01 İyn

Qabil şagird ustad olar ustada

Azərbaycan atalar sözü

 

Görkəmli alim, Əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, AMEA Tarix İnstitutu “Beynəlxalq Münasibətlər Tarixi” şöbəsinin müdiri, Azərbaycan Tarix Qurumu İctimai Birliyinin sədri, professor, tarix üzrə elmlər doktoru Tofiq Mustafazadənin bu gün 70 yaşı tamam olur.

İnsanın həyatında bir çox məqamlar var ki, ətrafında olan insanlarla birbaşa bağlıdır. Allah insanı hər hansı bir istiqamətə yönəltmək istəyəndə qarşısına xeyirxah insanları çıxardır. Bu sənin valideynlərin, bacı və ya qardaşın, yaxın qohumun, müəllimin və ya başqa birisi də ola bilər. Önəmli olan onun səni doğru yola yönəltməsi, düzgün istiqamət verməsidir. Belə adamlara USTAD deyirlər. Əslində mən Tarih İnstitutuna test imtahanı ilə qəbul olunana qədər artıq M.F.Axundov adına Rus dili və Ədəbiyyatı İnstitununu qırmızı diplomla bitirmişdim. İnstitutu qırmızı diplomla bitirdiyim üçün qeyd şərtsiz institutda qalmalı və elmi işlə məşğul olmalı idim. Amma belə olmadı. Əgər insanın taleyində elmi işlə məşğul olmaq varsa, demək əvvəl axır yenə də onunla məşğul olacaq və mən də elmi işlə məşğul olmağı çox istəyirdim. Rus dilinin dəbdən düşdüyü, dərslərin çatışmadığı, rus dilində yeni yazılan tarix dərsliklərin olmadığı bir dövrdə əsasən tarix dərslərini deyir, Azərbaycan dilində yeni yazılmış tarix dərsliklərini rus dilinə tərcümə edir, şagirdlərə qısa məzmunu yazdırırdım, çünkü başqa yolu yox idi. Bir gün həyatımda böyük rolu və önəmi olan Sevda bacım bəlkə sənədlərini Tarix İnstitutuna verəsən dedi. Onun dediyi ağlıma batdı, hazırlaşmadan sənədlərimi verdim və test imtahanlarından keçərək Lənkəran Dövlət Universitetinə qəbul oldum. Burada bizə Bakıdan gələn çox dəyərli alimlər, Tofiq Mustafazadə, Seyfəddin Qəndilov, İdeal Nərimanov, Qüdrət İsmayılzadə, Tarix Dostuyev, Mirheydər müəllim, Abdulla müəllim, Vaqif Abışov və başqa dəyərli alimlər dərs deyirdilər. Görkəmli alim Tofiq Mustafazadə ilə ilk tanışlığım burada başladı. Bizə Türk xalqları tarixindən dərs deyirdi və fənnini bizə sevdirməyi bacarmışdı. Mən əslində qədim dövr tarixi ilə çox maraqlanırdım. Şumer dili, runi əlifbaları oxumaq, qədim dövr tarixini araşdırmaq istəyirdim. Ona görə də diplom işimi “Atropatena” mövzu üzrə müdafiə etmişdim. İnstitutu bitirmək ərəfəsində İmtahan Komissiyasının sədri Tofiq Mustafazadə idi, və onun diqqətini savadlı tələbə kimi cəlb etmişdim. Hətta mənim haqqımda diğər müəllimlərdən də soruşmuşdu. Bu əslində Tofiq müəllimin yetirmələrini neçə seçdiyinin, onlara necə həssas yanasdığının sübutudur. Bir gün məndən sənədlərini magistraturaya vermək istəyirsən mi soruşdu. Mən təbii ki, istəyirdim və fikrimi bildirdim. Sən iki institut bitirmisən birbaşa dissertant ola bilərsən dedi və onun dissertantı olmağı təklif etdi. Təbii ki, çox böyük məmnuniyyətlə qəbul etdim. 1998-ci ildə AMEA Tarih İnstitunun dissertanlığına qəbul olundum. 2003-cü ildən isə hörmətli alimin müdürü olduğu “Azərbaycanın qonşu xanlıqlar və dövlətlər əlaqələri” şöbəsinin əməkdaşı oldum. Dəyərli ustadım dissertantı olduğum gündən indiyə kimi hər zaman bir elmi rəhbər, eyni zamanda bir şöbə müdürü, həm də bir ata olaraq dəyərli, qiymətli tövsiyə və məsləhətlətləri ilə bir alim kimi yetişməyimdə əlindən gələni əsirgəmədi. Hər zaman sadəcə mənim deyil, elmi rəhbəri olduğu bütün dissertantlara arxa oldu, qaynaqlarla necə çalışmaq lazım olduğunu, məlumatları necə əldə etməyi və bu məlumatlara ehtiyatla yanaşmağı, əldə edilən biliklərin müqayisə və analizini hansı şəkildə aparmağı yorulmadan öz yetişdirmələrinə öyrətdi. Dünyanın bir çox arxivlərində çalışmış, bu arxiv sənədlərini Azərbaycana gətirərk toplu halında çap etdirmiş bir alim olaraq öz yetişdirmələrinə də arxivdə çalışmağın, ilkin qaynaqlardan istifadə edilməsinin bir tarixçi üçün çox əhəmiyyətli və vacib olmasının önəmini aşıladı.

Tofiq müəllimi fərqli edən xüsusiyyətlər hansılardır:

İlk növbədə sadəliyi, çox zəhmətkeş və təvazökar olması, Azərbaycanın ən çətin anlarında belə alim adını hər şeydən uca tutaraq az maaşla belə elmlə məşğul olması, gözəl yaddaşa, dərin məntiq və zəkaya sahib olması, insanlara obyektiv və sevgi ilə yanaşması, yetirmələrinə ciddi münasibət, onların elm sahəsində uğurları üçün düzgün istiqamət verən ustad, arxiv sənədləri və qaynaqlara dərindən bələd olması, tarixi hadisələrə münasibətdə dərin təhlil və obyektiv yanaşma, vətənpərvər, Azərbaycanın adını getdiyi hər yerdə uca etməsi, gözəl ailə başçısı, övladları üçün əlindən gələni edən ata, etibarlı dost, ən əsası isə vətəninin layiqli övladı olması.

Dəyərli alimi fərqli edən həm də seyx, seyid nəslinə mənsub olmasını təsdiq edən nəsil şəcərəsidir. 3 mart 1846-cı ildə Şamaxıda yazılmış nəsil şəcərəsinə görə Şeyx Teyyubdan başlayır bu şəcərə.

Digər fərqli cəhəti uşaqlıqdan elmə və mütailəyə olan inanılmaz sevgisi, yorulmadan elm yolunda çalışması, yaşlandıqca daha məhsuldar, daha  intensiv çalışmasıdır. Uşaqlıqda oxumağa və mütailəyə o qədər həvəsli idi ki, Zeyvə kənd kitabxanasındakı bütün kitabları oxumuşdu, anasının ona “bala lampada nöyüt qalmadı, bəsdir oxudun” deməsi də təsir etmirdi. Məktəbdə riyaziyyat, fizika və digər dəqiq fənnləri də əla oxuması, gələcəkdə onda analitik təfəkkür və məntiqi düşüncənin formalaşmasında, hadisələrə hər aspektdən və çoxyönümlü yanaşmasında, düzgün analiz və sintez apararaq, doğru nəticələrə gəlməsində böyük rol oynamışdı.

Məhz bunun nəticəsidir ki, görkəmli alimin 220-dən çox sanballı elmi əsəri vardır. Görkəmli alimin 1723-1724-cü illərdə İstanbulda gedən rus-türk danı­şıq­larının, yalançı şahzadə İsmayıl Mirzə, Əbdülrəzzaq xan, Səfi xan və baş­qa­la­rı­nın rəhbərliyi ilə yadelli işğalçılara qarşı xalq-azadlıq hərəkatını işıq­lan­dı­rma­sı Azərbaycan tarixşünaslığında mühüm yenilikdir. Onun monoqrafiyaları müxtəlif qaynaqlar və arxiv sənədləri əsasında dərin təhlilə əsaslanaraq yazılmış, Rusiyanın müxtəlif arxivlərində saxlanılan sanballı sənədlər əlavə olunmuş, həmin sənədlərin bir çoxu ilk dəfə olaraq elmi dövriyyəyə cəlb edilmişdir. Arxivlərdə çalışdığı zaman güclü yaddaşı hər zaman köməyinə gəlmişdir. Sovet dövründə üzərində məxfidir qrufi qoyulmuş sənədlərdəki məlumatları yaddaşına yazır, otelə qayıdan kimi vərəqlərə köçürürmüş.  Əbdülrəzzaq xan haqqında sifrələnmiş məlumatı necə əldə etdiyini, şifrəli məlumatı necə oxuya bildiyini, bu məlumatı əldə edə bildiyi üçün necə sevindiyini hər zaman yetirmələri, dostları və həmkarlarına böyük bir şövqlə danışır  Bu görkəmli alimin sənədlərə, ümumilikdə tarix elminə nə qədər ciddi və sevgiylə yanaşdığını ortaya qoyur.

Tofiq Mustafazadə Azərbaycan xalqının vətənpərvər övladı və tanınmış alim kimi Azərbaycanın tarixi problemlərini istər ölkə daxilində, istərsə də xaricdə işıqlandırmışdır. Görkəmli alim tədqiqatlarında Azərbaycan tarixinin ağrılı və həssas məsələlərinin tədqiqinə üstünlük vermiş, xaricdə nəşr etdirdiyi kitab və məqalələri ilə Azərbaycan tarixinin həqiqətlərini bu şəkildə yaymağa nail olmuşdur. O, tədqiqatlarında vətəndaş mövqeyini ortaya qoyaraq erməni saxtakarlıqlarına qarşı barışmaz mübarizə aparır. Təsadüfi deyil ki,  görkəmli alimin “Tarixdə erməni məsələsi” kitabının (ingiliscə) Varşava Universitetinin siyasi elmlər və beynəlxalq münasibətlər fakültəsində təqdimatı keçirilmişdir.  Tofiq Mustafazadə tədbirdə “erməni terrorizmi beynəlxalq terrorizmin əcaib formasıdır” şəklində fikrini bildirmişdi. Akademik, AMEA Tarix İnstitutunun direktoru Yaqub Mahmudov fəaliyyətini yüksək qiymətləndirdiyi tələbəsi, indi isə fəxr etdiyi həmkarı Tofiq Mustafazadənin kitabını təqdimat mərasimində bu şəkildə qiymətləndirmişdir: “Yeni nəşr ermənilərə ciddi mesajdır. Ermənilər nəinki Cənubi Qafqaza, ümumiyyətlə, Asiya qitəsinə köçüb gəlmə əhalidir. XVII əsrin 70-ci illərində Azərbaycanın İrəvan bölgəsinə, o cümlədən İrəvan şəhərinə səyahət etmiş türk səyyahı Evliya Çələbi “Səyahətnamə”sində və fransız səyyahı Jan Şarden “Parisdən İsfahana səyahət” əsərində bu torpaqların əhalisinin mütləq əksəriyyətinin Azərbaycan türkləri olduğunu bildiriblər. Tarix İnstitutunda aparılmış tədqiqatlar nəticəsində sübut edilib ki, 1918-ci ilə qədər Cənubi Qafqazda heç zaman erməni dövləti olmayıb”.

 Görkəmli alimin tədqiqatları sadəcə Azətbaycan tarixi məsələri ilə məhdudlaşmır, o, umumi tarix üzrə ümumiləşdirilmiş əsərlər yazmışdır.

Tofiq Mustafazadə dissertantlarına konfrans, sempozium və digər elmi toplantılarda iştirak etməyin əhəmiyyətini də vurguladığından, onun yetirmələri, mən də daxil olmaqla dünyanın müxtəlif ölkələrində elmi toplantılarda uğurla çıxış etmək imkanı əldə etmişdir. Görkəmli alimlə birlikdə istirak etdiyimiz hər konfransda Tofiq müəllimin necə vətənpərvər olduğunun, Azərbaycanın mövqeyini necə çəkinmədən müdafiə  etdiyinin  şahidi olduk. 2008-ci ildə Karsda çıxış edən alimlər Azərbaycanla bağlı məsələlərdə qeyri dəqiqlik və səhv fikirlər səsləndirirdilərsə, o saat düzəldilməsini istəyirdi. Karsda konfransda Səfəvi dövlətinə fars dövləti kimi təqdim etmişdlər. O saat müdaxilə edərək bunun doğru olmadığını, Səfəvi dövlətinin Azərbaycan Türklərinə məxsus olduğunu vurguladı. İstər Dağıstanda olsun, istər Belorusiyda, istər Ukraynada və ya diğər dövlətdə hər zaman Azərbaycanın mövqeyini hər şeydən üstün tutmuş, bir çox məqamlarda Ermənilərlə mübahisəyə girmiş və mubahisədən iti zəkası və məntiqli cavabı ilə hər zaman ustün çıxa bilmişdir. Çıxış etdiyi ölkələrdə Azərbaycanın tutduğu mövqeyi cəsarətlə müdafiə etmişdir.

Dostları, həmkarları və yetirmələri üçün sədaqətli dost, etibarlı tərəfdaş, doğru bildiyi sözü çəkinmədən deyə bilən həmkar, möhkəm iradəli, hər şeyə öz əməyi və çalışqanlığı sayəsində nail olan dəyərli insan, ustad, bəzən həyat müəllimi, mübariz, daim zirvələrə doğru addımlayan, ədalətsizliyə qarşı etiraz səsini ucaldan, tarixi araşdırmalarda fərqli yorum və metodlardan istifadə edən, “ürəyi ilə tarix yazan alim”, “ürəyinin hərarəti ilə yazan alim”, ictimaiyyətin ümumi rəğbətini qazanmış alimdir.

Şöbə əməkdaşlarına sadəcə şöbə müdür yox bir ata və yaxud da böyük qardaş olmuş, onlardan öz qayğısını əsirgəməmişdir.

Tofiq müəllim eyni zamanda Azərbaycan Tarix Qurumunun sədri kimi də fəaliyyəti böyük və çoxşaxəlidir.

 Mustafa Kamal Atatürk “Bir yolçunun yolda gedə bilməsi üçün üfüqü görməsi kifayət deyildir, üfüqün o biri tərəfini də görməsi lazımdır”. Görkəmli alim Tofiq Mustafazadə də tarix elmində məhz ufüqün o biri tərəfini görə bilən alimlərimizdəndir.

Dəyərli ustadım, bu gözəl və məhsuldar çağınızda Sizə möhkəm can saglığı, uzun ömür və gözəl günlər arzulayır, layiqli həyat yoldaşınız Fəridə xanım və övladlarınızla birlikdə fərəh və sevinc içində yaşamağınızı arzulayıram.

Görkəmli alim və ustad Yubileyiniz mübarək!!!

 

Azərbaycan Tarix Qurumu İctimai Birliğinin bütün üzvləri, dostları və həmkarları da bu təbrikə qoşulur!!!

 

Dos., t.ü.f.d. İradə Malik qızı Məmmədova

Azərbaycan Tarix Qurumu sədr müavini

 

 

 

Şərh yaz