26 Fev

t.ü.f.d, dos. İradə Məmmədova

Hocalı soyqırımı Azərbayan xalqının qan yaddaşına hopmuş dəhşətli faciələrimizdəndir. 26 fevral 1992-ci ildə törədilən Xocalı qətliamı 1994-cü ildə Azerbaycan parlamenti tərəfindən rəsmi olaraq soyqırım kimi tanınmış (Azərbaycan, 1994, 26 fevral, s. 1), 25 fevral 1997-ci ildə isə Xocalı  soyqırımı qurbanlarının anım günü elan edilmişdir (Azərbaycan, 1997, 26 fevral, s.1).

Xocalıdan zorla qovulanlar. Fotoqraf  Viktoriya İvleva (Rusiya)

 Mənbə: “Khojaly Witness of a war crime Armenia in the dock”. Ithaca Press 2014.

Azərbaycan Respublikası bu dəhşətli soyqırımın  beynəlxalq aləmdə tanınması üçün çox ciddi adımlar atmış və atmaqdadır. Bundan başqa alim, rəssam, şair, yazar və digər ziyalılarımız Xocalı dəhşətlərinin dünyaya çatdırılmasında əlindən gələni etmişlər. Bu gün bu soyqırımdan artıq 30 il ötür. Bununla bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 28 yanvar 2022-ci il tarixində Xocalı soyqırımının otuzuncu ildönümü haqqında sərəncam vermişdir. Bu sərəncamda deyilir: «Azərbaycan tarixinin ən dəhşətli səhifələrindən biri olan Xocalı soyqırımından 30 il ötür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozaraq keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərinə hücum etdi və dinc əhaliyə misli görünməmiş qəddarlıqla divan tutdu. Xocalı soyqırımı zamanı 106 qadın, 63 uşaq, 70 qoca olmaqla 613 şəxs məhz azərbaycanlı olduqlarına görə ağlasığmaz vəhşiliklə qətlə yetirildi, 487 dinc sakin ağır yaralandı, 1275 nəfər isə girov götürüldü. Xocalı qətliamı Ermənistanın uzun illərdən bəri Azərbaycana qarşı həyata keçirdiyi planlaşdırılmış etnik təmizləmə və təcavüz siyasətinin tərkib hissəsi idi. Soyqırımının törədilməsinə görə Ermənistanın o zamankı siyasi-hərbi rəhbərliyi məsuliyyət daşıyır. Ermənistanın azərbaycanlılara qarşı törətdiyi Xocalı soyqırımı, eləcə də Bağanıs Ayrım, Qaradağlı, Ağdaban və Başlıbel qətliamları ilə müşayiət olunan hərbi təcavüzü nəticəsində torpaqlarımızın 20 faizə qədəri işğal edildi, 20 min vətəndaşımız qətlə yetirildi, 50 min nəfərdən artıq adam yaralandı və əlil oldu. Azərbaycan böyük humanitar fəlakətlə üz-üzə qaldı. Ermənistanın daim mülki əhalini hədəf seçən təxribatlarına və hərbi təcavüzünə cavab olaraq, 2020-ci il sentyabrın 27-də Azərbaycan xalqı əzəli torpaqlarının işğaldan qurtarılması, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinin yerinə yetirilməsi və tarixi ədalətin bərpa edilməsi uğrunda Vətən müharibəsinə qalxdı. Vətən müharibəsinin gedişatında Ermənistanın Gəncəni, Bərdəni, digər şəhər və kəndlərimizi kütləvi məhvetmə imkanlarına malik ballistik və reaktiv raketlərlə, kasetli bombalarla hədəfə alması bir daha sübut etdi ki, zamanla metodlar dəyişsə də, mülki əhaliyə qarşı qanlı cinayətlər törətmək Ermənistan tərəfinin daim həyata keçirdiyi dövlət siyasətidir. 44 gün sürən döyüşlər nəticəsində rəşadətli Azərbaycan Ordusu parlaq qələbə qazanaraq doğma torpaqlarımızı işğaldan azad etdi. Haqq səsimizin dünyaya çatdırılması və Xocalı soyqırımının beynəlxalq aləmdə tanıdılması üçün ötən illər ərzində məqsədyönlü fəaliyyət göstərilmiş, 2008-ci ildən isə bu fəaliyyət “Xocalıya ədalət” beynəlxalq kampaniyası ilə geniş vüsət almışdır. Hazırda Xocalı soyqırımı bir sıra ölkələr tərəfindən tanınmış və faciəyə beynəlxalq siyasi qiymət verilmişdir. Xocalı soyqırımına hüquqi qiymət verilməli və bu dəhşətli faciəni törədənlər öz layiqli cəzalarını almalıdırlar. Azərbaycan xalqı heç bir vaxt Xocalı faciəsini unutmayacaq. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Xocalı soyqırımı zamanı qətlə yetirilmiş soydaşlarımızın əziz xatirəsini faciənin otuzuncu ildönümü ərəfəsində bir daha dərin hüznlə yad edərək qərara alıram: Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Xocalı soyqırımının otuzuncu ildönümü ilə əlaqədar tədbirlər planı hazırlayıb onun həyata keçirilməsini təmin etsin. Bakı şəhəri, 28 yanvar 2022-ci il” (https://president.az/az/articles/view/55313).

Bu sərəncamın verilməsi dövlətimizin həmişə kimi Xocalı soyqırımının beynəlxalq aləmdə tanıdılması, soyqırım və ya qətliam olaraq tanınması, Xocalıya ədalət prinsiplərindən çıxış edərək, bu soyqırımı törədənlərin beynəlxalq məhkəməyə verilməsi istiqamətində işlərin görülməsini, planların həyata keçirilməsini diqqətdə saxladığı göstərir.

Yaşlılara və uşaqlara mərhəmət yoxdur, Fotoqraf Frederick Lengein (Fransa)

Mənbə: “Khojaly Witness of a war crime Armenia in the dock”. Ithaca Press 2014.

Düşünürəm ki, Xocalı soyqırımının tanıdılması hər bir Azərbaycan vətəndaşının vicdan məsələsi olmalıdır. Bu 30 ildə Xocalı soyqırımının tanıdılması ilə bağlı çox iş görülüb, çoxlu əsərlər, məqalələr yazılıb, sənədli və bədii filmlər, rəsm əsərləri çəkilib, sərgilər təşkil edilib, abidələr qoyulub. Lakin Xocalı soyqırımına dair, məsələn tarixçilərin yazdığı kitab və məqalələrin İngilis və ya diğər dillərdə beynəlxalq indeksli jurnallar və tanınmış nəşr evlərində yayınlanmasında ciddi çətinliklər və ya maneələr vardır. Məlumdur ki, Ermənilər dünyadakı məşhur kanal, sayt, kitab evləri, nəşriyyat və juranllarda təmsil olunur və ya buradakı onların istədiklərini yazan başqa millətdən olan işçiləri yerləşdirirlər. Bu səbəbdən Hocalı və ya Qarabağ həqiqətlərini bu yayın orqanlarında və ya nəşriyyatlarda nəşr etdirmək demk olar ki müşkülə çevrilib. Bu jurnallara və ya konfranslara göndərilən Xocalı soyqırımı və ya  Qarabağ həqiqətlərini əks etdirən məqalələri dəhşəti təbliğ edir bəhanəsilə çap etməkdən imtina edirlər. Bu istər Hocalıdakı uşaqların faciəsini, onların yaşadıqlarını, istər Dündanə Ağayeva və onun kimi gənc qızların əsirlikdə başlarına gətirilən züm və qəddarlıqlar və s. olsun fərq etməz, bunlar sizin uydurmalarınız, bunun sübutu yoxdur deyə həqiqətləri çox gözəl bilsələr belə, nəşr etməkdən imtina edirlər. İngilis, fransız və digər dillərdə olan, özlərinin soyqırımını əks etdirən şəkil və məlumatları ortaya qoyanda isə qəzet yazıları ciddi qaynaq deyil bəhanəsini gətirirlər. Yəni açıq şəkildə ağ rəngə qara deyirlər. Bu istiqamətdə dövlətin də dəstəyi ilə plan və lahiyələrin həyata keçirilməsi vacibdir və təxirəsalınmazdır. Xüsusilə alimlərin adı çəkilən məsələlərlə bağlı müxtəlif dillərdə məqalələrini çap etdirə biləcəyi bir beynəlxaq jurnal, yəni dünyanın aparıcı universutetlərinin alimlərinin təmsil olunduğu bir ortaq jurnalın təsis edilməsi vacibdir. Xocalı və yaxud Qarabağ həqiqətləri ilə bağlı alimlərin təmsil olunduğu müxtəlif dillərdə saytların yaradılması da məqsədəuyğun olardı.

Beləliklə, AZƏRBAYCAN TARİX QURUMU ADINDAN 30-CU İLDÖNÜMÜNDƏ HOCALI SOYQIRIMIN QURBANLARINI DƏRİN HÜZNLƏ ANIR, DÜNYANIN HEÇ BİR XALQINA BUNA BƏNZƏR FACİƏ VƏ SOYQIRIMLARININ YAŞANMAMASINI ARZU EDİRƏM.

HOCALI ŞƏHİDLƏRİ SİZLƏRİ UNUTMADIQ VƏ UNUTTURMAYACAĞIQ!

ALLAH BÜTÜN ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT ETSİN!

Şərh yaz