28 May

 

 

Şərqdə ilk demokratik Respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin elan olunmasından 100 il keçir. Məhz 100 il bundan əvvəl 1918-ci il may ayının 28-də Milli Şuranın birinci iclasında Azərbaycanın müstəqil dövlət elan olunması haqqında tarixi qərar qəbul edildi və demokratik dövlətin yaranması faktını hüquqi cəhətdən təsbit edən “Azərbaycanın istiqlaliyyəti haqqında Akt” qəbul edildi.

Azərbaycanın İstiqlal Bəyannaməsi Azərbaycan Milli Şurası tərəfindən ərəb əlifbası ilə Azərbaycan dilində 1918-ci il 27 mayda tərtib edilmiş və Həsən bəy Ağayev, Fətəli xan Xoyski, Nəsib bəy Yusifbəyli, Camo bəy Hacınski, Şəfi bəy Rüstəmbəyli, Nəriman bəy Nərimanbəyov, Cavad Məlik-Yeqanov, Mustafa Mahmudov tərəfindən imzalanmış, 28 may tarixində Tiflis şəhərində, keçmiş Qafqaz canişinin iqamətgahında Həsən bəy Ağayevin sədrliyi ilə keçirilən iclasda qəbul edilmişdir. Altı bənddən ibarət olan Bəyannamə (Əqdnamə və ya Misaqi-milli) Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyini rəsmi olaraq elan edən sənəddir. M.Ə.Rəsulzadə bu barədə yazırdı: “28 mayis 1918 Bəyannaməsini nəşr etməklə Azərbaycan Şurayi – Millisi, sözün siyasi mənası ilə, bir Azərbaycan millətinin varlığını təsbit etmişdir. Beyləki, Azərbaycan kəlməsi sadə coğrafi, etnoqrafi və linqvistik bir kəlmə olmaqdan çıxaraq siyasi bir aləm olmuşdur”.

Cumhuriyyət xadimləri

Cumhuriyyət xadimləri

 

M.Ə.Rəsulzadə 1918-ci il noyabrın 16-da Azərbaycan Milli Şurasının fəaliyyəti bərpa olunduqdan sonra onun sədri kimi Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin formalaşdırılmasında mühüm rol oynamışdır. Parlamentin təntənəli açılışında (1918, 7 dekabr) M.Ə.Rəsulzadə parlaq nitq söyləmiş və sonra gənc Cümhuriyyətin dövlət quruluşu, daxili və xarici siyasətinin əsas prinsipləri barədə bəyannamə ilə çıxış etmişdir. Onun “…müstəqil Azərbaycanı təmsil edən o üç boyalı bayrağı Şurayi-Milli qaldırmış, türk hürriyyəti, İslam mədəniyyəti və müasir Avropa iqtidarı-əhrarnəsini təmsil edən bu üç boyalı bayraq daima başlarımızın üstündə ehtizaz edəcəkdir. Bir dəfə qaldırılmış bayraq bir daha enməyəcəkdir” sözləri Parlament üzvlərinin ayaq üstə sürəkli alqışları ilə qarşılanmışdı.

Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti 1918-ci il mayın 28-dən iyunun 16-dək Tiflisdə, iyunun 16-dan sentyabrın 17-dək Gəncədə, sentyabrın 17-dən 1920-ci il aprelin 28-dək Bakıda fəaliyyət göstərmişdir.

Azərbaycan Xalq Cümhuriyyəti Paris sülh konfransının 1920-ci il 11 yanvar tarixli qərarına əsasən müstəqil dövlət kimi tanınmış, dünyanın bir çox ölkələri ilə (Türkiyə, İran, Ukrayna, Böyük Britaniya, ABŞ, Fransa, İtaliya, Polşa, İsveç, İsveçrə, Latviya, Litva, Estoniya, Finlandiya, Rumıniya, Almaniya, Gürcüstan və d.) səfirlik və nümayəndəliklər səviyyəsində diplomatik münasibətlər yaratmış, ikitərəfli və çoxtərəfli müqavilələr, sazişlər bağlamışdır.

Paris Sülh konfransında Azərbaycan nümayəndə heyəti

Paris Sülh konfransında Azərbaycan nümayəndə heyəti

Azərbaycan öz dövlət müstəqilliyini bərpa edəndən (1991) sonra Azərbaycan Respublikasının prezidentinin fərmanı ilə (1992) 28 may – Respublika günü elan edilərək, hər il dövlət və ümumxalq bayramı kimi təntənəli şəkildə qeyd olunur. 16 may 2017-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında sərəncam imzalamışdır.

Azərbaycan Tarix Qurumu İctimai Birliyi 28 may Respublika günü və Azərbaycan Xalq Cümhuriyətinin yaranmasının 100 illiyi münasibəti ilə Azərbaycan xalqını ürəkdən təbrik edir, tezliklə işğal altında olan torpaqlarımızın azad olunmasını, xalqımızın hər zaman azad və firavan yaşamasını arzu edir.

Müstəqilliyimiz daimi və əbədi olsun!!!

 

Azərbaycan Tarix Qurumu İctimai Birliyi

 

Şərh yaz