25 Fev

 

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Seyran Ohanyanın başçılığı ilə erməni silahlı dəstələri 366-cı motoatıcı alayla birlikdə Azərbaycanın Dağlıq Qarabağ ərazisindəki yalnız azərbaycanlıların yaşadığı 57 yaşayış məntəqəsindən biri olan Xocalı şəhərini və yaxınlığında yerləşən hava limanını zəbt edərək Xocalı əhalisinə qarşı dəhşətli soyqırım törətdilər.  Erməni silahlı birləşmələri tərəfindən 106-sı qadın, 63-ü uşaq, 70-si yaşlı olmaqla 613 Azərbaycan vətəndaşı qətlə yetirilib. 1275 nəfər girov götürülüb, 487 nəfər şikəst edilib, 150 nəfərin, o cümlədən 68 qadının və 26 uşağın aqibəti bu günə qədər məlum deyil. 26 fevralda Xocalı soqrımından 25 il ötür, lakin bu dəhşətli hadisə hələ də dünyada ədalətli qiymətini ala bilməmişdir.

Xocalı faciəsi 200 ilə qədər bir müddətdə erməni millətçilərinin və onların havadarlarının Azərbaycan xalqına qarşı apardıqları etnik təmizləmə və soyqırımı siyasətinin davamıdır. Soyqırımı zamanı 56 nəfər xüsusi qəddarlıqla öldürülüb, 3 nəfər diri-diri yandırılıb, başlarının dərisi soyulub, bədən əzaları və başları kəsilib, gözləri çıxarılıb, hamilə qadınların qarnı süngü ilə yarılıb. Bu əməllərin qabaqcadan düşünülmüş qaydada, milli əlamətinə görə insanların tamamilə və ya qismən məhv edilməsi niyyəti ilə törədilməsi beynəlxalq hüquqa əsasən Xocalı faciəsinin məhz soyqırımı olduğunu təsdiq edir (istinad: http://www.president.az/articles/14426).

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev zamanında bu soyqırıma belə qiymət vermişdir: “Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırım, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir.”

İnsanlığa qarşı törədilmiş bu cinayət aktı beynəlxalq aləm tərəfindən öz hüquqi qiymətini almalıdır. Azərbaycan dövləti erməni millətçilərinin xalqımıza qarşı törətdiyi cinayətlər, o cümlədən Xocalı faciəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, onun soyqırımı kimi tanıdılması üçün məqsədyönlü və ardıcıl iş aparır. Prezident İlham Əliyev Xocalı faciəsini təcavüzkar erməni millətçilərinin yüzilliklər boyu Azərbaycan xalqına qarşı apardığı soyqırımı və etnik təmizləmə siyasətinin qanlı səhifəsi kimi qiymətləndirib (istinad: http://www.president.az/articles/14426).

khojaly

Onu da qeyd etmək lazımdır ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan hərbi birləşmələri, Dağlıq Qarabağdakı erməni silahlı dəstələri və keçmiş sovet ordusunun 366-cı motoatıcı alayı tərəfindən Xocalı şəhərində azərbaycanlıların kütləvi qırğınının Azərbaycan respublikası Milli Məclisin 1994-cü il 24 fevral, 1995-ci il 24 fevral, 2007-ci il 27 fevral və 2012-ci il 24 fevral tarixli qərarları ilə soyqırımı (genosid) cinayəti kimi qiymətləndirilməsi bir daha təsdiq edilib. Milli Məclisin yaz sessiyasının 24 fevral 2017 il tarixində keçirilən plenar iclasında “Xocalı soyqırımının 25 illiyi ilə əlaqədar” qərar layihəsi müzakirəyə çıxarılıb. Qərar layihəsində Milli Məclis deputatlarına bir vəzifə olaraq tapşırılıb ki, xarici ölkələrə səfərlər zamanı, o cümlədən beynəlxalq təşkilatların tədbirlərində iştirak edərkən son yüz ildən artıq dövrdə azərbaycanlıların məruz qaldıqları soyqırımı aktları, o cümlədən Xocalı faciəsi haqqında həqiqətlərin daha geniş yayılmasını təmin etsinlər, bu məqsədlə Milli Məclisin xarici ölkələrin parlamentləri ilə birgə işçi qruplarının imkanlarından dolğun və səmərəli istifadə etsinlər. Azərbaycanın hüquq-mühafizə orqanlarına tövsiyə olunub ki, Xocalı şəhərində soyqırımı aktının törədilməsində iştirak etmiş şəxslərin müəyyən edilməsi və cinayət məsuliyyətinə cəlb olunması üçün görülən tədbirləri davam etdirsinlər. Azərbaycanın müvafiq dövlət və qeyri-hökumət qurumlarına, o cümlədən qeyri-hökumət təşkilatlarına tövsiyə edilib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məlumatların geniş yayılması, yalançı erməni təbliğatının ifşa edilməsi üçün səylərini birləşdirsinlər. Xarici ölkələrin parlamentlərinə, beynəlxalq parlament təşkilatlarına müraciət edilib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Dağlıq Qarabağ bölgəsindəki Xocalı şəhərində azərbaycanlıların kütləvi qırğınını soyqırımı cinayəti kimi tanısınlar. Qərar layihəsi müzakirələrdən sonra səsə qoyularaq təsdiq edilib (istinad: http://news.milli.az/country/520901.html).

Xocalıda törədilən bu dəhşətli soyqırım təkcə Azərbaycan xalqına qarşı deyil, bütün bəşəriyyətə qarşı yönəldilmiş bir cinayətdir. Bu gün Azərbaycan xalqına qarşı çirkin niyyətlərində və cinayət törətməkdə davam edən Ermənistanda yüksək dövlət vəzifələrində təmsil olunanlar, Seyran Ohanyan, Serj Sarkisyan, eləcə də Robert Köçəryan və digərləri baş vermiş soyqırımın günahkarları kimi beynəlxalq məhkəmə qarşısında cavab verməlidir. Biz inanırıq ki, ədalət öz yerini tutacaqdır. Azərbaycan Tarix Qurumu İctimai Birliyi Ermənistan hərbi birləşmələri tərəfindən törədilən bu soyqırımda həlak olanlara Allahdan rəhmət diləyir, xalqımıza dərin hüznlə başsağlığı verir və bütün vətəndaşlarımızı bu soyqırımın dünyada tanıdılması üçün qüvvələrini birləşdirməyə səsləyir.

T.e.d., prof. Tofiq Mustafazadə

T.ü.f.d. İradə Məmmədova