İ.Məmmədova “Türk dünyasında qadın” mövzusunda II. beynəlxalq seminarın açılış bölümündə məruzə etdi

2-3 oktyabr 2025-ci il tarixində Bakı şəhərində Umay Ana Türk Dünyası Qadınlar Birliği, Xəzər Universiteti, TİKA, YTB, TÜRKSOY, İstanbul Gedik Universiteti, Dünya Ahıska Türkləri Dərnəyi, Türk Qadın Alimlər Dərnəyi və İstanbul Azərbaycan Dostluq Dərnəyi tərəfindən Xəzər Universitetinin ev sahibliyi ilə “Türk dünyasında qadın” mövzusunda II. beynəlxalq seminar keçirildi. Seminarda Azərbaycan Tarix Qurumunun sədr müavini, AMEA A.A. Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun “Azərbaycanın tarixi demoqrafiyası” elmi qrupunun rəhbəri, t.ü.f.d., dosent İradə Məmmədova “Xocalı soyqırımının Azərbaycan qadınlarının üzərində psixoloji və fiziki təsiri” adlı məruzə ilə açılış bölümündə çıxış etdi.

Xocalı soyqırımında 106 qadının qətlə yetirildiyini və  68 qadının taleyinin bu günədək məlum olmadığını diqqətə çatdıran İradə Məmmədova bildirdi ki, Xocalıda baş verənlər Xocalı qadınlarını psixoloji və fiziki təsirlərə məzruz qoymuş, bu dəhşətli soyqırımı eşidən və ya izləyən bütün Azərbaycan qadınları, eyni zamanda dünya qadınları mənəvi sarsıntı keçirmişlər. “İrəli, İtaliya!” partiyasından olan  italiyalı senator Mariya Rizzottinin çıxışını misal göstərən İradə Məmmədova ondan aşağıdakı sitatı seminar iştirakçılarının nəzərinə çatdırmışdır: “Romanın sakit mühitində yaşayaraq, Xocalı qurbanlarına qarşı törədilmiş vəhşilikləri və keçirdikləri mənəvi sarsıntıları anlamaq çətindir. Bugün Xocalı soyqırımının canlı şahidlərinin acı xatirələri vardır. Bu yaxınlarda soyqırım zamanı 20 yaşı olan bir qurbanın ermənilərin şəhərə hücuma başladıqdan sonra yaşadıqlarını əks etdirən acı xatirələrini oxumaq imkanım oldu. Şaxtalı havada meşəyə tərəf qaçaraq canını qurtarmağa çalışdı; lakin onu tutdular, təcavüz etdilər və uşaqların, qocaların, hamilə qadınların öldürülməsinin şahidi oldu. Əsirlikdən azad edildikdən sonra Dürdanə Ağayeva adlı qadının reabilitasiya və cəmiyyətə yenidən inteqrasiyası üçün 20 il keçdi. Həyatının 20 ilini itirdi. Bu insanın ağrılarını, dünyanın buna səssiz qalması və heç kimin məsuliyyətə cəlb edilməməsi qarşısında keçirdiyi hissləri duymaq üçün bir qadın kimi mən özümü onun yerinə qoyuram və hamınızı bunu etməyə çağırıram”. Sonra İradə Məmmədova rəhmətlik Dürdanə Ağayevadan almış olduğu reportajdan sitatlar gətirərək Xocalı soyqırımı baş verərkən 20 yaşlı gənc qızın çəkmiş olduğu fiziki və mənəvi təsirləri, psixoloji sarsıntıları dinləyicilərə çatdırdı. İradə Məmmədova Dürdanə Ağayevanın Azərbaycan və Türkiyə prezidentlərinin birləşib Qarabağı işğaldan azad edəcəklərinə dair reportajda demiş olduğu sözlərin sonradan həyat keçdiyini və Dürdanə xanımın ağır xəstəliyə tutulmasına baxmayaraq işğaldan azad edilmiş Xocalıda gedib jurnalistlərə müsahibə verdiyini də dilə gətirdi. İradə Məmmədova Dürdanə xanımın məhz Xocalıda Monte Melkonyan, Vitali Balasanyan və digərləri tərəfindən yaşamış olduğu psixoloji, mənəvi sarsıntılar və fiziki zorakılıqların onun sağlamlığına ciddi təsir göstərdiyini, digər xəstəliklərə yanaşı artıq əsrin ən dəhşətli xəstəliyinə xərçəngə tutulduğunu və bu səbəbdən də 5 avqust 2024-cü ildə vəfat etdiyini, buna görə də Dürdanə xanımdan onun Xocalıdakı evində o oraya köçüb yerləşəndən sonra daha bir müsahibə almaq arzusunu həyata keçirməyin mümkün olmadığını bildirdi.

Daha sonra Xocalı qadınlarının çəkdiyi fiziki və psixoloji təsirlərin dünya mətbuatında və şahid ifadələrində təsdiqini tapdığını bildirən İradə Məmmədova bu kimi ağrılı məqamların daima diqqətdə saxlanılmasının və unudulmamasının vacibliyini vurğuladı. Məruzə seminar dinləyiciləri tərəfindən maraqla qarşılandı.

Azərbaycan Tarix Qurumu