10 Fev

2004-cü ilin sentyabr ayında Yaqub müəllim AMEA A.A.Bakıxanov adına Tarix İnstitutuna direktor təyin edilərkən ən çox sevinənlərdən biri mən oldum. Çünki onun son vaxtlar İnstitutda yaranmış süstlüyə son qoyacağına, tarix elminin inkişafına təkan verəcəyinə əmin idim. Bu əminliyin səbəbi isə mənim hələ tələbəlik illərindən Yaqub müəllimi tanımağım, sonra isə onun dekanı olduğu BDU-nun tarix fakultəsində əvəzçiliklə uzun illər dərs deməyim idi. Məsələ burasındadır ki, bizim qrup, yəni ADU-nun (indiki BDU) Tarix fakultəsinin 464-cü qrupu Yaqub müəllimin dərs dediyi ilk qrup olmuşdur və mən hörmətli akademikin ilk tələbələrindən olmağımla fəxr edirəm. 1967-1968-ci tədris ilinin ikinci semestri idi. Orta əsrlər tarixi fənninin ikinci hissəsindən Yaqub  müəllim bizə mühazirə oxumağa başladı və biz Yaqub müəllimin maraqlı və bizim üçün tamamilə yeni dərs üslubunu müşahidə etdik. Yaqub müəllim digər müəllimlərin monoloq tipli mühazirə oxumaq üslubundan imtina edərək mövzunun ana xətlərini elan edib onlar haqqında ümumi məlumat verdikdən sonra qaldırılan məsələlərlə bağlı bir-bir bütün tələbələrə sual verir, onların cavablarını eşitdikdən sonra təhlil edir, bizim deyə bilmədiklərimizi qeyd edirdi. Bu cür dərs isə təbii ki, bizim üçün çox maraqlı olmaqla fənnin yaxşı mənimsənilməsinə kömək edirdi. Bir məsələni qeyd edim. Tələbələri sorğuya tutanda həmişə əgər düzgün cavab ala bilmirdisə ən axırıncı məndən soruşardı.

Yaqub müəllim İnstitut rəhbərliyinə gələn kimi bir sıra yeni tədqiqat istiqamətlərini müəyyənləşdirdi. Prioritet istiqamətlərdən biri itirilmiş torpaqlarımızın tarixinin öyrənilməsi oldu. Onun bilavasitə rəhbərliyi ilə qədimdən Azərbaycan torpağı olmuş və sonra zorla  qoparılaraq ayrı dövlətlərə  birləşdirilmiş İrəvan, Dərbənd və Borçalı torpaqlarının tarixi tədqiq  olunmağa başlanmış və bu sahədə  mühüm uğurlar əldə olunmuşdur. Bunun nəticəsidir ki, Yaqub müəllimin baş redaktor və həmmüəllif, mənim isə baş redaktorun müavini və həmmüəllifi olduğum «İrəvan xanlığı. Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarının köçürülməsi» adlı monoqrafiya 2012-ci ildə Respublika Dövlət Mükafatına layiq görülmüşdür.

Yaqub müəllimin  müəyyənləşdirdiyi prioritet elmi istiqamətlərdən biri də Azərbaycan Xalq Cümhuriyyətinin və müstəqil Azərbaycan Respublikasının tarixinin tədqiqidir ki, bu istiqamət üzrə  xeyli sanballı əsərlər meydana çıxmışdır. Yaqub müəllimin müəyyənləşdirdiyi prioritet istiqamətlərdən biri də  Azərbaycanın soyqırımı tarixinin öyrənilməsi və dünya ictimaiyyətinə  çatdırılmasıdır. Nəhayət Yaqub müəllim erməni saxtakarlarına qarşı əsil bir fədai kimi döyüşür, onların saxtakarlıqların, uydurmaların ifşa edən çoxlu sanballı əsərlərin müəllifidir.

Yaqub müəllimin mühüm xidmətlərindən biri də zənnimcə nəşr işinin  fəallaşdırılmasıdır. Əgər əvvəllər İnstitut əməkdaşlarının  cəmi 1-2 əsəri, həm də müəllifin hesabına çap olunurdusa, indi ildə İnstitut əməkdaşlarının 40-50 əsəri işıq üzü görür.

Bir məsələni də xüsusi qeyd etmək istərdim. Məlumdur ki, Azərbaycan tarixi üzrə bir çox  sənədlər müxtəlif ölkələrin arxivlərində saxlanılır və onların gətirilib elmi tədqiqata cəlb edilməsi zəruridir. Lakin XX əsrin  90-cı illərində və XXI əsrin  əvvəllərində kifayət qədər maliyyə vəsaitinin ayrılmaması səbəbindən ildə yalnız 1-2 nəfər xarici ölkələrə ezamiyyətə  göndərilirdi. Yaqub müəllimin səyləri nəticəsində  indi ildə 30-50 nəfər ezamiyyətə göndərilir və Rusiya, Türkiyə, İngiltərə, Fransa, Almaniya arxivlərindən materiallar gətirirlər. Bunun nəticəsində İnstitutun yüzlərlə sənədlər toplusu tərtib olunmuşdur.

Nəhayət, əvvəllər İnstitutumuzun xarici ölkə alimləri ilə əməkdaşlığı çox zəif idi. Yaqub müəllimin rəhbərliyi dövründə bu əlaqələr xeyli genişlənmişdir, hər il Tarix İnstitutunun keçirdiyi beynəlxalq konfranslarda müxtəlif ölkələrdən onlarla  alim iştirak edir. Yaqub müəllim şəxsən özü xaricdə keçirilən elmi tədbirlərdə iştirak edir və bu zaman hətta xarici alimlərin yol verdikləri nöqsanları cəsarətlə onların üzünə söyləyir. Fərəhli haldır ki, bir sıra ölkələrdə, ilk növbədə qardaş Türkiyədə onu duayen kimi qəbul edir və ehtiram  göstərirlər, hökmən həm açılış nitqini söyləməsini, tədbirin sonunda isə ümumiləşdirici çıxış etməsini xahiş edirlər. Yaqub müəllimin çıxışları isə çox maraqlı və yüksək səviyyədə olur, dinləyicilərin sürəkli alqışlarına səbəb olur. Eyni zamanda İnstitutumuzun onlarla əməkdaşı müxtəlif ölkələrdə keçirilən beynəlxalq elmi konfranslarda və simpoziumlara qatılaraq respublikamızı layiqincə təmsil edirlər.

Beləliklə, qeyd etmək istərdim ki, akademik Yaqub Mahmudovun rəhbərliyi altında AMEA A.A.Bakıxanov adına Tarix İnstitutu intibah dövrünü yaşayır. Əziz və hörmətli akademikimizə uzun ömür və can sağlığı arzu edirəm ki, İnstitutumuzun tərəqqisi, ümumiyyətlə Azərbaycan tarix elminin inkişafı üçün fəaliyyətini uğurla davam etdirə bilsin.

AMEA A.A.Bakıxanov adına

Tarix İnstitutunun “Beynəlxalq

münasibətlər tarixi” şöbəsinin müdiri,

t.ü.e.d., professor, əməkdar elm xadimi

və Dövlət mükafatı laureatı,

Azərbaycan Tarix Qurumu

İctimai Birliyinin sədri                                             T.T.Mustafazadə

Şərh yaz