA müxbir üzvü Y.Mahmudovun rəhbərliyi altında həyata keçirilən “Azərbaycan tarixi ilk mənbələrdə” layihəsi çərçivəsində əsasən İstanbul, Moskva və Ankara şəhərlərində yerləşən müxtəlif arxivlərdən Azərbaycan tarixi ilə bağlı çoxsaylı qaynaqların İnstituta gətirilməsində və bu sənədlərin toplu şəklində ortaya qoyulmasında fəal iştirak etmişdir. Hal-hazırda isə “Azərbaycan əhalisi xanlıqlar dövründə” adlı doktorluq dissertasiyası üzərində tədqiqat işini başa çatdırmaq üzrədir.

16487728_1885411908355787_5259812085431096512_o

Elmi tədqiqatlarla yanaşı həm də aktiv ictimai fəaliyyətlə məşğuldur, Azərbaycan Tarix Qurumu ictimayi birliyinin sədr müavini, “Tarix və Gerçəklik” jurnallının baş redaktor müavini, “Pamukkale Üniversitesi Sosyal Bilimler Enstitüsü” jurnalında “Danışma kurulu” üzvü, 2014-cü ildən “Atatürk” və “Çağdaş Türkiyə Tarihi Araştırmaları” jurnallarında Hakim Kurulu üzvüdür. İradə xanımın elmi və İctimai fəaliyyəti nəzərə alınaraq o, Azərbaycan Respublikası Prezidentinin 25 may 2012-ciil tarixli fərmanı ilə Azərbaycan Respublikası Dövlət Mükafatı Laureatı fəxri adına layiq görülmüşdür.

Bu il İradə xanımın yubileyidir. Bu əlamətdar hadisə onu sevən, qədr-qiymətini bilən ailəsi, dostları və həmkarları üçün bəlkə özündən daha çox sevindiricidir. İradə xanıma can sağlığı, şəxsi həyatında xoşbəxtlik, elmi karyerasında isə layıq olduğu zirvəyə yüksəlməsini və bundan sonra da ruhən və cismən belə cavan və enerjili qalmağını səmimi-qəlbdən arzulayırıq.

 

 

t.e.d., professor Mustafazadə T.T.

t.ü.f.d. Hüseyn F.A.

və  Dostları

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir