TARİXİMİZİ BƏZƏYƏN ŞAHİN MÜƏLLİM!

2024-cü ilin avqust ayının 18-də Azərbaycan elmi ictimaiyyətinə ağır itki üz verdi – görkəmli şərqşünas alim, AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun “Mənbəşünaslıq və tarixşünaslıq” şöbəsinin müdiri, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əfqanıstanın üç dövlət medalı və SSRİ-nin fəxri fərmanları laureatı, tarix elmləri doktoru, professor Şahin Fazil oğlu Fərzəlibəyli 84 yaşında dünyasını dəyişdi.

1940-cı il mart ayının 27-də Quba şəhərində çoxuşaqlı zəhmətkeş bir ailədə dünyaya göz açmış Şahin Fazil orta təhsilini doğma şəhərində tamamlayıb 1959-ci ildə Azərbaycan Dövlət Üniversitetinin Şərqşünaslıq fakültəsinin Fars filologiyası şöbəsinə daxil olub və təhsilini fərqlənmə diplomu ilə başa çatdırmışdı. 1963-cü ildə 5-ci kurs tələbəsi ikən istedadlı gənc mütəxəssis kimi dövlət xətti ilə xarici ölkəyə – Əfqanıstan krallığına ezam olunmuşdu. Sovet İttifaqının bu ölkəni işğal etdiyi və tarixinə qara dövr kimi yazıldığı ağrılı-acılı illərdə bu qərib diyarın bir çox şəhər və vilayətlərində – Kabulda, Qəndəharda, Heratda, Bəlxdə, Toxarda müəyyən fasilələrlə 1988-ci ilədək fəaliyyət göstərmişdi. Ümumilikdə 13 ilə yaxın yaşayıb çalışdığı Əfqanıstanın baş nazirləri Sultanəli Keştmənd və Həsən Şərq ilə Sovet İttifaqı tərəfindən bu ölkəyə təyin olunmuş baş müşavirlər arasındakı danışıqlarda yüksək rütbəli mütərcim vəzifəsinə qədər yüksəlmişdi. Müəyyən fasilələrlə Vətənə dönən Şahin Fazil 1966–1968-ci illərdə ADU-nun Şərqşünaslıq fakültəsində dekan müavini vəzifəsində çalışmışdı.

Əfqanıstanda işləydiyi illərdə tarix sahəsinə yarandığı maraq Şahin Fazilin yolunu Azərbaycan Milli Elmlər Akademiyası A.A.Bakıxanov adına Tarix İnstitutuna saldı. 1970-ci ildə həmin İnstitutun əyani aspiranturasına daxil olan Şahin Fazil professor Oqtay Əfəndiyevin elmi rəhbərliyi altında 1974-cü ildə XVI əsr Azərbaycanlı tarixçisi “Həsən bəy Rumlunun “Əhsənüt-təvarix” əsəri Azərbaycan tarixinin mənbəyi kimi” adlı namizədlik, 1996-cı ildə isə XV-XVI əsrlər Azərbaycan dövlətləri Qaraqoyunlu, Ağqoyunlu, Şirvanşahlar və Səfəvilər ilə Osmanlı imperiyasının münasibətlərinin tədqiqinə həsr olunmuş “Azərbaycan və Osmanlı İmperiyası” adlı doktorluq dissertasiyalarını uğurla müdafiə etmişdi. Hər iki tədqiqat işi elmi monoqrafiyalar şəklində müvadiq olaraq 1983, 1995-ci illərdə nəşr olunmuşdu.

Şahin Fazilin elmə qədəm qoyduğu dövr Əfəndiyev O.Ə., Zaxoder B.N., Petruşevski İ.P., Heydərov M.X., Rəhmani A.A., Onullahi S.M. kimi alimlərin tədqiqatları sayəsində Azərbaycan tarixşünaslığında səfəvişünaslıq məktəbinin formalaşdığı dövrə təsadüf etdiyi üçün Azərbaycan Səfəvilər dövlətinin tarixinə aid mənbələri, xüsusilə fars dilli qaynaqları tədqiq, tərcümə və elmi dövriyyəyə cəlb etməklə bu sahənin mənbəşünaslıq bazasının yaradılmasına və zənginləşdirilməsinə xüsusi ehtiyac vardı. Bu sahədə fəaliyyət göstərən Professor Şahin Fazil bir sıra olduqca qiymətli və həcmli orta əsr mənbələrini Ana dilimizə tərcümə edərək Azərbaycan tarixşünaslığı qarşısında misilsiz xidmətlərə imza atdı. Bunların arasında polyak səyyahı Yan Tadeuş Kruşinskinin şəxsi müşahidələri əsasında Səfəvilər dövlətinin süqutu, paytaxt İsfahan şəhərinin əfqanlar tərəfindən işğal olunması hadisələrindən bəhs edən “Xristian səyyahın tarixi” əsərini; Jozef Tiflisinin “Vaqiati-Mir Veys və Şah Hüseyn” adlı mənbəni; XVI əsr osmanlı müəllifi Firüdin Əhməd bəyin topladığı “Münşəate-səlatin” (“Sultanlara aid yazışmalar”) adlı məktublar məcmuəsindən Çaldıran savaşı ərəfəsində I Sultan Səlim ilə I Şah İsmayılın məktublarını; XV əsr müəllifi Cəlaləddin Məhəmməd Dəvaninin “Ərze-sepahe-Uzun Həsən” (“Uzun Həsən ordusuna baxış”) adlı əsəri; Osmanlı divanının adı məlum olmayan katibi tərəfindən XVII əsrə aid “IV Sultan Muradın Rəvan və Təbriz səfəri Ruznaməsi”ni; həmçinin Məryəm Mirəhmədinin “Səfəvilər dövründə din və dövlət” adlı tədqiqat əsərini tərcümə və nəşr etdirmişdi.

Bunlar ilə yanaşı ömrünün son onilliklərindəki fəaliyyətinin bəhrəsi olan iki möhtəşəm farsdilli mənbənin tərçüməsi də Şahin müəllimin qələminə məxsusdur. XVI-XVII əsrlərə aid hər iki qaynağın müəllifi – Həsən bəy Rumlu və İsgəndər bəy Münşi – əslən Azərbaycanlı olublar. İsgəndər bəy Münşinin 3 cilddən ibarət olan “Tarixe-aləmaraye-Abbasi” adlı əsəri “Dünyanı bəzəyən Abbasın tarixi”  adı ilə 2010-cu və 2014-cü illərdə mükəmməl elmi şərhlərlə birlikdə iki kitab şəklində nəşr olundu. Orta əsr Azərbaycan salnaməçilik məktəbinin incilərindən sayılan bu fundamental əsərin ərsəyə gəlməsi alimin 14 il ərzində gərgin zəhməti sayəsində baş tutdu. Dövrün digər məşhur tarixçisi Həsən bəy Rumlunun “Əhsənüt-təvarix” əsəri “Tarixlərin ən yaxşısı” adı ilə iki cilddə 2023, 2024-ci illərdə işıq üzü gördü.

Şahin Fazilin elmi yaradıcılığının daha bir istiqaməti doğma diyarı olan Quba rayonu tarixinin araşdırılması ilə bağlı idi. Onun gənclik dostu, uzun illər Tarix İnstitutunda birlikdə çalışdığı həmkarı, görkəmli tarixçimiz, mərhum professor Vaqif  Piriyevin ifadəsi ilə desək, “Şahinin qibləgahı Quba torpağı…” olduğu üçün Vətəninin tarixi keçmişi həmişə alimin maraq mərkəzində olmuşdu. Elmi fəaliyyəti boyunca Qubanın tarixinə dair müxtəlif dilli orta əsr qaynaqlarından, epistolyar sənəd və diplomatik yazışmalardan, tarixşünaslıq əsərlərindən topladığı zəngin məlumat əsasında IV əsrdə qədim məskən kimi yaranan Qubanın müasir dövrədək olan tarixini əhatə edən mükəmməl və samballı bir tədqiqat əsəri meydana gətirmişdi. Ülvi məhəbbətlə bağlı olduğu doğma diyarına həsr etdiyi elmi monoqrafiya “Quba tarixi” adı ilə 2001-ci ildə işıq üzü görmüşdü.

Professor Şahin Fazil olduqca gərgin və səmərəli elmi fəaliyyəti ilə yanaşı həm də istedadlı şair idi. O, Azərbaycan Yazıçılar Birliyinin üzvü olmuş və əsası 1880-ci ildə qoyulan “Məcməüş-şüəra” ədəbi məclisinə uzun illər rəhbərlik etmişdi. Poetik yaradıcılığında seçilən mövqeyi, ədəbi dilimizə təəssübkeş yanaşması, klassik ənənələrə sadiq qalmaqla ədəbi irsimizi müasir oxucunun anlaya biləcəyi təmiz, saf, oxunaqlı dildə təbliğ etməsi ilə ədəbiyyat tariximizdə də özünəməxsus bir iz qoymuşdur. Şahin Fazil həm də çağdaş Azərbaycan ədəbiyyatında 5 “Divan”dan ibarət poetik Xəmsə müəllifi olan yeganə şairdir.

Ümumilikdə, Şahin müəllim 200-dən çox çapdan çıxmış elmi əsərin müəllifidir. Görkəmli tarixçi alim olmaqla yanaşı Şahin Fazil mükəmməl bir şəxsiyyət idi – alimlik məziyyətləri ilə bərabər səmimiliyi, təvazökarlığı, əlicənablığı və insanpərvərliyi ilə sözün əsl və həqiqi mənasında ziyalılıq timsalı idi. Məhz bu siması ilə Professor Şahin Fazil onu sevənlərin – dostlarının və həmkarlarının, tələbələrinin və yetişdirdiyi elmi kadrlarının qəlbində və xatirəsində daim yaşayacaq…

Dosent

Fərəh Hüseyn