Türkiyənin TRT yayım şirkətinin rəhbərliyinə

Böyük təəssüf hissi ilə qeyd etməliyik ki, qardaş ölkənin rəsmi orqanı TRT yayım şirkətinin bölməsi olan “TRT Kurdi” Güney Azərbaycanın tarixi şəhərlərindən olan Urmiyanı (Urmu) “qədim kürd şəhəri” kimi təqdim edib. Kanalda yayımlanan süjetdə şəhərdə kürdlərin üstünlük təşkil etməsi, burada kürd adət-ənənələrinin, tarixinin izlərinin qaldığı vurğulanıb.

Bu məsələ Azərbaycan və Türkiyə ictimaiyyətində birmənalı qarşılanmayıb, ciddi etirazlara səbəb olub. Lakin TRT rəsmi səviyyədə heç bir açıqlama yayımlamayıb, mövzuya münasibət bildirməyib. Maraqlıdır ki, hələ bir müddət əvvəl Urmiyada yaşayan Azərbaycan türkləri İran hökumətinin illərdir əraziyə kütləvi şəkildə  kürdləri köçürdüyünü və şəhərin “kürdləşdirilməsinə” çalışdığını bildirmişlər. Mart ayında şəhərin kürd əhalisinin Novruz bayramında törətdiyi təxribatlardan sonra isə güneyli soydaşlarımız küçələrə axışmış, hökumətin kürdlərlə bağlı siyasətinə etiraz etmişdir. “Urmi türkdür, türk qalacaq” şüarları ilə mitinqlər keçirilmişdir.

 Əzəli Azərbaycan şəhərinin tarixini saxtalaşdırmaqda məqsəd nədir? TRT-nin belə həssas mövzuda davranışı diqqətsizlik, yoxsa planlı həmlə kimi qiymətləndirilməlidir? Bu təşəbbüsün arxasında nə dayanır? Şəhərimizi saxtalaşdırmaqda məqsəd nədir? TRT-nin belə həssas mövzuda davranışı diqqətsizlik, yoxsa planlı həmlə kimi qiymətləndirilməlidir?

Diqqətə çatdırmaq istərdik ki, bütün tarixi mənbələr Urmiya bölgəsini Azərbaycanın ən qədim şəhərlərindən biri kimi təsdiqləyir. Arxeoloji və etnoqrafik tədqiqatlar da bunu sübut edir. Urmiya Azərbaycanın ən qədim mədəniyyət beşiklərindən biridir. Hələ 4-5 min il bundan əvvəl Urmiya gölü ətrafında prototürklərin yaşadığı məlumdur. M. ö. III minillikdə Urmiya gölü ətrafında quti və turukki tayfalarının yaşaması haqqında mötəbər mənbələrdə səhih məlumatlar vardır. M. ö. IX  əsrdə bu ərazi Azərbaycan Manna dövlətinin paytaxtı İzurtuya yaxın idi və dövlətin əsas ərazilərindən birini təşkil edirdi. Səfəvilər dövründə Urmiya vilayəti Azərbaycan Əfşar tayfa rəislərinin irsi mülkü idi.

1747-ci ildə Nadir şah Əfşarın sərkərdəsi olmuş Fətəli xan müstəqil Urmiya xanlığının yarandığını elan etmişdir. Əsasını Ağa Məhəmməd Əfşar şah Qacarın qoyduğu Qacar səltənəti bu xanlığı özündən asılı hala sala bilmişdisə də Urmiya 1868-ci ilə qədər Əfşar xanlarının irsi mülkü sayılırdı.

İndi də Urmiya Azərbaycan türklərinə məxsus bir şəhərdir. 2016-cı il siyahıyaalınmasına görə 736.224 nəfərin yaşadığı şəhər əhalisinin əksəriyyətini Azərbaycan türkləri təşkil edir. Fars şovinist hakim dairələri də bu həqiqəti danmağın mümkün olmadığını görüb Urmiya şəhərini Qərbi Azərbaycan ostanının inzibati mərkəzi etmişlər.

Şəhərlə bağlı uzun müddətdir müxtəlif mübahisələr gedir. Fars molla rejiminin Urmiya gölünü qurutma siyasəti, kürdlərin dağlardan bura  köçürülməsi indiki siyasəti yürüdür. Bu rejim Urmiyada Azərbaycan kimliyini sıradan çıxarmaq və kürd üstünlüyünü təmin etmək məqsədilə  kürdlərin köçürülməsini təşviq edir. Son dövrlərdə bu proses xüsusilə fəallaşıb. Qeyd edək ki, kürdlər Urmiya xanlığının ərazisundən tamamilə kənarda Türkiyə ilə xanlıq ərazisi arasındakı dağlıq ərazidə yaşayırdılar. Onlar tədricən Urmiyaya köçürülərək məskunlaşmağa başlayıblar. Şəhəri milli kökündən uzaqlaşdırmaq və kürd mədəniyyəti ilə əlaqələndirməyə çalışırlar. Efirdə yayımlanan bu cür süjetlər tarixi həqiqətləri təhrif edir, böhtan səciyyəsi daşıyır.

Urmiya ətrafında kəskin mübahisələrin getdiyi bir zamanda belə bir verilişin yayımlanması olduqca utancvericidir. Görünür Türkiyə, Azərbaycan və İran prezidentlərinin Xankəndidəki görüşü müəyyən dairələri narahat etmişdir və buna görə də onlar və TRT-də fəaliyyət göstərən bəzi adamlar  Azərbaycan-Türkiyə münasibətlərini zədələmək istəyirlər.

Bəlkə də qulaqlarına səs çatıb ki, İran-İsrail savaşı yenidən başlaya bilər və bu zaman İran parçalana da bilər. Ona görə də yaranmış şəraitdən istifadə etmək üçün indidən hazırlıq məqamıdır. Ona görə də veriliş təşkil edilib.

Belə həssas bir zamanda “TRT Kurdi”nin xatırlanan təqdimatının tamamilə yanlış, tarixin saxtalaşdırılması və təxribat səciyyəsi daşıdığını, bu məsələnin Azərbaycan və Türkiyə ictimaiyyətində birmənalı qarşılanmadığını, ciddi etirazlara səbəb olduğunu nəzərə alaraq biz TRT-nin bu məsələ ilə bağlı rəsmi səviyyədə bir açıqlama yayımlamayıb, mövzuya münasibət bildirməsini gözləyir və tələb edirik.

“AZƏRBAYCAN TARİX QURUMU”  İctimai Birliyi

16.07.2025