Azərbaycan Tarix Qurumu İctimai Birliyinin sədr müavini

 

Məmmədova İradə Malik qızı, Azərbaycan Respublikasının Masallı şəhərində anadan olmuşdur. 1986-cı ildə M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutuna daxil olmuş, 1991-ci ildə həmin institutu fərqlənmə diplomu ilə bitirmişdir. 1993-cü ildə Lənkəran Dövlət Universitetinə daxil olmuş, 1998-ci ildə həmin universiteti bitirərək tarixçi ixtisasını almışdır. 1998-ci ilin noyabrında AMEA A. Bakıxanov adına Tarix İnstitutunun “Azərbaycanın qonşu xalqlarla əlaqələri və xanlıqlar dövrü tarixi” şöbəsinə dissertantlığa, 2003-cü ilin iyunun 2-dən həmin şöbənin kiçik elmi işçisi vəzifəsinə qəbul edilmişdir. 2005-ci ilin dekabrında “Lənkəran xanlığının qonşu xanlıqlar və dövlətlərlə münasibətləri” mövzusunda namizədlik dissertasiyası müdafiə etmiş, 2006-cı il noyabrın 28-də tarix elmləri namizədi adını almışdır. 2007-ci ildən “Azərbaycan əhalisi xanlıqlar dövründə” mövzusunda doktorluq dissertasiyası üzərində çalışır. 2004-cü ildən Rusiya Federasiyasının arxivlərində, 2009-cu ildən isə Türkiyə Cumhuriyyətinin arxivlərində araşdırmalar aparmış, Azərbaycan tarixi ilə bağlı gətirilən materialların toplu olaraq nəşr edilməsində yaxından iştirak etmişdir. Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin 2012-ci il 25 may tarixli, 2238 saylı sərəncamı ilə Azərbaycan Respublikasının Dövlət Mükafatı Laureatı (Diplom No 024) adını almışdır. 2011-ci ildən “Ümumi tarix” şöbəsində çalışır, hal-hazırda həmin şöbənin aparıcı elmi işçisidir. “Tarix və Gerçəklik” jurnalının redaktor müavinidir, AMEA A.A. Bakıxanov adına Tarix İnstitutunun Türkiyə üzrə əlaqələndiricisi, Türkiyə Cümhuriyyəti Atatürk Araşdırma Mərkəzinin Xəbərləşmə üzvüdür. Pamukkale Universiteti Sosial Elmlər İnstitutunun yurnalında və Ataturk Araşdırma Mərkəzinin jurnalında Məşvərət Şurasında, Cağdaş Türkiyə Tarixi Araşdırmaları jurnalında Elmi Heyətdə, Atatürk Universiteti Atatürk İlkeleri və İnqilab Tarixi İnstitutunun “Atatürk” adlı jurnalında Hakim Heyətində təmsil olunmuşdur. 2 monoqrafiyanın müəllifi, 6 monoqrafiyanın həmmüəllifi, 8 elmi toplunun tərtibçisi, 1 biblioqrafik məlumat kitabçasının tərtibçisindən biri, 2 kitabın tərtibçilərindən biridir. 100-dən çox elmi məqalənin müəllifidir. Azərbaycanda və xarici ölkələrdə çox sayda konfranslarda iştirak etmişdir.

  • +994 55 810 09 05
  • irade.mammadli@gmail.com