04 Mar

 

Azərbaycan Tarix Qurumu İctimai Birliyinin

dəyərli alim və vətənpərvər insan Dilavər Əzimlinin

vəfatı ilə bağlı başsağlığı

 

 

Azərbaycan Tarix Qurumu İctimai Birliyi 3 Mart 2021-ci il tarixində uzun sürən müalicədən sonra koronovirusdan vəfat edən dəyərli alim, milli-azadlıq hərəkatının fəllarından biri, Bütöv Azərbaycan məfkurəsi uğrunda yorulmadan çalışan, gözəl insan, əziz qardaşımız Dilavər Əzimlinin vəfatından çox kədərləndiyini bildirir, mərhumun ailəsinə və dostlarına dərin hüznlə başsağlığı verir.

AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun “Azərbaycanın orta əsrlər tarixi” şöbəsinin baş elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Dilavər Mirzəkişi oğlu Əzimli 1959-cu il dekabrın 5-də Cəlilabad rayonunun Ağdaş kəndində anadan olmuşdur. 1977-ci ildə Cəlilabad rayonunun Ağdaş kənd orta məktəbini bitirmişdir. 1978-1980-ci illərdə hərbi xidmətdə olmuşdur. Uzun müddət istehsalatda çalışmışdır. O, 1987-1992-ci illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsini qırmızı dipıoma bitirmiş və həmin fakültənin aspiranturasında saxlanılmışdır. İnstitutda oxuduğu illərdə aktiv olaraq Milli Azadlıq hərəkatında iştirak etmişdir. Dilavər Əzimli 1992-1994-cü illərdə Xarici İqtisadi Əlaqələr nazirliyində aparıcı mütəxəssis işləmişdir. 1994-cü ildən 2004-cü ilə kimi Azərbaycan mətbuatında müxtəlif qəzet və jurnallarda çalışmışdır. Bir müddət Azərbaycan Dövlət Pedaqoji Universitetində “Türk və Şərqi Avropa xalqları” kafedrasının müəllimi olmuşdur. 2003-cü ildən AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun “Azərbaycanın orta əsrlər tarixi” şöbəsində çalışırdı.

Tarixçi Dilavər Əzimli CİEPO-nun (Beynəlxalq Osmanlı Öncəsi və Osmanlı Dövrü Araşdırmaları Komitəsi) üzvü, “Dünya Uyğarlığı içərisində Türk uyğarlığı” beynəlxalq türk qurumunun İdarə Heyətinin Azərbaycan təmsilçisi, Bütöv Azərbaycan Ocaqlarının sözçüsü və ideologiya üzrə sədr müavini idi. Eyni zamanda BAO-nun qurucu üzvü idi. 125 məqaləsi, bir monoqrafiya (Azərbaycanın Qərbi Avropa ölkələri ilə ticarət əlaqələri və Türkiyə (XV əsrin II yarısı-XVII əsrin I yarısı). Bakı: Turxan NPB, 2014, 292 səh), bir kitabı vardır. Evli idi, iki övladı vardır.

Dilavər Əzimli: “Bakı Dövlət Universitetinin tələbə hərəkatında əsas dayaq nöqtəsi Tarix fakültəsi idi. Tarix fakültəsinin altıncı mər­təbəsində bizim qərargah yerləşirdi….1987-ci ildə bizim fakültənin altıncı mərtəbəsində komsomolun divar qəzetinə inqilabçı xarakterə malik tələbələr tərəfindən diqqəti cəlb edən bir şəkil vurulmuşdu. Şəkildə ox ilə ikiyə parçalanmış ürək təsvir olunmuşdu. Bu o demək idi ki, Azərbaycan ikiyə ayrı­lıb­dır. Bu şəkil divarda cəmi doqquz dəqiqə qaldı. Çünki agentura dərhal Dövlət Təhlükəsizlik komitəsinə xəbər vermişdi”.

Allah rəhmət eləsin, ruhun şad, məkanın cənnət olsun!

Şərh yaz