31 Mar

Dos., t.ü.f.d. İradə Məmmədova

Azərbaycan Tarix Qurumu sədr müavini

 

1917-1920-ci illər İrəvan bölgəsində ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımları Türkiyə arxiv sənədlərində

İrəvan bölgəsində ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımlarını Başbakanlıq Osmanlı arxivində saxlanılan Ələşgirt Tabur komandanlığına ünvanlanan 11 iyun 1919-cu il tarixli məktubdan da aydın görmək olur. Bu məktubda bildirilirdi: “… ermənilər…Gündə iki karyemizi top atəşi ilə dağıdırlar. Dünən Məscidli, Alakilsə, Horviran və Sadivan karyelərindəki İslamlar üzərinə hüzüm etdilər. 20 nəfər şəhid oldu və 35 nəfər də yaralandı. Əgər belə davam edərsə Qars və İrəvan vilayətlərində İslam adında əhali qalmayacaqdır. Altı yüz ildən bəri İslamlar belə zülm və şiddətə məruz qalmamışdılar. Qars, İrəvan və Batum vilayətlərinin əhalisi yer üzündə nə qəbahət etmişlər ki, Allah qəddar kəlb (it) erməniləri onların üzərinə musallat etmişdir… Və indiki halda hamımızın həyatı təhlükədədir”.

Digər sənəddə isə ermənilərin qoşunla Vedinin ətrafını 4 tərəfdən mühasirə edərək azərbaycanlıları top atəşinə tutduğu, Araz çayı ətrafında yerləşən kəndlərə hücum etdiyi, əhalinin kəndləri tərk edərək dağlara çəkildiyi, göstərilən kəndlərdəki məhsulların və bütün əşyaların tamamilə qəsb edildiyi, ermənilərin müsəlman əhalini bütünlüklə məhv etməklə hədələdiyi, əhalinin diri-diri yandırıldığı və diri-diri basdırıldığı bildirilir. Yenə də həmin arxivin digər sənədində 1921-ci ildə ermənilərin Qulp qəzasındaki, İrəvan kəndlərindəki, həmçinin İrəvan bölgəsindəki türk-müsəlman əhaliyə qarşı həyata keçirdikləri talan, qətl, zülüm və işgəncələr yer almışdır.

ATASE arxivinin sənədinə görə, 29 aprel 1918-ci ildə Gümrüdən 500 araba ilə Axılkələkə getməkdə olan 3000-ə qədər qadın, qoca, uşaq və kişi yox edilmişdir. 1000 sıravi, iki pulemyot və iki topdan ibarət bir erməni birliyi Kağızmanın şərqindəki Qulp və İrəvan bölgəsindəki müsəlman kəndlərini məhv edib, qadınlarını, uşaqlarını və kişilərini qətl etmişdir.

Bu arxivdəki 7 May 1918-ci ildə Bakı Müsəlman Xeyriyyə Cəmiyyətinin Hərbzadələrə Yardım Heyətinin Kağızman qəzası vəkili və Qafqaz cəbhəsi müftisi İdris Axundzadə Gəncəlinin 36-cı Qafqaz Tüməni (diviziya) komandirinə göndərdiyi məktubda iki aydan artıq müddətdə Qafqazda baş verən erməni-müsəlman döyüşməsinin səbəbindən, bu düşmənçiliyin İrəvan vilayətinin müsəlmanları ilə ermənilər arasında daha da böyüməyə başladığı, məktubun yazıldığı günə qədər erməni quldur dəstələrinin müsəlmanları doğradığı, bir-bir, iki-iki olmaqla kəndləri yandırdığı, İrəvan vilayətində erməni zalimləri tərəfindən 30-dan çox müsəlman kəndinin əhalisinin doğranıldığı, kəndlərin isə dağıdılaraq yandırıldığı, bu fəlakətə görə İrəvan vilayətindəki müsəlmanların çox dəhşətli bir həyat sürdüyü xəbər verilirdi. Məktubda, İrəvan şəhərindəki müsəlmanların ermənilər tərəfindən mühasirəyə alındığı, hər gün İrəvan tərəfindən çox sayda xəstə, yaralı, qoca, qadın-qız qaçqınların Kağızmana gəldiyi, gələnlərin də hamısının açlıqdan və daldanacaq yerlərinin olmamasından öldüyü, təkbaşına qaçanların isə qidaya ehtiyacı olduğu bildirilir. Məktub Axundzadənin İrəvan vilayətindəki din qardaşlarının bu acınacaqlı vəziyyətinin Türkiyəyə xəbər verilməsi və 36-cı Qafqaz Tüməni komandirindən qaçqınlara maddi və mənəvi yardım etmələri və daldanacaq yer verilməsi xahişi ilə bitirdi.

IX Ordu komandiri mirliva (general-mayor – İ.M.) Şevki Paşanın Şərq Orduları Qrupu komandanlığına Qarsdan verdiyi 29 avqust 1918-ci il tarixli məlumatında Andranikin Zəngəzur ətrafında olan qüvvələrinin 15 gün əvvəl Arpa mövqeyinin şimalındakı Savur və Darlağıski bölgəsinə gəldiyi, Malişki, Keşişkənd, Həsənkənd kəndləri məntəqələrində, məlumatın verildiyi anda da Həsənkənd kəndində olduğu, türklərin sərhəddən kənara çıxardığı ermənilərin də Andranikin qüvvələrinə qoşularaq, göstərilən bölgələrdə müsəlmanlara hər cür zülm və əziyyət etdikləri bildirilirdi. Ermənilər müsəlmanları evlərindən çıxarıb aclığa məhkum edir, köçlərinə icazə vermir, hətta kəndlərindən çıxmayan və toplu halda olan müsəlmanlara qarşı topdan istifadə edildiyi bildirlirdi. Şevki Paşa, bu barədə və xüsusilə bu bölgə haqqında əvvəldən də ərz etdiyi, müsəlmanların Ermənistan içindəki vəziyyətlərinin son dərəcə qorxulu bir hal aldığını bildirir, ermənilərin bu tərz hərəkətlərlə bir ay sonra, məmləkətlərində bir tək müsəlman buraxmamaq, içəridə rahatladıktan sonra fəaliyyətlərinin və təşəbbüslərinin zəminini, sərhədin bu tərəfinə qədər genişləndirmək məqsədi güddüklərinin aydın olduğunu Şərq Orduları Qrupu komandanlığının diqqətinə çatdırırdı

20 dekabr 1918-ci ilə dair sənəddə erməni qüvvələrinin İrəvanın ətrafındakı bir çox kəndlərdə müsəlman əhalini soyqırıma məruz qoyduğu və kəndləri yandırdığı bildirilir, bu vəhşiliyə son qoyulması üçün Antanta Heyətinin nəzdində təşəbbüs edilməsi tələb olunurdu.

Başbakanlıq Dövlət Arxivləri Genel Müdürlüyü Arxivinin Xarici fondundakı 1919-cu ilin sentyabrında İrəvan quberniyası müsəlmanlarının Torpaq İdarəsinin sədrinin Azərbaycan Respublikası Nazirlər Şurasının sədrinə ünvanladığı memorandumdan məlum olur ki, İrəvan qəzasının Vedibasar adlanan ərazisi 64 kənddən və 17 yaşayış məntəqəsindən ibarətdir və buranın əhalisinin əksəriyyətini Azərbaycan türkləri təşkil edirlər. Memorandumda bildirilirdi ki, bütün İrəvan quberniyasında olduğu kimi Vedibasar rayonunun əhalisi də 1918-ci ilin baharında “mədəni ermənilərin” sahiblik etməsinin bütün dəhşətlərini öz üzərlərində hiss etmişdilər və buna rayonun Ermənistanın paytaxtına yaxın olması şərait yaratmışdır. Bu arxiv sənədindən məlum olur ki, ermənilər müxtəlif bəhanələrlə İrəvan quberniyasının bütün ərazisinə cəza ekspedisiyaları göndərmişlər. Bu zaman onlarla kənd yandırılmış və qılıncdan keçirilmiş, qadın və uşaqlara belə rəhm edilməmişdi. 1918-ci ilin sonunda Vedibasar rayonun əhalisi tamamilə qırılmaqdan canlarını qurtarmaq üçün təşkilatlanmış və ermənilərə silahlı müqavimət göstərməyə başlamışdılar.  Əkinçilər nəinki ermənilər və onların hərbi hissələri üzərində qələbə qazanmışlar, hətta hücüma keçərək bir ara Ermənistanın paytaxtını belə təhlükəyə məruz qoymuşdular. 1919-cu ilin may ayında ingilis rəhbərliyi Vedibasar rayonunun əhalisinə sülh razılığına gələnədək dayanmağı, Ermənistan hökümətini tanımağı əmr etmişdi. Lakin, erməni höküməti zəif olduğu üçün bu təlimatlar faktiki həyata keçirilməmişdi. “İngilis qoşunları buradan getdikdən sonra erməni hökümətinin terror sistemi və sərt repressiya tətbiq etdiyi müsəlman əhali öz hüqüqlarının müdafiəsinə qalxdı və qanlı döyüşlər nəticəsində müsəlmanlar qalib gəldilər. Hüquq zorakılıq, ədalət isə insan hüquqlarının tapdanması üzərində qələbə çaldı. Belə şəraitdə Vedibasar rayonunun müvəqqəti də olsa Ermənistan hökümətinə tabe edilməsi mümkünmü? Əgər belə bir qərar qəbul edilərsə də həyata keçə bilməz. Çünkü Vedibasar əhalisi onlara gözyaşı və əzabdan başqa bir şey vəd etməyən bu nifrət etdikləri ağalığı qəbil etməkdənsə bir nəfərə kimi ölməyi üstün tutarlar. Onlar insanlıq sifətini itirmiş erməni quldurlarının qırğınına məruz qalmaqdan və öz arvad və qızlarının rüsvay edilməsindənsə, əllərində silah mərd döyüşdə ölməyi üstün tutarlar. Ona görə də Vedibasar rayonu, əhalisi demək olar ki, istisnasız olaraq Azərbaycan türklərində təşkil olunan Sürməli kimi, əvvəlcədən sülh konfransının qərarınadək İrəvan quberniyasının yaradılması nəzərdə tutulan neytral zonaya daxil edilməlidir

Azərbaycan Cümhuriyyətinin Xarici İşlər naziri M.İ.Cəfərov 1919-cu il 25 sentyabrında Müttəfiq dövlətlərin Zaqafqaziyadakı ali komissarı polkovnik Haskelə ünvanlandığı məktubda yazırdı: “Sizə 22 sentyabrda ingiliscə göndərdiyim notada yazmış olduğum erməni hakimiyyəti tərəfindən müsəlman əhaliyə qarşı yönələn asayişin pozulma hallarının onların tamamilə məhv edilməsi formasını alaraq hələ də davam etdiyini nəzərinizə çatdırmaq istəyirəm. Bütün bunlar İrəvan quberniyasının müsəlman əhalisinə xəsarət yetirilməsinə passiv tamaşaçı olaraq qalmaq istəməyən Azərbaycan türklərinin güclü narazılığına səbəb olmuşdur. Mənim hökümətim Ermənistan Respublikası ilə nə qədər mehriban qonşuluq münasibətini saxlamaq istəsə də, bu halda öz xalqının arzusuna tabe olmağa məcbur olaraq öz həmqəbilələrini erməni hakimiyyəti tərəfindən tamamilə məhv edilməsindən qorumaq üçün vasitələr arayacaqdır”. Cəfərov məktubunda bu səbəbdən bütün məsuliyyətin erməni hökümətinin üzərinə düşdüyünü, xoşagəlməz nəticələrdən yayınmaq üçün erməni hakimiyyətinin təsir dairəsində yaşayan müsəlmanların hələ də davam edən qırğınının təcili olaraq qarşısının alınması üçün polkovnik Haskeldən asılı olan bütün tədbirlərin görüləcəyinə dərin ümid bəslədiyini bildirirdi

Azərbaycan Cümhuriyyəti Xarici İşlər naziri M.İ.Cəfərovun 1919-cu il sentyabrında Müttəfiq dövlərlərinin Zaqafqaziyadakı Ali komissarı polkovnik Haskele ünvanlandığı məktubda erməni inzibatçılarının birbaşa hamiliyi və iştirakı ilə ermənilərin Novobəyazit, Sürməli və Eçmiədzin qəzaları ərazisində müsəlman əhaliyə qarşı zorakılığının davam edildiyi bildirilirdi. Cəfərov bu qanunsuz hərəkətlərə son qoyulması, günahkarların aşkarlanması və nəticədə milliyətindən asılı olmayaraq cəzalandırıması üçün qəti tədbirlərin görülməsi məqsədi ilə Beynəlxalq Təhqiqat Komissiyasının yaradılmasına polkovnik Haskelin razı olacağına Azərbaycan Hökümətinin ümid etdiyini yazırdı.

1919-cu ilin sentyabrında İrəvan əyalətindəki müsəlmanlara qarşı törədilən qırgınların dayandırılması üçün lazımı tədbirlərin alınmasının gərəkli olduğuna dair Cənub-Qərbi Azərbaycan Müsəlman Milli Şurasının Ermənistan ali komissarına yazdığı məktubdan məlum olur ki, ermənilər 1918-ci ildə 400-dən çox kəndi qılıncdan keçirmiş və yandırmışlar.  Sənəddə yazılırdı: “Dağıntı və qətliamın mənzərəsi tükürpədici idi. Evlər yandırılır, əhalinin əmlakı əlindən alınır, adamlara rəhm edilmir, uşaq, qadın və qocaları doğrayırdılar”. Məktubda 1918-ci ildə müsəlmanların həm maddi, həm də insan itkisinin saysız-hesabsız olduğu bildirilirdi: “İnsanların çoxu qırılmış, çoxusu da aclıqdan və yolxucu xəstəlikdən ölmüşdülər. Əvvəllər çiçəklənən kəndlər xarabazara dönmüşdür. Müflisləşmiş əhali Ermənistandan kənara İrəvan quberniyasının yayın əvvəllərində türklər tərəfindən tutulmuş hissələrinə köçürlər. Sasunlu dəstələri xaincəsinə müsəlmanlara hücum etdilər və Kadılı, Şakablı, Qaraxaç, Doğnaz, Qarabağlar və Ağasıbəyli kəndlərini yerlə-yeksan etdilər”. Məktubda ermənilərin bu hücümü zamanı sasunluların ağlagəlməz qəddarlıq nümayiş etdirdikləri, gənc gözəl müsəlman qadınlarını seçərək onları əsir apardıqları bildirilirdi.

Sənəddə 17 avqustan 31 avqustadək olan qısa müddət ərzində Eçmiədzin, Sürməli və Novobəyazit qəzalarında 50-dək müsəlman kəndi yerlə yeksan edildiyi, əhalisinin ya birbaşa ermənilərin hücümünü məruz qaldığı, ya da ermənilər tərəfindən zorakılığa məruz qalmaqdan qorxaraq kəndi tərk etdiyi, bir çox kəndlərdən müsəlman qadınların əsir alınaraq aparıldığı və erməni kəndlərində saxlandığı, müsəlmanların tamamilə talan edildiyi, kəndi əhatə edən ermənilərin onları kəndi tərk etməyə məcbur etdikləri yazılırdı. Məktubdan məlum olur ki, müsəlmanlar heç bir səbəb olmadan talan edilir, məhv edilir və günahları olmadan zərər görürlər, lakin, Ermənistan Respublikasının höküməti müsəlman kəndlərinin yerlə-yeksan edilməsinin qarşısının alınması üçün heç bir tədbir görmür və bu hadisələrə gözlərini yumurlar: Məktubda deyilirdi: “Bizdə belə təəssürat yaranır ki, Ermənistan höküməti bu cür qarma-qarışıqlığa şərait yaradır və Ermənistandan müsəlmanların sıxışdırılıb çıxarılmasını qarşısına məqsəd qoymuşdur. Əks halda hökümətin özünün yüz minlərlə təbəəsinin öldürülməsi və bədbəxtliyinə layeqd münasibətini başa düşmək olmur”.

Digər sənəddə deyilirdi: “Dronun sayəsində Ermənistan hökümətinin siyasəti o qədər,  qaba, vəhşi və şovinist xarakter almışdır ki, yalnız geyri-xalqlar deyil, hətta öz ziyalıları belə ona nifrətlə baxır, Ermənistan sərhədlərini tərk edərək, başqa ölkələrə gedirlər”.

1919-cu il 30 dekabrda Azərbaycanın Gürcüstandakı təmsilçilərindən  Vəkilovun Müttəfiq Dövlətlərin Ali komisarına göndərdiyi raportda İrəvan quberniyasının bütün müsəlman kəndlərində erməni qoşunlarının kütləvi qətliamlar törətdiyi, viran qoyulmuş kəndlərdən yüzlərcə müsəlman qaçqının Tiflisdən keçdiyi, bu qaçqınlar tərəfindən hələ də davam edən bu kədərli hadisələrə dair ətraflı danışdıqlarını təsvir belə etməyin mümkün olmadığını, Müttəfiq Dövlətlərin Ali komissarının nüfuzundan istifadə edərək Ermənistandakı Müsəlman kəndlərinin viran edilməsinin və əhalinin vəhşicəsinə qətledilməsini dayandırmaq üçün onlardan asılı olan bütün tədbirlərin alınması istəyirdi

1920-ci il 19 iyun tarixli raportda (Nəriman Nərimanov, Mdivani, Mikoyan və Nuricanyanın V. Çiçerine göndərdikləri) daşnaklar tərəfindən müsəlman kəndlilərinin kütləvi surətdə qırğına məruz qaldığı, minlərlə kommunistin həbs olunduğu və yüzlərlə kommunistin güllələndikləri, onlarla qiyam etmiş erməni kəndinin viran qoyulduğu, iki mindən çox erməninin Azərbaycanda sığınacaq tapdığını, yerli əhalinin öz gücləri hesabına daşnak hökümətinə qarşı vuruşduğu və bu mübarizədə yalnız öz güclərinə və türk qoşunlarına ümid bəslədikləri, Ermənistanın faktiki olaraq Azərbaycanla müharibə vəziyyətində olduğu bildirilirdi. Ermənistan höküməti müsəlmanlardan təmizlədiyi topraklarda Osmanlı dövlətindən qaçan erməniləri yerləşdirirdi.

1920-ci ilin sentybrın 14-də Bakıdan Moskovaya göndərilən tam məxfi teleqramda daşnakların davamlı olaraq kəndlərə basqınlar etdiyindən, üzdantutma türkləri qətliama uğratdıqlarından, Qarakilsəyə gələn Sürməli və Kağızman qəzalarının nümayəndələrinin onları müdafiə etmələrini xahiş etmələrindən, qəzadakı 105 kənddən yalnız 35 dağ kəndinin salamat qaldığından, avqust ayında bu kəndlərdən daha səkkizinin də qırğına məruz qaldığından bəhs olunur: “Daşnaklar sərhəd zolağında yerləşən qarışıq kəndlərin bütün müsəlman əhalisini üçdantutma məhv edirlər ki, sonra gələcəkdə sülh danışıqları üçün burada erməniləri yerləşdirsinlər. Son dəfə 20 avqustda Kağızman rayonunun əhalisi qarışıq olan Porin kəndinin sakinləri qırğına məruz qalmışdı”.

 

Mənbə:

  1. İradə Məmmədova. 1918-1920-ci illərdə ermənilərin İrəvan bölgəsində azərbaycanlılara qarşı törətdikləri soyqırımları (BOA sənədləri əsasında) //Elmi Əsərlər (AMEA Tarix İnstitutu), “Birinci Dünya müharibəsi və Azərbaycan” mövzusunda beynəlxalq elmi konfransın materialları, cild 48, 49, 50, Bakı, 2014, s.362-366.
  2. İrade Memmedova. 1917 – 1921’li Yıllarda Ermenilerin İrevan Bölgesinde, Kars, Kağızman ve Erzurum’da Yaptıkları Faaliyetler// 19.-20. Yüzyıllarda Türk-ErmenI İlişkileri Sempozyumu Kaynaşma-Kırgınlık-Ayrılık-Yeni Arayışlar, 5–7 Ocak 2015 Uluslararası Sempozyum, Bildiriler, İstanbul, 2015, s. 676-702.
  1. İradə Məmmədova. 1918 – 1920-ci illər soyqırımları Başbakanlıq Dövlət Arxivləri Genel Müdürlüyü arxivinin xarici fondunun sənədlərində// Elmi əsərlər (AMEA Tarix İnstitutu),Azərbaycan və Şərqi Anadoluda türk-müsəlman əhaliyə qarşı soyqırımları (1914-1920-ci illər)” mövzusuna həsr olunmuş II beynəlxalq elmi konfransın materialları, xüsusi buraxılış. 2015, 52, 53, 54, 55-ci cildlər, s. 362-369.
  2. İradə Məmmədova. İrəvan bölgəsində ermənilərin azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımı (Türkiyə Cümhuriyəti ATASE arxivinin sənədləri əsasında)// Elmi əsərlər (AMEA Tarix İnstitutu), “Azərbaycan və Şərqi Anadoluda Türk-müsəlman əhaliyə qarşı soyqırımları (1914-1920-ci illər) mövzusuna həsr olunmuş III beynəlxalq elmi konfransın materialları, 07-10 2016, Şamaxı şəhəri, xüsusi buraxılış, Bakı 2016, cild 56,57,58, 294-302.