09 Fev

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin elmi fəaliyyətinə yüksək qiymət verərək Azərbaycanın böyük alimi, böyük tarixçisi adlandırdığı, AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, Azərbaycan Respublikasının Əməkdar Elm xadimi, Azərbaycan Respublikasının Dövlət mükafatı laureatı, t.ü.e.d., professor Yaqub Mikayıl oğlu Mahmudovun 10 fevral 2017-ci il tarixində 78 yaşı tamam olur.

Azərbaycan tarixinin araşdırılmasında əvəzsiz xidmətləri olan Yaqub Mahmudov 1939-cu ildə anadan olmuş, 1956-cı ildə orta məktəbi, 1962-ci ildə isə Bakı Dövlət Universitetinin tarix fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. O, aspiranturada saxlanılmış və 1966-cı ildə təhsilini başa vuraraq XV əsrin 60-70-ci illərində Ağqoyunlu dövlətinin diplomatik əlaqələr tarixinə həsr olunmuş namizədlik dissertasiyası, 1989-cu ildə isə M.V.Lomonosov adına Moskva Dövlət Universiteti Tarix fakültəsinin Elmi Şurasında “Ağqoyunlu və Səfəvi dövlətlərinin Qərbi Avropa ölkələri ilə qarşılıqlı əlaqələri (XV əsrin II yarısı – XVII əsrin əvvəlləri)” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.

Yaqub Mahmudov 1966-1986-cı illərdə Azərbaycan Ensiklopedi­yasın­da elmi redaktor, böyük elmi redaktor, Ümumi tarix və Azərbaycan tarixi redaksiyalarının müdiri, Ensiklopediyanın elmi işlər üzrə Baş redaktor müavini, Azərbaycan Dövlət Pedaqoji Universitetinin baş müəllimi və dosenti, Bakı Dövlət Universitetində Qədim dünya və orta əsrlər tarixi kafedrasının dosenti, daha sonra müdiri, Bakı Dövlət Universitetinin Tarix fakültəsinin dekan müavini, sonra isə dekanı vəzifələrində çalışmışdır. Prof. Y.M.Mahmudov bir müddət Azərbaycan Res­publikası Ali Attestasiya Komisiyası sədrinin müavini və “Azərbaycan Ensik­lopediyası” Nəşriyyat-Poliqrafiya Birliyinin direktoru vəzifələrində işləmişdır.

O, 2004-cü il sentyabrın 13-dən Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun direktorudur. Prof. Y.M.Mahmudov Türkiyə, ABŞ, Rusiya, Yunanıstan, İran, Koreya (Cənubi Koreya), Səudiyyə Ərəbistanı, İraq, İsveçrə, Belçika, Şimali Kipr Türk Cümhuriyyəti, Pakistan, Xorvatiya, Filippin, İsveç, Macarıstan, İtaliya və b. ölkələrin müxtəlif şəhərlərində (Ankara, İstanbul, Vaşinqton, Nyu-York, Moskva, Sankt-Peterburq, Kiyev, Afina, Tehran, Seul, Hoseo, Pusan, Kayseri, Təbriz, Zəncan-Sultaniyyə, Vladimir-Suzdal, Bağdad, Cenevrə, Brüssel, Manila, Stokholm, Budapeşt, Venesiya, Roma və s.) keçirilən beynəlxalq simpoziumlarda iştirak və çıxışlar etmişdir.

           Türkiyə Cümhuriyyəti Atatürk Kültür, Dil və Tarix Yüksək Kurumu Türk Tarix Kurumunun fəxri üzvü, Ortaq türk tarixinin yazılması üzrə Beynəlxalq Komissiyanın həmsədri olan prof. Yaqub Mahmudovun və Türkiyə Cümhuriyyəti Atatürk Araşdırma Mərkəzinin sədri prof. Mehmet Ali Beyhanın birgə təşki­latçılığı ilə Əskişəhərdə, Ərzurumda, Kocaelində, Bakıda, Şəkidə, Quba və Naxçıvanda beynəlxalq elmi konfranslar keçiril­mişdir. Məhz Prof. Yaqub Mahmudovun təşəbbüsü ilə VIII Beynəlxalq Atatürk Konqresi Gəncə şəhərində keçirilmişdir. Azərbaycanın dövlətçilik tarixinə, erməni saxtakarlarının ifşa olunmasına və Azərbaycanın türk-müsəlman əhalisinə qarşı həyata keçirilmiş soyqırımlarına həsr olunmuş əsərləri Moskva, London, Nyu-York, Roma, Mexiko, Los-Anceles, İslamabad, Qahirə, Budapeşt, Seul və başqa elmi mərkəzlərdə nəşr olunmuşdur.

The Name in Science” (“Elmdə ad”) fəxri titulu sahibi, Lütfi Zadə adına Beynəlxalq Müasir Elmlər Akademiyasının həqiqi üzvü, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, “Şöhrət” və “Şərəf” ordenli Yagub Mahmudov Azərbaycan və ümumdünya tarixinə dair 2000-dən çox monoqrafiya, kitab, dərslik, dərs vəsaiti, elmi, elmi-publisistik və ensiklopediya məqalələri, dövri mətbuatda dərc olunmuş müxtəlif xarakterli yazılar və s. nəşrlərin müəllifidir.

Azərbaycan Tarix Qurumu ictimai birliyi Azərbaycanın dəyərli elm xadimi, məhşur tarixçimiz Yagub Mahmudovu 78 yaşı olması münasibəti ilə ürəkdən təbrik edir, ona uzun ömür, can sağlığı və fəaliyyətində uğurlar arzu edir!!!

Şərh yaz