17 İyn

Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxın davam etdirdiyi işğala son qoyulması beynəlxalq hüququn tələbidir. Dövlətlərin ərazi bütövlüyü ilə bağlı bütün beynəlxalq konvensiyalarda sərhədlərin toxunulmazlığı birmənalı şəkildə əksini tapır və təcavüzkar Ermənistan özü də bu konvensiyaları qəbul edib. Əks halda, Ermənistan öz ərazisinin toxunulmazlığı haqqında danışa bilməz. Azərbaycan 44 günlük müharibədə parlaq Qələbə qazanaraq işğala son qoyub. Buna görə də işğalçı tərəf minalanmış ərazilərin xəritələrini Azərbaycana verməlidir. Çünki atəşkəs tərəflər arasında normal münasibətlərin təmin olunmasının əsasını təşkil edir. İki ölkə arasında münasibətlərin normallaşması istiqamətində göstərilən səylər və regional inkişaf konsepsiyası təhdid cəhdlərini qəbul etmir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında türkiyəli vəkil Zeynep İdil Eserol ifadə edib.

Ermənistanın mina xəritələrini təhvil verməməsini iki qonşu ölkə arasında uzunmüddətli sülhün yaranmasına olduqca ciddi təhlükə kimi dəyərləndirən gənc vəkil deyib: “BMT Baş Məclisinin 1974-cü il 14 dekabr tarixli “hücumun tərəfi” haqqında qətnaməsindəki müddəa bu baxımdan vacib mənbələrdən biridir. Bu qərara görə, sadalanan bir sıra hərəkətlər hücum xarakterli əməllər kimi qəbul edilir. Sənəddə açıq şəkildə göstərilir ki, bir dövlətin silahlı qüvvələrinin başqa bir dövlətin ərazisini işğal etməsi və ya ona qarşı hücuma keçməsi, eləcə də başqa bir dövlətin ərazisini və ya onun bir hissəsini işğal etməsi, yaxud hücum nəticəsində yaranan hər hansı hərbi işğal beynəlxalq hüquqa görə cinayətdir. Azərbaycan ərazilərində mina basdırılması Ermənistan dövlətini beynəlxalq hüquq qarşısında cavabdeh tərəf kimi tanıyır. Minalanmış ərazilərin xəritəsinin qarşı tərəfə verilməməsi insanları öldürmək cəhdi olaraq barbarlıq aktı kimi qəbul olunur”.

Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinin və əsassız ərazi iddialarının beynəlxalq hüquqa təhdid olduğunu diqqətə çatdıran vəkil iyunun 4-də ikisi jurnalist olmaqla, dinc insanların həlak olması və yaralanmasını Ermənistanın növbəti müharibə cinayəti kimi dəyərləndirib. Bildirib ki, dünya ictimaiyyəti bu barbarlığa göz yuma bilməz.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Şərh yaz