29 Okt

Güntəkin Cəmil qızı Nəcəfli, Qarabağın Fizuli rayonun Horadiz kəndində, tarix müəllimi Cəmil Quliyevin ailəsində dünyaya göz açdı. O fisunkar torpağımızda ki, indi işğal altındadır. O məkanda ki, ermənilər Azərbaycan torpaqlarını işğal edərkən Güntəkin xanımın ata yurdu və evi, atasına məxsus zəngin kitabxanası ilə birlikdə ermənilərin əlinə keçdi. Atası, Cəmil müəllim ona çox sevdiyi türk yazıçı Rəşad Nuri Güntəkinin şərəfinə Güntəkin adını qoydu. Uşaqlıqda gözəl şəkillər çəkirdi. Hətta evləri qonaqla dolu olduğu vaxtlarda belə öz gizli guşəsinə, yəni stolun altına çəkilər və orada kağız üzərində rəsmlər çəkərdi. O rəssam olmaq istəyirdi, ancaq atasının sözünü yerə salmayıb onun istəyi ilə tarixçi oldu. Onun bu arzusunu sonralar hal-hazırda Rəssamlıq Akademiyasında oxuyan istedadlı qızı Aydan həyata keçirdi. Ama yəqin ki, atası qızının tarixçi olmasını istəməklə gələcəkdə olanları hiss etmişdi və qızının Qarabağ topraqları uğrunda mübarizə apara bilməsi üçün tarixçi olmasını istəmişdi. Atasının istəyi ilə Güntəkin Nəcəfli 1985-ci ildə Bakı Dövlət Universitetinin tarix fakültəsinə daxil oldu. Burada başda Yagub Mahmudov olmaqla gözəl müəllimlərdən dərs aldı, 1993-1996-cı illərdə AMEA A.A. Bakıxanov adına Tarix İnstitutunun aspiranturasında oxudu və sonra elə bu institutda da çalışmağa başladı. Kiçik elmi işçidən aparıcı elmi işçiyə qədər yüksəldi. Bəli, o, tarixçi oldu və Qarabağ uğrunda elmi fəaliyyəti ilə, yazdığı elmi işləri ilə mübarizə aparmağa başladı. Bunu onun yazmış olduğu Ermənilərin Azərbaycanda dövlət qurmaq cəhdlərinə, eyni zamanda Ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi soyqırımlara aid kitabları və məqalələri də sübut edir. İşgüzarlığı, istedadı ilə əvvəllər uzun illər çalışdığı “Azərbaycanın qonşu xalqlarla münasibətləri və xanlıqlar dövrü” şöbəsinin müdiri olan Prof., t.e.d. Tofiq Mustafazadənin diqqətini cəlb etdi, Tarix İnstitutunun direktoru akademik Yagub Mahmudovun etimadını qazandı. Və təsadüfi deyil ki, bu gün AMEA Tarix İnstitutunun “Qarabağ tarixi” şöbəsinə başçılıq edir. Güntəkin Nəcəfli 100-dən çox məqalə, onlarla kitabın müəllifi və 8-dən çox kitabın tərtibçisidir. Təsadüfi deyil ki, Güntəkin Nəcəfli akademik  Yaqub Mahmudovun rəhbərliyi altında hazırlanmış “İrəvan xanlığı. Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi” monoqrafiyasının müəlliflərindən biri kimi 25 may 2012-ci ildə Azərbaycan Respublikasının Dövlət Mükafatı Laureatı kimi yüksək fəxri ada, eyni zamamnda 19 noyabr 2015-ci ildə AMEA Tarix İnstitutunun fəxri diplomuna layiq görülmüşdür. Güntəkin Nəcəfli AMEA Tarix İnstitutunun Elmi Şurasının üzvü, Türkiyə Cümhuriyyəti Atatürk Araşdırma Mərkəzi Xəbərləşmə üyəsidir. Xaricdə rus və türk dillərində monoqrafiyaları dərc edilmişdir. Bir çox ölkələrdə nüfüzlu konfranslarda müvəffəqiyyətlə çıxış etmiş, tarixi həqiqətlərimizin dunya ictimaiyyətinə doğru şəkildə çatdırılmasına çalışmışdır. 2009-cu ildən başlayaraq Tarix İnstitutunun direktoru akademik Y.Mahmudovun rəhbərliyi altında həyata keçirilən “Azərbaycan tarixi ilk mənbələrdə” layihəsi çərçivəsində Rusiya Federasiyası, Türkiyə Cümhuriyyəti və Almaniya arxivlərində çalışmış, buradan gətirilən sənədlərin nəşrə hazırlanmasında  tərtibçi olmuşdur. Azərbaycan, türk, alman, rus, erməni dillərini bilən Güntəkin Nəcəfli eyni zamanda gözəl ailə başçısı, səqadəqli həyat yoldaşı, qayğıkeş anadır.

Dostları və həmkarları Güntəkin xanım haqqında

Adilə xanım. Ralf Valdo Emerson deyirdi: ”Mən dostlarımı tapmadım. Mərhəmətli Allah verdi mənə onları.” Həqiqətən sizləri mənə mərhəmətli Allahım verib. Artur Şopenhauer isə yazırdı: “Dostlar və tanışlar taleyin ən etibarlı pasportlarıdır.” Siz mənim etibarlı pasportlarımsız. Atalar deyir: ”Dostunu göstər sənin kim olduğunu deyim”. Qızıldan qiymətli sözlərdir.

Gözümdə, könlümdə bir qönçə kimi
Hərəniz bir duyğu bəxş edər mənə.
Ömrüm çox dolaşıq düyünçə kimi
Həmişə möhtacdır dost əllərinə.

ƏZİZİMİZ, HAMIMIZIN SEVİMLİSİ GÜNTƏKİN XANIM!

YAŞ FƏRQİMİZƏ BAXMAYARAQ DOST SAYIRIQ BİR-BİRİMİZİ. TANIDIĞIMIZ YÜZLƏRLƏ İNSANIN ARASINDAN DOST SEÇMƏK HEÇ DƏ ASAN DEYİL. SEÇDİKDƏN SONRA ONA DƏYƏR VERMƏK LAZIMDIR. SƏN DƏ MƏNİM ƏN DƏYƏRLİ DOSTLARIMDANSAN. TANRI SƏNİ QORUSUN!

Fəridə xanım. Sevimli Güntəkinimiz! Səni həmişə sağlam, bəxtəvər, xoşbəxt və ürəyindən keçən bütün arzulara çatmış görək!

Nazilə xanım. Əziz Güntəkin. Yubileyin münasibətilə mənim ürəkdən gələn təbriklərimi, möhkəm cansağlığı, şəxsi və ailə səadəti, çox məsuliyyətli fəaliyyətində yeni-yeni nailiyyətlər barədə ən səmimi arzularımı qəbul et.

Sahibə xanım. Sevimli Güntəkin, gözəl alim, ana, zəhmətkeş qadın və nəhayət etibarlı dost! Ünvanına deyilən hər bir xoş söz sənin öz həyat yükündür, gündəlik yaşamındır, qazandıgın dəyərdir. Sən hər birimizin yanında olmaq ucun arzulanan xanımsan. Arzu edirəm ki, bu yubiley ilində  arzuladığın bütün arzuların gerçəkləşsin. Gələcəyini təyin edən hər yeni gün,  əvvəlkindən daha gözəl, istəklərinə uyğun və səni xoşbəxt edəcək şəkildə olsun. Güntəkin, ad günün mübarək!!!

Emilya Əliyeva. Dostlar ulduzlar kimidir, onları hər zaman görə bilmirsən,amma sənin üçün hər zaman var olduqlarını və səni düşündüklərini bilirsən. Unutma ki, hər kəs eyni şeyi yaşayır. Ümid edirəm ki, bu ilin sonunda geriyə dönüb baxanda “gözəl bir il oldu” deyəcəksən. Əziz dostum və bacım! Sənə arzum həyatın gözəl, mənalı günlərindən dadmaq, gözəllikləri ilə öyünən dünyanın gözəlliklərinə qovuşmaqdır. Atdığın hər addımında uğurun səninlə olsun, gül bağçanda yalnız xoşbəxtlik gülləri açsın! Daha uca zirvələrdə görək səni. Doğum günün mübarək!

Səbinə Alməmmədova. ƏZİZİM GÜNTƏKİN YUBİLEYİN MÜBARƏK!  Sevgili Arkadaşım! Hayatı yenəcək qədər güçlü, hayatdan istədiklərini alacaq qədər ümüdlü, ümüdünü itirməyəcək qədər inançlı, mutlu və sevgi dolu günlər sənin olsun! Nə yaxşı ki, varsan və nə yaxşı ki, bir yerdəyik!!!!

Aynur Əmənova. Əziz bacım Güntəkin. Həqiqi alim, fədakar ana, sadiq dost və ən əsası gözəl insan, yaxşı ki varsan, həmişə var olasan! Allahdan sənə ailən və övladlarınla uzun, sağlam, xoşbəxt, şən və həyat dolu ömür diləyir, elmin ən uca zirvələrinə çatmağını arzulayıram. Ad günün mübarək!

Nərminə Əmirbəyova. Поздравляю Гюльтекин ханым с юбилеем. Ученье — свет, и пусть наука проливает ясный свет для тебя повсюду. Желаю всё время идти только вперёд и совершать всё новые и новые открытия, желаю с наукой быть на «ты» и своими достижениями совершенствовать этот мир, желаю достойных и упорных трудов и замечательного отдыха после работы. Удачи в стремлениях, крепких сил и здоровья, личных благ и верного счастья.

Nigar Eyvazova. Əziz  Dostum, ad günün mübarək. Neçə belə gözəl yaşları birgə sevdiklərimizin ətrafında qeyd edəsən. İçimdən sənə o qədər söz demək keçir… Yaxşı ki,  qarşıma çıxmısan. Ürəyindəki yaxşılıq, mərhəmət hər yaş bir az da artsın. Həmişə belə düzgün ol. Hər yaşın sağlam və xoşbəxt keçsin.

Fərəh Hüseyn. AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunda ilk tanıdığım, dostlaşdığım və xətrini çox sevdiyim insanlardandır Güntəkin Nəcəfli. 1993-cü ilin payızından əyani aspiranturaya bərabər daxil olduğumuz zamandan artıq 25 il ötüb və bu illərin təcrübəsindən deyə bilərəm ki, dostluqda çox sədaqətli və mətin, həm də çox qayğıkeş bir xanımdır. Dostların ona hörmət və sevgi ilə “mamaşa” demələri əbəs yerə deyil ki… Mülayimlik ilə bərabər Güntəkin xanım həm də çox prinsipial və mübarizdir, xüsusilə vətənpərvərlik məsələsində olduqca qətiyyətlidir. Bu xüsusiyyət onun həm ictimai mövqeyinin, həm də elmi tədqiqatlarının əsasını təşkil edir. Həyatda və elm sahəsində əldə etdiyi bütün nailiyyətləri yalnız öz zəhmətkeşliyinə və əzmkarlığına borcludur, araşdırdığı sahənin gözəl mütəxəssisidir və incəliklərinə qədər öyrənməyə can atır.

Tarixçi olmaqla Güntəkin, atasının  arzusunu yerinə yetirdi. Cəmil müəllim qızını öz yolunun davamçısı kimi görmək istəyirdi. Tarixçi olmasaydı rəssam olmaq arsuzu vardı. Bu arzunun gerçəkləşməsini isə Allah Güntəkin xanımın qızı, Rəssamlıq Akademiyasının 2-ci kurs tələbəsi istedadlı və gözəl Aydanımıza nəsib etdi.

Əzizim Güntəkin, bu arzun kimi həyatda bütün arzu və ümidlərinin gerçəkləşməsini diləyirəm. Gözəl ailən və sevdiklərinlə bərabər sənə xoşbəxt və sağlam ömür arzulayıram.

Mehri Xanbabayeva. Gözəl bacım Güntəkin! Daim Gün kimi parlaq olasan! Sən mənim bu gözəl tarixçi kollektivində çalışmamın, dəyərli dostlar qazanmamın səbəbkarısan. Uzun illər sürən dostluğumuz sarsılmaz və qırılmaz olsun!  Həyatında unudulmayan, düşündükcə xatırlanan mənalı günlərin sayı daha da çox olması arzusuyla ad günün mübarək olsun!

Mərziyə İsgəndərova, Səidə Hacıyeva, Ruhəngiz Sultanova, Gülnarə Şirəliyeva, Nailə Hüseynova, Şəhla Məmmədli. Əzizimiz, sevimlimiz, yüksək keyfiyyətləri özündə cəm edən, bacarıqlı, zəhmətkeş, yorulmadan çalışan bizim Güntəkin! Sən yalnız elmi nailiyyətlərinlə deyil, eyni zamanda insani keyfiyyətlərin, ətrafındakılara gözəl münasibətinlə hər zaman seçildin. İllərlə gözümüzün önündə böyüdün, yüksəldin, səmimi münasibətlərini qoruyub saxlaya bildin. Sən hamımızın sevimlisi olaraq qaldın. Biz sənə sonsuz uğurlar arzulayırıq. Diləyirik ki, anaları kimi zirvələrə can atan  ağıllı və bacarıqlı uşaqlarınla hər zaman fəxr edəsən və ailə səadətin həmişə səninlə olsun.

İradə Məmmədova. Uşaqlıqda saçlarının rənginə görə yaxınlarının “Qızıllı” deyə çağırdıqları, əzmkar, çalışqan və zəhmətkeş olan bu xanımla bir şöbədə çalışarkən tanış olmuşduq. Ancaq “İrəvan xanlığı. Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi” kitabı yazılarkən butün günü arxiv və kitabxanalarda, həmçinin Tarix institutunda bu kitab üzərində birlikdə çalışdığımız zaman, bir-birimizi daha yaxından tanıdıq və dostlaşdıq. İnsan səfərdə tanınar məsəli hər zaman özünü doğruldur. Bu dostluq Moskva, İstanbul və Ankara şəhərlərində arxivlərdə çalışdığımız zaman daha da dərinləşdi və möhkəmləndi. Səni və ailəni daha yaxından tanımağa başladım. Uşaqlıq arzundan atana görə vaz keçmişdin, həyatda bir çox əziyyətlərə qatlaşdın, torpaq itkisinin ardınca, ata itkisi və s. itkilərə məruz qalmağına baxmayaraq həyatda çətinliklərə tab gətirməyi bacardın və itirilmiş torpaqlar uğrunda elmi fəaliyyətinlə mucadilə etməyə başladın. Bu mübarizədə daha güclü olmaq üçün hətta Erməni dilini də öyrəndin. Eyni vaxtda ailənlə, uşaqlarının tərbiyəsi ilə və elmi fəaliyyətlə məşğul olmaq çox çətindir. Ama sən bu çətinliklərin öhdəsindən gələrək elmi fəaliyyətində və çalışdığın müəssisədə yüksəkliklərə qalxmağı, dostlarının və həmkarlarının sevgisini qazanmağı bacardın. Dəyərli dostum və bacım bu mübarizədə, eyni zamanda elmi fəaliyyətində sənə uğurlar arzulayıram. İnşallah sənin gələn ilki doğum gününü Qarabağda, işğaldan azad edilmiş torpaqlarımızda keçirməyi sənə arzu edirəm. Həyat yoldaşın və iki gözəl, tərbiyəli övladınla bərabər sənə uzun ömür, firavan və sağlam həyat, gözəl və mənalı gələcək arzulayıram. Bütün arzularının çin olması diləyi ilə ad günün mübarək!!!

 Azərbaycan Tarix Qurumu Güntəkin xanımı yubileyi münasibəti ilə ürəkdən təbrik edir, onun haqqındakı bütün arzulara qoşulur, ona uzun ömür, can sağlığı, elmi və şəxsi fəaliyyətində uğurlar arzulayır!

Dostları və həmkarları adından mətni hazırladı İradə Məmmədova

29.10.2018

Şərh yaz