HACI DAVUD KİMDİR?

TOFİQ MUSTAFAZADƏ

Tarix elmləri doktoru, professor

Hacı Davud Şirvan bəylərbəyliyinin Müşkür mahalının Dədəli kəndində yaşamış sadə kəndli olmuş, Həcc ziyarətində olduqdan sonra hacı ünvanını almışdır. XVII yüzilliyin sonu – XVIII yüzilliyin əvvəllərində Səfəvi dövləti çox dərin və hərtərəfli iqtisadi, siyasi və ideoloji tənəzzül dövrünə qədəm qoymuşdu, imperiyanın hər yerində hökümətə qarşı çıxışlar baş verirdi. Çox zəki bir şəxs olan Hacı Davud əlverişli məqamdan istifadə edib Şirvanda hakimiyyəti ələ keçirmək qərarına gəldi.

Rus hökumətinin şah sarayına göndərdiyi elçisi Artemi Volınskinin elçiliyinin üzvü Andrean Lopuxin hələ 1716-cı ildə Hacı Davud bəyə məxsus Dədəli kəndində gecələdiklərini yazırdı. Rus artilleriya mayoru, uzun müddət işğal olunmuş Azərbaycan torpaqlarında xidmət etmiş İohan Gerber 1728-ci ildə yazırdı ki, qiyamçılardan Davud bəy Müşkür sakini olub sadə mənşəlidir, ancaq çox iti ağıla malikdir.O, hər hansı bir vəzifəyə və rütbəyə malik olmadığı üçün əlində nə hərbi qüvvəsi, nə də maliyyə vəsaiti yoxdu.

Buna görə də şiələri sünnülərin zülmünə qarşı mübarizəyə çağırış şüarı ilə çıxış etdi və ətrafına müəyyən qədər tərəfdar toplaya bildi. Qeyd edək ki, orta əsrlərdə xalq kütlələrini azadlıq uğrunda mübarizəyə qaldırmaq üşün dini ideologiyadan istifadə olunması təbii hal idi. Çünki cəhalət içində yaşayan, dünyəvi görüşləri məhdud olan kütlələri yalnız onların anladıqları dini şüarlarla ayağa qaldırmaq mümkün idi. Buna nümunə olaraq XVI əsrin əvvəllərində Almaniyada baş vermiş protestantçılıq hərəkatını, yaxud səfəvilərin Azərbaycanı birləşdirmək üçün şiə ideologiyasından istifadə etmələrini göstərmək olar.

Lakin, Hacı Davudun ətrafına toplaşanların çoxu silahla rəftarı bilmirdi, təlim görməmişdilər. Təbii ki, bü cür qüvvələrlə ciddi uğurlar qazanmaq çətin idi. Bu səbəbdən də Hacı Davud Dağıstana getdi, Qaytaq usmisi Əhməd xanı və Qazıumuq hakimi Surxay xanı Şahlıq səltənətinə qarşı bigə çıxış etməyə razı sala bildi.

1719-cu ildə Hacı Davud həbs olunub Dərbənd qalasına salınır. Lakin tezliklə dostları onu həbsxanadan çıxara bilirlər.

Müttəfiqlər 1720-ci ildə Şabran şəhərini və Xudat qalasını ələ keçirdilər. Daha sonra İlisu hakimi Əli Sultan da öz dəstələri ilə Şirvan üsyançılarına qoşuldu. Növbəti hücumun hədəfi Bakı seçildi. Lakin Bakı qarnizonuna başçılıq edən yüzbaşı Dərgahqulu bəy üsyançıları məğlubiyyətə uğratdı. Geri çəkilən üsyançılar bir müddətdən sonra Quba və Dərbənddə yerləşən şah qüvvələrinə hücumlar etdilər.

Hacı Davud məqsədinə çatmaq üçün xarici dövlətlərin yardımından istifadə etmək qərarına gəldi. O, Rusiyanın Həştərxan vilayətinin voyevodası (rəisi) İvan Kikinə 1721-ci ilin 22 aprelində məktub yazaraq Rusiya hökmdarının himayəsini qəbul etmək istədiyini bildirib, onun yardımına qoşun göndərilməsini xahiş etdi. Keçmiş səfir, bir qədər əvvəl Həştərxan qubernatoru təyin olunmuş Artemi Volınski hökumətin tapşırığı ilə Hacı Davudun yanına bir poruçik göndərib onun Rusiya təbəəliyinə qəbul olunmaq niyyətini öyrənmək istədi. Hacı Davud söyləmişdi ki, O, əlbəttə imperator ali-həzrətlərinə qulluq göstərmək istəyir, bu şərtlə ki, imperator onun yardımına qoşun və kifayət qədər top göndərsin. O, İrandan şəhərləri alar, ona lazım olanları özündə saxlayar, qalanlarını – Kür çayından o tərəfə olan əraziləri İsfahanın özünə qədər Rusiyaya güzəştə gedər. Hacı Davudun cavabı onu qane etmədiyindən Volınski I Pyotra yazırdı ki, ona belə gəlir ki Hacı Davud heç nəyə gərək deyil. O, Rusiyanın əli ilə yeni ərazilər ələ keçirmək istəyir, lakin meyvələri özünə götürmək, bizə isə yarpaqları vermək fikrindədir. Rusiyadan gözlədiyi hərbi yardımı ala bilməyən Hacı Davud Səfəvi şahının göstərişi ilə ona yardıma gedən Surxay xan Qazıqumuqlunu fikrindən döndərib onunla birləşməsinə nail oldu. Qaytaq usmisi də üsyançılara qoşuldu. Kifayət qədər qüvvə toplayan Hacı Davud Qazıqumuq xanı, Qaytaq usmisi, Saxur sultanı, Qutqaşen məlikləri və başqaları ilə birlikdə Şirvanın inzibati mərkəzi Şamaxı şəhərinə doğru yürüşə başladı.

Şamaxı önündəki ilk döyüşdə üsyançılar onlara qarşı çıxan Məhəmməd xanın dəstəsini məğlubiyyətə uğratdılar və geri çəkilən rəqibin ardınca şəhərə daxil ola bildilər. Lakin üsyançıların süvari avanqardı şəhərin darısqal küçələri bağlandığından şəhərdən çıxmalı oldu.

Bundan sonra da üsyançılar yeni bir uğursuz həmlə etdilər. Daha sonra 8 gün davam edən və müəyyən fasilədən sonra daha 12 gün çəkən qanlı döyüşlər oldu. Mənbədə yazıldığına görə şəhərin Sarıtorpaq məhəlləsində yaşayan sünnü sakinlər gecə öz tərəflərində olan şəhər qapılarını açıb üsyançıları şəhərə buraxdılar. Beləliklə də Şamaxı şəhəri üsyançıların və onların müttəfiqlərinin əlinə keçdi. Bu zaman şah tərəfdarlarının qətliamı, qarət və talanlar baş verdi; o cümlədən, o vaxt Şamaxıda olan bir neçə rus taciri qarət edildi və öldürüldü. Digər əcnəbilərə qarşı mərhəmətlə davranan üsyançıların ruslara qarşı belə hərəkəti rus tacirlərinin yaşadığı karvansaralardan üsyançılara qarşı top və tüfənglərdən atəş açılması ilə bağlı olmuşdur. Bu işdə rus tacirlərinin şah təbəəsi olan tacirlərə məxsus malları gizlətmələri də az rol oynamamışdır. Rəsmi sənəddən görünür ki, rus tacirlərinə cəmi 236 420 rubl (472840 tümən) məbləğində zərər vurulmuşdu.

Bundan sonra müttəfiqlər Qarabağa tərəf hərkət edib burada da şah qoşunlarını məğlubiyyətə uğratdılar, sonra isə ələ keçirdikləri qənimətləri götürüb geri qayıtdılar. 1722-ci ilin yazında üsyançılar və onların müttəfiqləri Kür və Araz çaylarının qovuşduğu yerə hərəkət etdilər. Daha sonra isə Gəncəyə tərəf yönəlib 12 gün bu şəhəri mühasirədə saxladılar. Onlar gürcü çarı və eyni zamanda şah qoşunlarının sərkərdəsi IV Vaxtanqın şahın əmri ilə Gəncənin yardımına gələcəyini eşidib geri çəkildilər.

Şamaxıda rus tacirlərinə qarşı törətdikləri əmələ görə Rusiyanın cəza tədbirllərindən (doğrudan da Rusiya imperatoru I Pyotr Şirvan üsyançılarından qisas almaq adı altında 100 minlik ordu ilə Xəzəryanı vilayətlərə hücum etmişdi) ehtiyatlanan üsyançılar Osmanlı himayəsinə daxil olmağı qərara aldılar. Üsyançılar gizli surətdə adamlar göndərərək sultan sarayından yardım istəmiş, Sultanın təbəəliyini qəbul etdiklərini, onun adına pul zərb etdiklərini, məscidlərdə cümə günlərində sultan Əhmədin adına xütbə oxunduğunu bildirmişdilər. Osmanlı hökuməti bu xahişə müsbət yanaşsa da bunun Səfəvilərlə və Rusiya ilə münasibətlərə mənfi təsir edəcəyindən ehtiyatlanaraq tərəddüd edirdi.

Nəhayət,1722-ci il dekabrın sonunda Osmanlı sultanı III Əhməd Hacı Davudun adına bərat və fərman verərək onları qapıçıbaşı Dərviş Mehmet ağa vasitəsilə Hacı Davuda göndərmişdir. Moskvadakı Rusiya İmperiyasının Xarici Siyasət Arxivində bəratın və Sultan fərmanının tərcüməsi saxlanmaqdadır. Bəratda deyilirdi ki, Sultan ondan sığınacaq xahiş edən və onun himayəsi altında olmağı arzulayan adamlara böyük mərhəmət göstərir, buna görə və həm də Şirvan vilayətini “bidətçi şiələrin hakimiyyətindən azad etdiyi nəzərə alınaraq Hacı Davuda elan olunur: o, Sultanın hökmü ilə “həmin ölkələrin hamisi və hökmdarı” rütbəsinə qaldırılmışdır. Hacı Davud xan rütbəsi alır.

Fərman artıq Hacı Davud xana müraciətlə başlayır: “Şirvan və digər Dağıstan əyalətlərinin möhtərəm ali xanı” Hacı Davuda. Hacı Davudun Şirvanı, digər vilayət və şəhərləri İran dövlətinin hakimiyyətindən azad etdiyi nəzərə alınaraq Krım xanının malik olduğu şərtlərlə Osmanlı himayəsinə qəbul edildiyi bildirilir, onun “iltifat, sədaqət və səyi” nəzərə alınaraq onun Krım xanı kimi yüksək xanlıq ləyaqətinə” qaldırıldığı elan olunurdu.

Derviş Mehmet ağa ilə göndərilmiş gizli təlimatda Hacı Davuda “bütün vasitələrlə rus qarnizonunu Dərbəddən və oradakı digər diyarlardan qovmaq” tapşırılırdı.

Hacı Davudun dünənki müttəfiqləri – Surxay xan Qazıkumuklu və Qaytaq usmisi Əhməd xan onun Şirvana xan təyin olunmasından incidilər və Hacı Davuda müxalifət göstərməyə başladılar.

Sultan III Əhmədin Hacı Davudun adına göndərdiyi fərman XVIII əsr Azərbaycan tarixini öyrənmək baxımından müəyyən əhəmiyyətə malikdir. Hacı Davuda göndərilmiş sultan fərmanının rusca tərcüməsi çap da olunmuşdur. Qeyd edək ki, Azərbaycanda ləzgi separatçilığını körükləməyə çalışan bəzi qüvvələr o zamanın mənbələrində Hacı Davudun ləzgi adlandırılmasından sui-istifadə edərək guya Hacı Davudun “Ləzgistan” dövləti yaratdığını iddia edirlər. Lakin Hacı Davud heç vaxt bu fikirdə olmamış, fərmanda da “Ləzgistan”, “ləzgi” terminlərinə rast gəlinmir, o, Şirvan və ətraf bögələrin hakimi adlandırılır.

Hacı Davudun Şirvanda hökmdarlıq etməsi çox çəkməmişdir. 1724-cü ilin iynunda Osmanlı imperiyası ilə Rusiya arasında bağlanmış İstanbul müqaviləsinə görə Şirvanın Rusiya idarəçiliyinə keçmiş dənizkənarı hissəsi istisna olmaqla qalan hissəsində Osmanlı sultanının himayəsi altında yarımmüstəqil xanlıq elan olundu və Hacı Davud bu xanlığın hakimi kimi tanındı. Lakin Hacı Davudun hakimiyyəti möhkəm deyildi. Hacı Davudun dünənki müttəfiqləri – Surxay xan Qazıqumuqlu və Əhməd xan usmi tez-tez Şirvana basqınlar edirdilər.

1725-ci ildə Şirvanda müəyyən dərəcədə hakimiyyətini möhkəmləndirməyə nail olan Hacı Davud artıq rus qoşunlarını Azərbaycan hüdudlarından tamamilə sıxışdırıb çıxartmaq niyyətinə düşmüşdü. Bu məqsədlə Gəncədəki osmanlı rəisindən hərbi yardım istədi. Paşa isə bu xahişi rədd edərək bilavasitə sultanın özünə müraciət etməyi məsləhət gördü. Hacı Davud Krım xanına da məktub yazaraq rusların Şirvana hücum edəcəyi təqdirdə Krım xanının öz qoşunları ilə rus qoşunlarının arxasından gəlib Sulakda onları mühasirəyə almasını xahiş etdi.

Bununla bərabər, Surxay xan Hacı Davuda qarşı təxribatlarını davam etdiririrdi. Onu bitərəfləşdirmək üçün Osmanlı sultanı 1727-ci ildə Surxaya illik məvaciblə iki bunçuqlu paşa rütbəsi, eyni zamanda Qəbələnin idarəçiliyini verdi. Lakin Surxay bununla kifayətlənməyib özbaşına Ağdaşı tutub oranı da idarə etməyə başladı. Osmanlı sarayı Surxay xanı sakitləşdirmək üçün Ağdaşı onun mülkü kimi tanısa da faydası olmadı. Surxay Şirvanın müxtəlif yerlərinə, hətta Salyana qarətçi basqınlarını davam etdirirdi. Mübahisələrə son qoymaq üçün Şamaxıya gələn Dərviş Mehmet ağa Hacı Davuda Ağdaş və Qəbələni Surxay xana verməyi əmr etmiş, ancaq Hacı Davud bu göstərişi yerinə yetirməkdən imtina etmişdi. Hacı Davud Surxay xanın basqınlarının qarşısını almaq iqtidarında olmadığından, həm də onun Xəzəryanı vilayətlərdəki rus qoşunlarının komandirləri ilə gizli əlaqə saxlamasından şübhələnən Osmanlı hökumətinin göstərişi ilə Gəncədəki osmanlı paşası 1728-ci ilin iyul ayında onu həbs edib, ailəsi və qardaşları ilə bərabər Türkiyəyə göndərdi. Surxay xan Şirvan hakimi elan olundu.

Hacı Davud əvvəlcə Rodos adasına, sonra isə Gelibolu yarımadasına sürgün edildi. 1735-сi ildə hələ sağ olması məlumdur. Sonrakı taleyi haqqında məlumat yoxdur.

Beləliklə, Hacı Davudun rəhbərlik etdiyi hərəkata müəyyən mənada mürtəce məzhəbçilik təəssübkeşliyi xas olsa da, onun yaratdığı Şirvan xanlığı çox yaşamasa da, Hacı Davud və onun başçılıq ediyi hərəkatın tarixi yaddaşımızda özünəməxsus yerinin olduğnu qeyd etməliyik.

Ədəbiyyat:

  1. Tofiq Mustafazadə. XVIII yüzillik – XIX yüzilliyin əvvəllərində Osmanlı Azərbaycan münasibətləri. Bakı: “Elm”, 2002.
  2. Аббаскули Ага Бакиханов. Гюлистани-Ирам (ред., комментарии примечания акад. З. Буниятова). Баку: 1991
  3. Андреан Лопухин. Журнал путешествия через Дагестан. История, география и этнография Дагестана. XVIII-XIX вв. Москва: 1958, сс.8-79
  4. Вадим Левиатов. Очерки из истории Азербайджана в XVIII веке. Баку: Изд. АН Азерб. ССP, 1948
  5. Гаджи Абдурагимов. Кавказская Албания-Лезгистан (История и современность) С.-Петербург: 1995
  6. Гаси Абдуллаев. Азербайджан в XVIII веке и взаимоотношения его с Россиeй. Баку: Изд. АН Aзерб. ССР, 1965
  7. Есаи Хасан Джалалян. История страны Албанской (1702-1722 гг.). Пер с древнеарм. языка Т. И. Тер-Григоряна (Предисловие и подготовка к изданию акад. З. Б. Буниятова). Баку: 1989
  8. Иоган Густав Гербер. Известия о находящихся в западной стороне Каспийского моря между Астраханью и рекою Курой народах и землях и о их состоянии в 1728 году. Сочинения и переводы к пользе и увеселению служащие. СПб.: 1760
  9. Русско-Дагестанские отношения в XVIII – нач. XIX отношения первой четверти в. (Сборник документов). Москва: “Наука”, 1958
  10. Тофиг Мустафазаде. Азербайджан и русско-турецкие отношения в первой трети XVIII в. Баку: Элм, 1993
  11. Фуад Алиев. Антииранские выступления и борьба против турецкой оккупации в Азербайджане в первой половине XVIII века. Баку: “Элм”, 1975

https://shahdagpeoples.az/index.php?newsid=1116