05 Fev

Açığını deyim Ramiz Mehdiyev Milli Elmlər Akademiyasının Prezidenti seçildikdə mən onun elmi inkişaf etdirə biləcək hansısa islahatlar həyata keçirəcəyinə inanmırdım, çünki onu mühafizəkar bir adam kimi tanıyırdım. Ətrafımdakılara da deyirdim ki, Mehdiyevin bir çox nazirə təsiri olduğundan o, Akademiya işçilərinin Respublika üzrə orta aylıq səviyyədən xeyli aşağı olan məvaciblərini qaldıra bilər. Lakin təəsüf ki, mənim bu gözləntim də özünü doğrultmadı.

Ədalət naminə qeyd etməliyəm ki, tarixçi baza təhsilinə malik olduğu üçün akademik Ramiz Mehdiyev Azərbaycan tarix elminin aktual mövzularına diqqət ayırmış və dəyərli məsləhətlər vermişdir. O, hələ 2014-cü ildə Moskvada “Naqornıy Karabax: istoriya, proçitannaya po istoçnikam” adlı kitab nəşr etdirmişdir ki, bu da təqdirə layiqdir. Cənab Mehdiyevin 2019-cu ildə nəşr olunmuş “Tariximizin xanlıqlar dövrünün siyasi irsi sənədlər işığında” adlı kitabını xüsusi qeyd etmək istərdim. Bu kitabın məziyyətləri haqqında müxtəlif yüksək vəzifələri tutan məddahlar KİV-lərdə və Elmlər Akademiyasında keçirilən yüksək toplantılarda kifayət qədər bəhs etdiklərindən mən bunların üzərində dayanmayıb bu dövrlə məşğul olan mütəxxəsislərin əməyini heçə endirməyə yönələn bir sıra məqamlara toxunmaq istərdim:

Əvvəla, müəllif yumşaq desək, xanlıqlar dövrünə həsr olunmuş bütün tədqiqatları “iş görüntüsü yararmaq naminə ərsəyə gətirilən və mahiyyət etibarilə mənasız kağız sərfiyyatından irəli getməyən, məntiqi əlaqəsi olmayan, müfəssəl, ciddi mənbəşünaslıq bazasına söykənməyən söz yığını”adlandırır (səh.5). Halbuki, Azərbaycanın şimalında yerləşmiş 10 xanlıq haqqında kitablar və dissertasiyalar yazılıb. Təkcə Quba xanlığı üzrə H. Abdullayevin iki böyük monoqrafiyası, T. Mustafazadənin kitabı var. İrəvan xanlığı üzrə bir neçə kitab və dissertasiya yazılıb. Onlardan birinə Respublika Prezidenti cənab İlham Əliyev dövlət mükafatı verib. Prezident məgər səhv eləyib və Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası niyə kağız sərfiyyatı olan dissertasiyaları təsdıq edib? Əgər akademik Ramiz Mehdiyev həmin işlərə baxıb konkret nöqsanlar göstərcəydi biz onları nəzərə alardıq. Yoxsa işlərdən xəbəri olmadan onları belə ucdantutma anafemaya vermək olarmı? Buna yumşaq desək “insafsızlıq”dan başqa ad vermək olmaz.

6-cı səhifədə müəllif yazır: ”Arxivlərlə, yaxud tərcüməsi həyata keçirilməmiş qaynaqlarla işləmək imkanlarının məhdudluğu tarixşünaslarımızı mənbəşünaslardan asılı vəziyyətə salır. Lakin mən qeyd etməliyəm ki, xanlıqlar dövrünün görkəmli tədqiqatçıları Həsi Abdullayev və Fuad Əliyev ömürlərini Rusiya arxivlərində keçirmişlər. Mən də 1975-ci ildən başlayaraq demək olar ki, hər il müxtəlif Rusiya arxivlərində çalışmışam (sovet dönəmində imkan olduğu üçün çox vaxt ilin 2-3 ayını Moskvada qalmış, oradakı arxivlərdə material toplamaqla məşğul olmuşam. Bunun sayəsində mən Rusiya arxivlərindən XVIII-XIX əsrin əvvəllərinə dair minlərlə sənəd gətirib, müasir rus əlifbasına çevirərək minlərlə səhifədən ibarət 6 cild sənədlər toplusu nəşr etdirmişəm. Bunu görməməzlikdən gələn akademik 6-7-ci səhifələrdə xanlıqlar dövrü üzrə demək olar ki, heç bir arxiv sənədi tapıb çap etdirməyən Şərqşünaslıq, Əlyazmalar İnstitutlarını isə tərifləyir.

Müəllif 11-ci səhifədə Azərbaycan xanlarının hamısının Rusiyapərəst siyasət yürütdüyü iddia edilir. Halbuki onlar güclü Osmanlı və Rusiya imperiyaları arasında manevr etmə siyasəti yürüdürdülər. İbrahimxəlil xan Rusiyaya məktub göndərməklə yanaşı, həm də İstanbula məktublar göndərmiş, Rusiyanın və gürcülərin dəstəklədiyi Qarabağ məliklərinə onlarla gizli əlaqə saxladıqlarına görə divan tutmuşdu.

Akademik Ramiz Mehdiyev 13-cü səhifədə yazır: “Müəyyən vaxtlarda Şəki xanı xan Çələbinin (1747-1755) və Quba hakimi Fətəli xanın (1758-1789) Azərbaycan xanlıqlarını birləşdirmək cəhdləri özünü göstərsə də, onların da həmin proseslərdə ardıcıl və qətiyyətli mövqe tutduqlarını birmənalı söyləmək olmaz.”

Yəqin ki, cənab Mehdiyev bilmir ki, qubalı Fətəli xan Azərbaycanın böyük hissəsini birləşdirmişdi və yalnız Rusiyanın hədələrindən sonra Ərdəbildən geri qayıtmışdı. Müəllif özü də elə həmin səhifədə bunu etiraf edir. Qeyd edək ki, Fətəli xan ömrünün sonunadək Azərbaycanı birləşdirmək siyasətindən imtina etməmişdi. Hətta yanında “Abbas Mirzə”adlı bir yalançı şahzadə saxlayaraq onu şah taxtına oturtmaq istəyirdi.

Müəllifin 14-cü səhifədə Fətəli xanın zəhərlənməsində gəncəli Cavad xanın əlinin ola biləcəyi mülahizəsini səsləndirməsi də doğru deyil. Əvvəla ona görə ki, Fətəli xan Şəmkirçay görüşündə II İraklini bir neçə il əvvəl zəbt etdiyi Şəmşəddil mahalını Cavad xana qaytarmağa razı salmışdı, bu səbəbdən Cavad xan Fətəli xanın öldürülməsində maraqlı ola bilməzdi. Digər tərəfdən məlumdur ki, 1789-cu ilə kimi Rusiyaya qarşı barışmaz mövqe nümayiş etdirən Ağa Məhəmməd xan Qacar, artıq İranın və Cənubi Azərbaycanın çox hissəsini tabe etmişdi, Rusiya isə ona rəğbətlə yanaşan Fətəli xan Qubalının sağ qalmasında və onun Cənubi Azərbaycana hücum edib burada möhkəmlənsində və ya ən azı Ağa Məhəmməd xanla toqquşmasında maraqlı idi. Bu vaxtda Osmanlı-Rusiya müharibəsi getdiyindən də Rusiya ona loyal münasibətdə olan Fətəli xanın güclənməsində maraqlı olmalı idi. II İrakli isə yəqin ki, Rusiyadan xəbərsiz Fətəli xanı zəhərləmək işinə girişməzdi.

Hörmətli akademik kitabının 24-cü səhifəsində İsveç tarixçisi S. Kornellə əsaslanaraq Qarabağda ermənilərin sayının 1832-ci ildə 35 faizə,1880-ci ildə isə 53 faizə yüksəldiyini iddia edir. Kornellin fikrinə tənqidi yanaşılsaydı bu rəqəmlərin şişirtmə olduğu bilinərdi. Əslində onlar Qarabağ yox, İrəvan əyalətinə aiddir.

25-ci səhifədə cənab Mehdiyev Azərbaycan müəlliflərini mənbələrlə “zəif, passiv iş” aparmaqda ittiham edir və yazır: “Tarixi sənədlərə, arxiv işinə və ilk mənbələrin öyrənilməsinə və tərcüməsinə göstərdiyi etinasız, ikinci dərəcəli münasibət bu gün bizi olduqca çətin vəziyyətə salıb”. Müəllif Kitabın 18-ci səhifəsində xanlıqlar dövrünə aid tədqiqatlardan danışarkən T.Mustafazadənin xanlıqlar dövrünə aid 5 kitabından yalnız 2-nin, C.Mustafayevin 3 kitabından yalnız 1-nin adı çəkdiyindəm digərlərinin mövcudluğundan xəbəri olmadığını nümayiş etdirir. F.Abbasovun adı yanlış olaraq F.Ağayev kimi yazılmışdır. T.Mustafazadənin xanlıqlar dövrünə aid arxiv sənədləri toplularının adları isə heç çəkilmir.

34-cü səhifədə akademik Ramiz Mehdiyev İbrahimxəlil xanı ermənilərin ruslarla gizli əlaqələrini nəzərə almamaqda ittiham edir. Halbuki, İbrahim xan bu əlaqələri üzə çıxararaq Alban katolikosu və bir neçə məliyi həbs edib onların xəyanətini sübuta yetirmişdir. Katolikos həbsdə zəhərlənərək öldürülmüş, məliklər isə qaçmış və 1787-ci ildə Gürcüstana pənah aparmışdılar.

O ki qaldı kitabda nəşr olunan 22 sənədə, bunları tərcüməçi özü tapmayıb, İran Xarici İşlər Nazirliyi sənədlərin nəşri idarəsinin 1994-cü ildə nəşr etdirdiyi 97 sənədlik topludan götürülüb (bax: s.83). Həm də bu sənədlərin bir hissəsi Qafqaz Arxeoqrafiya Komissiyasının materiallarında rusca tərcümələri ilə birlikdə nəşr olunmuşdur.

Topludakı sənədlərin hamısı 1800-cü ildən sonraya, yəni xanlığın Rusiya tərəfindən işğalı dövrünə, üçü isə 1837, 1851 və 1852-ci illərə aiddir. Göründüyü kimi sənədlər xanlıqlar dövrünün sonlarına aiddir və demək xanlıqlar dövrünü öyrənmək üçün bir elə də əhəmiyyətə malik deyillər.

Bir də onu qeyd etməyə bilmərəm ki, kitabın sonunda “Dövrün mühüm şəxsyyətlərinə dair tarixi məlumatlar və qeydlər” bölməsində müəllif Eldar Əmirov bir neçə kobud səhvə yol vermişdir: Məsələn, 199-cu səhifədə Ağa Məhəmməd Qacarın “Cənubi Azərbaycanın Astarabad şəhərində” göz açdığını yazır. Cənubi Azərbaycan hara, Xəzər dənizinin cənub-qərbində yerləşən Astarabad hara? Və ya E.Əmirov 203-cü səhifədə yazır: ”1795-ci ildə Azərbaycana rus qoşunlarının daxil olması xəbəri yayılan kimi Qacar böyük bir ordu ilə onların üzərinə yeriyir. Bunu hətta orta məktəb şagirdləri də bilir ki, V.Zubovun başçılığı ilə rus qoşunlarının Azərbaycana yürüşü 1796-cı ilin aprelində başlamışdır. Əslində Qacarın yürüşünə qədər Rusiyanın hələ Azərbaycana yürüş təşkil etmək niyyəti yox idi. Çünki bu zaman Rusiya əsas diqqətini inqilabi Fransaya qarşı mübarizəyə, Polşada Tadeuş Kostyuşkonun başçılıq etdiyi üsyanı yatırmağa və Polşanın üçüncü bölüşdürülməsini həyata keçirtməyə yönəltmişdi. Yalnız Qacarın 1795-ci ildə rəsmən Rusiyanın himayəsində olan Tiflisi alıb yandırmasından sonra Rusiya həm sarsılan nüfuzunu bərpa etmək, həm Qacarın regionda möhkəmlənməsinin qarşısını almaq üçün Azərbaycana yürüş təşkil edir. Bəs ayrı müəllifləri buraxdığı səhvlərə gərə top atəşinə tutan hörmətli akademik həmmüəllifinin kobud xətasına görəsən niyə göz yummuşdur?

Qeyd edək ki, akademik Ramiz Mehdiyevin Azərbaycan xanlıqlarının tarixini öyrənməkdə “xidmətlər”i bununla yetmir. Hələ 2018-ci ildə tanınmış ingilis tarixçisi Maykl Aksvörtinin Nadir şah haqqında yazdığı əsərini Azərbaycan dilinə “tərcümə etdirmiş”dir. Tərcümə çox aşağı səviyyədə yerinə yetirilmiş, çox yerdə fikirlər aydın olmur, qırıq-qırıqdır. Həm də ən başlıcası kompüter tərcüməsi zamanı kitabdakı istinadlar yox olmuş, tərcməçilər isə elmi aparatı heç olmazsa əsərin sonunda əlavə kimi vermək əvəzinə oxucuya “məsləhət görürlər”ki, elmi istinadlarla maraqlanırlarsa kitabın ingilis dilindəki orijinalına müraciət etsinlər. Sual olunur: onda bu çox böyük xətalara malik, yarımçıq tərcümə akademik Ramiz Mehdiyevin özünün dediyi kimi “kağız yığıntısı” kimə lazımdır?

2020-ci ildə isə akademik Ramiz Mehdiyevin rəhbərliyi ilə tərtibçisi Nigar Gözəlovanın olduğu “Nadir şah Əfşarın Azərbaycanın xristian əhalisi ilə münasibətlərinə dair farsdilli sənədlər (Erməni icmasının timsalında)” adlı sənədlər toplusu nəşr olunmuşdur. Sənədlərin İrəvandakı Mətndarandan götürüldüyünə işarə var. Çox maraqlıdır ki, hələ sovetlər dövründə azərbaycanlıların çətin buraxıldığı bir məkana xanım Gözəlova necə giriş əldə etmişdir? Həm də nə erməni, nə də fars dilini bilmədiyi halda orada necə çalışmışdır? Deməli əslində sənədlər hansısa çap oluhmuş topludan götürmüş, lakin toplunun adını qeyd etməyi lazım bilməmişdir. Toplu müəllifləri XIX əsrə kimi ermənilərin Azərbaycan ərazisində yığcam şəkildə yaşamasını təsdiqləməyən Azərbaycan tarixçilərini qınayaraq yazırlar ki, bu dövrə qədər ermənilər Azərbaycan ərazisində kiçik icmalar şəklində yaşamışlar. Vətən müharibəsi ərəfəsində bu cür mövqe düşmənin dəyirmanına su tökmək deyildimi?

Mən, bu günədək subordinasiyanı gözləyib Akademiya rəhbərliyinin nüfuzuna xələl gəlməsin deyə susurdum. Lakin hörmətli akademik Ramiz Mehdiyevin Tarix institunun və onun baş direktorunun ünvanına söylədiyi ciddi ittihamlar məni sükutu pozmağa vadar etdi. Mən də düşünürəm ki, bu gün cənab Mehdiyev və onun əhatəsi Azərbaycan elminin qarşısında ciddi bir əngələ çevrilmişdir. Elmlər Akademiyasının rəhbərliyinə daha cavan və enerjili bir şəxs gətirilməlidir. Yeni rəhbərlik kosmetik deyil, əsaslı islahatlar keçirməlidir ki, Elmlər Akademiyası müasir çağırışlara cavab verə biləcək modern bir quruma çevrilsin.

İslahatlarla yanaşı AMEA-ya müxbir və həqiqi üzvlərin seçilməsi qaydasında da dəyişiklik edilməlidir. Seçkilər şəffaf keçirilmir, namizədlərin nə qədər səs topladığı elan olunmur. 250 işçinin çalışdığı Tarix institutunda cəmi bir akademikin olması, müxbir üzvün isə heç olmaması dözülməz haldır. Həm də niyə görə elmlər doktorluğuna görə verilən vəsait AMEA-nın müxbir və həqiqi üzvlüyünə görə vəsaitdən az qala 15-20 dəfə az olmalıdır.

AMEA A.A. Bakıxanov adına Tarix İnstitutunun “Beynəlxalq münasibətlər və diaspora tarixi” şöbəsinin müdiri, t.e.d., prof., əməkdar elm xadimi, dövlət mükafatı laureatı Tofiq Mustafazadə

Şərh yaz