AZƏRBAYCAN TARİX QURUMU VƏTƏNİMİZİN MÜSTƏQİLLİYİ VƏ AZADLIĞI UĞRUNDA CANLARINI FƏDA ETMİŞ 20 YANVAR ŞƏHİDLƏRİNİN ƏZİZ XATİRƏSİNİ DƏRİN EHTİRAMLA YAD EDİR. AZƏRBAYCAN TARİXİNDƏ QANLARI BAHASINA QƏHRƏMANLIQ SƏHİFƏSI YAZAN ŞƏHİDLƏRİMİZƏ ALLAH RƏHMƏT ELƏSİN!!!
Şəhidlər
Müəllif: Bəxtiyar Vahabzadə
Qatil gülləsinə qurban gedirkən,
Gözünü sabaha dikdi şəhidlər.
Üçrəngli bayrağı öz qanlarıyla
Vətən torpağına çəkdi şəhidlər.
Zalim öyünməsın zülümləriylə,
Min bir böhtanıyla, min bir şəriylə.
Həqiqət uğrunda ölümləriylə
Ölümü kamına çəkdi şəhidlər.
O şənbə gecəsi, o qətl günü, –
Mümkünə döndərdik çox namümkünü.
Xalqın qəlbindəki qorxu mülkünü,
O gecə dağıdıb sökdü şəhidlər.
Tarixi yaşadıb diləyimizdə,
Bir yumruğa döndük o gecə biz də.
Yıxıb köləliyi ürəyimizdə
Cəsarət mülkünü tikdi şəhidlər.
Onlar susdurulan haqqı dindirər,
Qaraca torpağı qiymətləndirər.
Donan vicdanları qeyrətləndirər,
Axı, el qeyrəti çəkdi şəhidlər.
Dözdü hər zillətə, dözdü hər şeyə,
“Dünyada mənim də haqqım var”, – deyə.
Kütləni xalq edən müqaviləyə
Qanıyla qolunu çəkdi şəhidlər.
İnsan insan olur öz hünəriylə,
Millət millət olur xeyri, şəriylə.
Torpağın bağrına cəsədləriylə,
Azadlıq tumunu əkdi şəhidlər.
Şəhidlər ölməzlərdir, ölməzi ağlamazlar!
Müəllif: Oqtay Zəngilanlı
Şəhidlər şərəf-qeyrət, ucalıq zirvəsidir,
Şəhidlər azadlığın od-şimşək zərrəsidir,
Şəhidlər tarixləşən istiqlal türbəsidir.
Şəhidlər şimşək kimi, buludlar saxlamazlar.
Şəhidlər ölməzlərdir, ölməzi ağlamazlar!
Şəhidlər Vətən daşı, yurdun vətəndaşıdır,
Şəhidlər azadlığın uca heykəl daşıdır,
Şəhidlər məmləkətin, xalqın qan yaddaşıdır.
Şəhidlər unudulmaz, ölməz, can dağlamazlar,
Şəhidlər ölməzlərdir, ölməzi ağlamazlar!
Şəhidlər doğulan gün əbədiyyət başlayır,
Şəhidlər imamlartək ürəklərdə yaşayır,
Şəhidlər karvanını əbədiyyət daşıyır.
Şəhidlər cənnət əhli, matəm, yas saxlamazlar,
Şəhidlər ölməzlərdir, ölməzi ağlamazlar!
Şəhidlər Xiyabanı müqəddəs pirimizdir,
Şəhidlər Xiyabanı ziyarət yerimizdir,
Şəhidlər qürur rəmzi, özünü dərkimizdir.
Şəhidlər qeyrət qanı, axmasa, çağlamazlar,
Şəhidlər ölməzlərdir, ölməzi ağlamazlar!
Şəhidlər Ana yurdu tutdular candan baha,
Şəhidlər yollar açdı, qaranlıqdan sabaha,
Şəhidlər ölməz ruhla, gedir üzü Allaha.
Şəhidlər gedən yolu tufanlar bağlamazlar,
Şəhidlər ölməzlərdir, ölməzi ağlamazlar!