29 İyl

Türk dünyası tarixçilərinə böyük itki üz vermişdir. Amansız ölüm görkəmli tarixçi alim, Amerika Elm və Sənət Akademiyasının, İngiltərə Kral Akademiyasının,  AMEA Tarix İnstitutunun və dünyanın bir çox başqa aparıcı elmi təşkilatlarının və cəmiyyətlərinin həqiqi və fəxri üzvü olan Xəlil İnalçıkı sıralarımızdan apardı. Xəlil İnalcık 25 iyul 2016-cı ildə vəfat etmişdir.

Xəlil bəy 26 may 1916-cı ildə Osmanlı imperatorluğunun İstanbul şəhərində (Kadıköy) anadan olub. Əslən krım tatarıdır. Xəlil İnalcık Osmanlı-Türk tarixini obyektiv, doğru və tərəfsiz şəkildə yazaraq bu böyük tarixin həqiqətlərini dünyada tanıtmağı bacaran bir tarixçi idi. Xəlil İnalcık 1932-də Balıkəsir Necatibəy Müəllimlər Məktəbində Nüsrət Kürkçüoğlu və Abdülbaki Gölpinar kimi müəllimlərdən dərs almış, 1935-ci ildə Ankara Universitetinin Dil və Coğrafiya fakültəsinə daxil olur. Burada dövrünün qabaqcıl ziyalılarından Fuad Köprülü, Şəmsəddin Günaltay, Müzəffər Gökər, Yusif Hikmət Bayur və başqalarının mühazirələrini dinləyir. Onların arasında Xəlil İnalcıka daha çox təsir edən və sonralar özünə ustad və nümunə saydığı müəllimi Fuad Köprülünün adını xüsusi qeyd etmək lazımdır. 1940-cı ildə Dil-Coğrafiya  fakültəsini bitirən İnalcık həmin ilin aprelində Dil və Tarix, Coğrafiya fakültəsinə elmi yardımçı təyin edilmişdi. 1942-ci ildə “Tənzimat və Bolqar məsələsi” adlı dissertasiya müdafiə etmiş, 1943-cü ildə “Vyanadan Böyük Ricəti Osmanlı İmperatorluğu və Krım xanlığı” adlı əsərinə görə dosentlik adını almışdır. 1947-ci ildə Türk Tarix Qurumuna üzv qəbul olunmuş X. İnalcık 1949-cu ildə Ankara universiteti tərəfindən İngiltərəyə ezam edilmişdir. O, 1951-ci ildə fevralın 1-də İngiltərədən Türkiyəyə dönmüş və Bursa Şəriə Sicilləri üzərində çalışmalarını davam etdirmişdi. X. İnalcığın 1952-ci il iyunun 2-də “Vyana Bozqun illərində Osmanlı-Krım xanlığı işbirliyi” adlı kitabı nəşr olunmuş və bu əsərə görə professor adını almışdır. O, 1953-54-cü illərdə Kolumbiya Universitetinə professor kimi işə qəbul olunmuşdur.

X.İnalcık 1977-ci ildə “Türkiyənin Sosial və İqtisadi Tarixi Beynəlxalq Assosasiyasını” yaratdı. Bu beynəlxalq elmi cəmiyyət 2005-ci ilə kimi sonuncusu Venesiyada olmaqla 10 beynəlxalq konfrans təşkil etmişdir. 1960-cı ildə İsrail Abraham Universitetinə qəbul edilmişdir. 1966-cı ildə Beynəlxalq Cənub-Şərqi Avropa Araşdırmaları Qurumuna üzv seçilmiş və 1971-74-ci illərdə isə bu Quruma rəhbərlik etmişdir.

 1972-ci ildə 30 ilə yaxın çalışdığı Ankara Universitetinin Dil və Tarix, Coğrafiya fakültəsindən təqaüdə çıxdıqdan sonra görkəmli alim Çikaqo Universitetinin dəvəti ilə həmin universitetin tarix fakültəsində professor vəzifəsində çalışmağa başlayır. 1973-cü ildə Londonda “Osmanlı imperiyası: klassik çağ, 1300-1600” əsərini ingiliscə nəşr etdirir. Bu əsər 8 dilə tərcümə edilir. O, 1983-cü ildə Amerikanın Elm və Sənət Akademiyasına, Türk Araşdırmalar İnstitutunun İdarə Heyətinə üzv seçililir. X.İnalcık 1986-cı ildə 15 ildən artıq çalışdığı Çikaqo Universitetindən təqaüdə çıxır. Həmin ildə Boğaziçi Universiteti X.İnalcıka fəxri doktorluq adı vermişdir. 1990-92-ci illərdə Harvard və Prinsenton universitetlərində mühazirələr oxumuşdur. 1993-cü ildəİngiltərə Akademiyasına üzv seçilmişdir. X.İnalcık 1993-ci ildə Bilkent Universitetinə dəvət olunmuş və burada tarix bölümünü qurdu. Alim 1994-cü ildə “Osmanlı imperiyasının sosial və iqtisadi tarixi” əsərini nəşr etdirdi. Dörd mütəxəssislə birlikdə hazırladığı əsəri bugün dünya universitetlərində stolüstü kitaba çevrilmişdir. X.İnalcık bu əsərlə Osmanlı Türkiyəsi tarixinin gerçəklərini bütün dünyaya tanıtmaqla fəxr edirdi. 1996-cı ildə iki cilddə çap olunan bu əsərin birinci cildi məhz X.İnalcık tərəfindən yazılmışdır. 2001-ci ildə bu əsər türk, yunan və ərəb dillərinə tərcümə olunmuşdur. 2006-cı ildə onun “Şəriə Sicillərinə görə İstanbul tarixi” lahiyəsi üzrə “İstanbul məhkəməsi 121 saylı Şəriə Sicili” adlı əsəri çap olundu. 2011-də ildə X.İnalcığın “Seçilmiş əsərləri”nin 3 cildi,2013-də “Osmanlı və Modern Türkiyə”,  2014-də “Devlet-i ‘Aliyye: Tagayyür ve Fesad, Osmanlı İmparatorluğu Üzerine Araştırmalar  II”çapdan çıxmışdır. Ümumilikdə dünya şöhrətli alimin 72 kitabı və 500-dən çox elmi məqaləsi vardır.

Xəlil İnalcığın yayüksək səviyyəli  bir tarixçi olmasının səbəblərindən biri də onun ingilis, fransız, alman dillərini gözəl bilməsi, ərəb və fars dilindən də istifadə edə bilməsi, italyan dilini isə lüğət vasitəsilə başa düşməsi və hər zaman elmi araştırmaya önəm verməsi olmuşdur. O, İnalcık geçmişdə türk tarixçiliyinə gətirdikləri ilə istiqamət vermiş iki böyük ustadın adını çəkirdi: Fuad Köprülü və Ömər Lütfi Barkan. X. İnalcığın fikrincə, bu günkü tarixi onların yolu ilə gedərək yaxşı araşdıra bilmək üçün Osmanlıya hakim olmaq və bunun yanında da qərb tarixini izləmək lazımdır. Bütün gücünü Türk Tarix elminin modern bir elm səviyyəsinə qaldırılmasına sərf edən. X. İnalcik tarix anlayışını belə izah etmişdi: “Mənim tarix anlayışım dövlətlərin tarixini ortaya çıxarmaqdan daha çox xalqın tarixini, xalqın keçmişdə neçə yaşadığını və bunlara səbəb alan şərtləri ortaya çıxarmaqdır”.

Dünya elmi ictimaiyyəti görkəmli alimin əməyini yüksək qiymətləndirərək ona bir çox ali mükafatlar təqdim etmişdir.

Allah rəhmət eləsin, qəbri nurla dolsun, ruhu şad olsun!!!

AZƏRBAYCAN TARİX QURUMU