100-cü ilində evrensel boyutlarıyla İstiqlal Marşı və Mehmet Akif Ərsoy

 27-30 sentyabr 2021 tarixlərində “100-cü ilində evrensel boyutlarıyla İstiqlal Marşı və Mehmet Akif Ərsoy” beynəlxalq konfransı TBMM-nin sədri Mustafa Şentopun himayə və dəstəyi ilə keçirilmişdir.

 

1921-ci il martın 12-də Həmdullah Suphi bəyin Türkiyə Böyük Millət Məclisinin kürsüsündən oxuduğu Mehmet Akif tərəfindən yazılan şeir Mustafa Kamal Atatürkün “Bu marş bizim inqilabımızın ruhunu anladır” sözləri ilə qəbul edildi.

Basdığın yerləri “torpaq” deyərək keçmə, tanı:

Düşün altındakı minlərcə kəfənsiz yatanı. 

Sən şəhid oğlusan, incitmə, yazıqdır atanı; 

Vermə, dünyaları alsan da, bu cənnət vatanı.

Mehmet Akif Ərsoyun “İstiqlal Marşı”nda yazdığı bu sözlər bu gün Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı zəfərin bir illiyini qeyd etdiyimiz günlər ilə çox uzlaşmaqdadır. Azərbaycan oğulları Birinci Qarabağ müharibəsi zamanı şəhidlərinin kəfənsiz yatmış olduğu torpaqlarını düşmənə verməyərək azad etdi və bu müqəddəs torpaqları şəhid qanı ilə geri aldı. Bu baxımdan Mehmet Akif Ərsoy şeir, düşüncə və fikirləri ilə hər baxımdan zəmanəsini qabaqlayan şairdir. Onun yazdıqları hər zaman üçün aktualdır və ən önəmlisi də İstiklal marşının yazarıdır. Məhz bu səbəbdən Türkiyə Böyük Millət Məslisinin qərarı ilə 2021-ci il “İstiqlal Marşı” ili olaraq elan edimişdir. Bununla bağlı olaraq 27-30 sentyabr 2021-ci il tarixlərində Ankarada TBMM-nin sədri Mustafa Şentopun hərtərəfli himayə və dəstəyi ilə İstiqlal marşının 100 illiyinə və Mehmet Akif Ərsoya həsr edilmiş mötəbər bir konfrans keçirilmişdir. Konfransa ev sahibliyi edən Ankara İldırım Bəyazid Universiteti Tarixdaş Millətlər və Topluluklar İncələmə Araşdırma Eğitim Kültür və Yardımlaşma Dərnəyi ilə birlikdə təşkil etdiyi bu yüksək səviyyəli elmi tədbirə Mədəniyyət və Turizm Nazirliyi, Müəllif Hüquqları Baş Müdirliyi, TİKA və Türk Tarix Qurumu da dəstək verərək elmi, siyasi və mədəni istiqamətləri alimlərin məruzələrində birləşdirmişdir.

Konfransın ilk günü, yəni 27 sentyabrda konfrans iştirakçıları üçün mədəni programın həyata keçirilməsi ilə başlanılmışdır. Konfrans iştirakçıları ilk olaraq Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürkün məqbərəsini, Prezident milli kitabxanası və camesini, Mehmet Akif Ərsoyun evini, Birinci Böyük Millət Məclisini və digər mədəniyyət abidələrini ziyarət etdilər.

Albaniya, Azərbaycan, Əlcəzair, Çad, Mərakeş, Fələstin, Fransa, Gürcüstan, Hindistan, İraq, İran, Qazaxıstan, Qırğızıstan, KKTC, Kosovo, Liviya, Livan, Macarıstan, Makedoniya, Misir, Özbəkistan, Rusiya, Serbiya, Tatarıstan, Tunis, Türkiyə, Ukrayna və İordaniya olmaqla 28 ölkədən tanınmış 61 alim konfransa dəvət olunmuşdur. Bu mötəbər konfransa Azərbaycanı AMEA Tarix İnstitutunun  baş direktoru, t.e.d., prof. Kərim Şükürov “Mehmet Akif və Azərbaycan: dövrün siyasi dinamikası və əlaqələrə dair” adlı, AMEA Tarix İnstitunun şöbə müdiri, t.e.d., prof. Şahin Fərzəliyev “Mehmet Akif Ərsoyun misralarında təzminlər” adlı  və Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti, i.e.ü.f.d., Mübariz Məmmədli “Mehmet Akif Ersoyun 1921-ci ildə Azərbaycan ədəbi mədəniyyətinə verdiyi töhfə və Sovet Azərbaycanı ilə Türkiyə Böyük Millət Məclisi arasında siyasi, mədəni və iqtisadi əlaqələr” adlı məruzə ilə təmsil olunmuşdular.

Konfransın açılışı və 28-29 sentyabr tarixlərindəki bölmələri Ankara İldırım Bəyazid Universitetinin Milli İradə zalında, bağlanış mərasimi isə 30 sentyabrda TBMM konfrans zalında keçirilmiş, bölmələrdə çıxış edən alimlərin məruzələri türk, ərəb və ingilis dillərinə sinxron olaraq tərcümə edilmişdir.

Konfransın açılış və təşəkkür çıxışlarında Ankara İldırım Bəyazid Universitetinin rektoru İbrahim Aydınlı, Tarixdaş Millətlər və Topluluklar İncələmə Araşdırma Eğitim Kültür və Yardımlaşma Dərnəyinin sədri Ahmed Baba, konfransın təşkilatçısı Prof. Dr. Özcan Güngör, konfransın Təşkilat Komitəsinin üzvləri Prof. Dr. Selma Yel, Prof. Dr. Yakup Civelek və Dos. Dr. Mahmud Kaddum Mehmet Akif və İstiqlal marşının əhəmiyyəti  haqqında çıxışlar etdilər.

Konfransın bağlanış mərasimində TBMM-nin sədri Mustafa Şentop fikirlərini “Yunanlıların Anadoluya yürüdükləri bir vaxtda daxili üsyanların ən üst nöqtəyə çatdığı, fəlakət və əzablar ön plana çıxdığı və Anadolu coğrafiyasını tamamilə əhatə etdiği bir zamanda, İslam şairi Mehmet Akifin “Qorxma” deyərək yüksək və cəsarətli bir səslə başladığı marş, bu ölkənin yaraları üçün bir məlhəm oldu. … Allahın müsəlmanlara vəd etdiyi qurtuluşun və zəfərin mütləq gerçəkləşəcəyinə inanan Mehmet Akif, bu inanc və düşüncəsi ilə İstiqlal Marşı yazdı və millətinin ağrı, kədər və ümidlərini paylaşaraq xalqını zəfərin olacağına inandırdı. Dünya ayaqda olduğu müddətcə M. Akif,  “İstiqlal Marşı” və “Səfahət” ilə bəşəriyyətin vicdanına ümumbəşəri miqyasda müraciət edərək zəka işığında doğru yolu göstərməyə davam edəcəkdir. Bu baxımdan təşkil edilən konfrans “Mədəni Coğrafiyamızı” zənginləşdirəcək və əlaqələrin möhkəmlənməsinə töhfə verəcəkdir” şəklində ifadə etdi.

 

Bağlanış mərasimində Mustafa Şentop tərəfindən konfransa töhfə verən T.C. KTB müəllif hüquqları baş direktoru Dr. Ziya Taşkent, TİKA-nın sədri Serkan Kayalar, Atatürk Mədəniyyət, Dil və Tarix Yüksək Qurumunin sədri Muhammet Hekimoğluna uğur plaketləri təqdim olundu. Bundan əlavə, konfransda üç nominasiya üzrə akademik mükafatlar verildi. İlin Tədqiqatçısı mükafatı AMEA A.A.Bakıxanov adına Tarix İnstititunun baş direktoru Kərim Şükürova, İlin Gənc Tədqiqatçıları mükafatı AMEA-nın dissertantı Saffet Alp Yılmaza və Albaniya BIRK İslam Araşdırmaları İnstitutundan Besir Neziriyə və İlin Elmə Töhfəsi mükafatı Livanın Tripoli Universitetindən Prof. Dr. Raafat M. Rəşid Əl Mikatiyə verildi.

Ankara İldırım Beyazid Universitetinin rektoru İbrahim Aydınlı “Mehmet Akif milli mücadilənin təslimçiliyə və köləliyə qarşı bir azadlıq savaşı olduğunu xüsusi vurğulamaq üçün marşın adına istiqlal qavramını qoymuşdur. Mehmet Akif Ərsoy bir istiqlalçı şairdir. Mehmet Akif Ərsoy sadəcə bir istiqlalçı şair deyil, eyni zamanda bir İslam alimidir. İslamı, ayələri, Kuranı gözəl bilən bir hafizdir” şəklində dəyərləndirdi.

Konfransın təşkilində çox böyük əməyi olan AMEA Tarix İnstitutunun fəxri doktoru, Qazi Universitetinin professoru Selma Yel “Mustafa Kamal Paşa, İslam kongresi çalışmaları təşəbbüsü ilə əslində strateji bir hücuma keçmiş oldu. Mehmet Akif bu layihəni böyük əzmlə həyata keçirməyə çalışsa da, Kütahya-Əskişəhər məğlubiyyəti ilə bu plan nəticəsiz qalmış oldu” söylədi. Selma xanım Azərbaycan və Türkiyənin hər zaman biri-birinə kömək əlini uzatdığını vurğulayaraq, “Tarix təkraralanır, 100 il əvvəl iki qardaş millət və dövlət olan Azərbaycan və Türkiyə bir-birinə necə yardım edirdisə, indi də eyni şəkildə bir-birinin yanındadır, bir-birinə dəstəkdir. Bunu 44 günlük İkinci Qarabağ müharibəsi zamanı da aydın şəkildə gördük” dedi. Onu da qeyd edək ki, İkinci Qarabağ müharibəsi zamanı professor Selma Yel istər Türkiyə və Azərbaycan televiziya programlarında, istər qəzetlərdə, istər də sosial medyada Azərbaycanı çox ciddi şəkildə dəstəkləmiş, Azərbaycanın haqq səsini duyurmağa çalışmışdır.

 

Konfransın təşkilatçısı Prof. Dr. Özcan Güngör Mehmet Akif Ərsoyu “Mehmet Akif Ərsoy şeirləri, Osmanlı dövləti ərazisindəki fərqli müsəlman xalqlarının ortaq hissiyatına istinad etdiyi üçün, orijinal və ictimai yaddaşımızın inşasında milli şairimizin yerinin anlaşılması baxımında əhəmiyyətlidir” şəklində dəyərləndirdi.

AMEA Tarix İnstitutunun baş direktoru, t.e.d., prof. Kərim Şükürov konfransın bağlanış panelində “Mehmet Akif və Azərbaycan: dövrün siyasi dinamikası və əlaqələrə dair” maraqlı mövzu ilə çıxış etmişdir. Professor Kərim Şükürov çıxışında Mehmet Akifi bu şəkildə dəyərləndirmişdir “Mehmet Akifin (1873-1936) yaradıcılığı nəinki Türkiyə, eləcə də dünya ədəbiyyatının nadir hadisələrindəndir. Onun yaradıcılığı türk xalqlarının, o cümlədən Azərbaycanın  ədəbi və ictimai-siyasi fikrində mühüm rol oynayıb. Bu sahədə istər Türkiyə, istərsə də Azərbaycanda aparılan tədqiqatlarda hələlik, yalnız Mehmet Akiflə yerli müəlliflərin əsərlərinin mövzuları üzrə paralellər və ya müqayisələr aparılır. Problemi daha dərindən araşdırmaq üçün, onun dövrləri və xarakteristikasının müəyyən edilməsinə ehtiyac vardır. Burada universal yanaşma kimi həmin ölkələrdəki siyasi dinamika ön plana çıxır. Mehmet Akif yaradıcılığının formalaşması, inkişafı, ədəbi hadisəyə çevrilməsi və yaşaması prosesi davam edərkən Azərbaycanın siyasi həyatında bir neçə dövr (Rusiya imperiyası dövrü, Cümhuriyyət, sovet və yeni müstəqillik dövrləri) dəyişib. Tarixi-müqayisə metodu əsasında bu dövrlər üzrə Azərbaycanda Mehmet Akifin ədəbi irsinə münasibət müəyyən edilir. Rusiya impeiyasının müqavimətinə baxmayaraq, məhz həmin dövrdə Azərbaycan Mehmet Akif yaradıcılğı ilə tanış olur. Cümhuriyyət dövründə (1918-20) Azərbaycan-Türkiyə münasibətləri kontekstində bu əlaqə genişlənir. Sovet dövründə tədricən, türkçülüyə və islama qarşı mübarizə nəticəsində Mehmet Akif yaradıcılığı və ideyaları faktik olaraq qadağan olunur. 1980-ci illərin sonlarında Azərbaycanda milli-azadlıq uğrunda mübarizə genişlənir və dövlət müstəqilliyinin bərpası ilə başa çatır. Bu dövrdə Mehmet Akif Azərbaycanın da istiqlal şairinə çevrilir və milli istiqlalçı şairlər dəstəsinin yaranmasına təkan verir. 100 il əvvəl olduğu kimi Azərbaycan və Türkiyə indi də bir-birinə dəstək və arxadır”.

T.e.d., prof. Şahin Fərzəliyev “Mehmet Akif Ərsoyun misralarında təzminlər” mövzusunda çıxış edərək, “M.A.Ersoyun həyatı və yaradıcılığı ilə bağlı Azərbaycanda da genişmiqyaslı və əhatəli tədqiqatlara başlanılmışdır. Qeyd etmək lazımdır ki, Mehmet Akif Ersoy da özü kimi 19-cu əsrin sonu – 20-ci əsrin əvvəllərində yaşamış və təzmin sənətinə meyl edən məşhur Azərbaycan şairi Mirzə Ələkbər Sabirin “Sanırsan” adlı şeirindən təsirlənərək özünün “Sanırsan” şeirini eyni vəzin və rədiflə qələmə almışdır” dedi. Onu da qeyd etmək lazımdır ki, professor Şahin Fərzəliyev Mehmet Akif Ərsoya şeirlər də həsr etmişdir.

Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti Mübariz Məmmədli “Mehmet Akif Ersoyun 1921-ci ildə Azərbaycan ədəbi mədəniyyətinə verdiyi töhfə və Sovet Azərbaycanı ilə Türkiyə Böyük Millət Məclisi arasında siyasi, mədəni və iqtisadi əlaqələr” adlı məruzədə Mehmet Akif Ərsoy haqqında fikirlərini bu şəkildə ifadə etmişdir: “Mehmet Akif Ersoy ən dəyərli şair və mütəfəkkirlərdən biridir. Azərbaycanın önəmli yazıçılarından olan N. Nərimanovun fikrincə, bir türk xalqının sənətçisi digər bütün türk xalqları tərəfindən tanınmalı və təqdir edilməlidir. Odur ki, türk ədəbiyyatında önəmli yeri olan Mehmet Akif Ersoyun gözü ilə sosial mədəniyyətin formalaşmasının tədqiq edilməsi, ölkədəki iqtisadi və sosial sistemin gücləndirilməsi yollarının araşdırılması təkcə Azərbaycan üçün deyil, həm də 1991 -ci ildən sonra müstəqillik qazanan bütün türk dövlətləri üçün də çox faydalı olacaqdır. Ziyalı olaraq, xüsusilə Türk coğrafiyasında fərqli bölgələrdə yaşayan ziyalıların və sənətkarların əsərlərini araşdırmalıyıq. Onların düşüncələrini araşdırmaq və öyrənmək, əvvəlki dövrü başa düşməklə yanaşı, gələcəyi daha dəqiq planlaşdırmağa kömək edəcəkdir.”

Onu da qeyd etmək lazımdır ki bu konfransda 44 günlük Vətən müharibəsində Azərbaycanı Hindistandakı qəzet və jurnallarda nəşr etdiyi məqalələri ilə dəstəkləyən, Gəncədə dağıdılan evin fotoşəklini də məqaləsində verən hindistanlı alim, Aliqarx Müslim Universitetinin professoru Arshi Khan da “Mehmet Akif Ərsoyun İstiqlal marşının teoriləşdirilməsi” adlı maraqlı məruzə ilə çıxış etmişdir.

Konfrans müxtəlif ölkələrdən olan alimlərin konfransa aid nəticə və dəyərləndirmələrinin qəbul edilməsi ilə başa çatmışdır. Qərara alınmışdır ki Mehmet Akif Ərsoyun İstiqlal Marşı dünyanın bir çox dillərinə tərcümə edilsin, artıq tərcümə olunmuş variantlarındakı tərcümə və məna xətaları aradan qaldırılaraq təkmilləşdirilsin, onun adına mükafat təsis edilsin və s.

Azərbaycan Tarix Qurumunun sədr müavini İradə Məmmədova


Əlaqəli mövzular:

TBMM BAŞKANI ŞENTOP, 100. YILINDA EVRENSEL BOYUTLARIYLA İSTİKLAL MARŞI VE MEHMET AKİF ERSOY KONGRESİ’NDE KONUŞTU

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir